Vaxt.Az

İpoteka ilə «sovrulanlar»


 

40 milyon manatla evsizləri sevindirmək olacaqmı?

İpoteka ilə «sovrulanlar» Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 40 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Gələn il ipotekaya ayrılması planlaşdırılan vəsaitin həcmi 2013-cü ildəkinə bərabərdir. Amma ekspertlər qeyd olunan məbləğin evsizlik probleminin aradan qalxmasına kömək edəcəyini düşünmürlər.
Mənzil bazarını araşdıran ekspertlər il hər il evsizlər ordusuna təxminən 20 min yeni ailənin qoşulduğunu bildirir. Hesablamalara görə, hazırda Azərbaycanda 700 minə yaxın ailənin evi yoxdur. Ölkə üzrə 1,9 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, təxminən 37 faizə bərabər evsizlər göstəricisi yetərincə yüksək görünür. 
İmkansızların evlə təminatı üçün tətbiq edilən dövlət ipoteka proqramının bu məsələyə elə də təsiri olmur. İl ərzində ipoteka proqramı çərçivəsində 2-2,5 min mənzil satılır ki, bu da hər il on minlərlə artan ehtiyacı qarşılamır. Dövlət büdcəsindən bu istiqamətdə verilən və illik dərəcəsi 4 faizə bərabər sosial ipoteka üçün ayrılmış vəsaitlər banklara çatan kimi dərhal istifadə edilir. Yəni ilin başa çatmasına hələ 3 ay qalmasına baxmayaraq, bu il sosial ipoteka üçün nəzərdə tutulmuş 40 milyon manat vəsait artıq xərclənib. 
Hökumət nəyə ehtiyat edir?
"M.B.A. Consaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, sosial ipoteka kreditini stimullaşdırmaq məqsədilə ilkin ödənişin ləğvi vacibdir: "Bundan başqa, sahibkarlıq subyektlərinə verilən kreditlərdə olduğu kimi, ipoteka kreditlərinin faiz dərəcəsi aşağı salınmalıdır. Eyni zamanda, hökumət bazarı canlandırmaq üçün sosial ipoteka prosesinə ilkin mənzil bazarını cəlb etməlidir. Təbii ki, bu məqsədlə yeni tikililərin sənədləşdirilməsi prosesinə start verilməlidir. Digər tərəfdən, ümumiyyətlə, ipoteka kreditləşməsinə ayrılan minimum məbləğ də ləğv olunmalıdır".
Həmsöhbətimiz onu da bildirir ki, ilkin ödənişin ləğv olunacağı təqdirdə, sosial ipotekadan yararlananların sayı nəzərəçarpacaq dərəcədə artacaq: "Çünki bu gün xeyli gənc ailə var ki, ilkin ödəniş səbəbindən ipotekadan faydalana bilmir. Nəticədə onlar uzun illər kirayələrdə yaşamağa məcbur olurlar. Buna görə də ipoteka şərtlərinin sadələşdirilməsi və bazar tələblərinə uyğunlaşdırılması vacibdir".
Ekspert deyir ki, ipoteka vəsaitlərinin bazara güclü təsiri var və qiymətləri artırır. Məsələn, iyul ayında bazara girən 20 milyon manat sosial ipoteka vəsaiti Bakıda 1 kvadratmetrin orta qiymətini 870 manatdan 884 manata qədər qaldırıb. Görünür, məhz buna görədir ki, hökumət ipoteka vəsaitlərindən çox ehtiyatla istifadə edir, tələbin təklifi üstələməməsi üçün bazara az vəsait buraxır. 
Amma göründüyü kimi, bu məsələnin həll yolu deyil və evsizlik problemini daha da dərinləşdirir. Mənzillərin satışı üçün 15 faiz məbləğində ilkin ödənişin tələb edilməsini də ipotekanın əngəlləyən problemlərdən olduğunu deyən Nüsrət İbrahimovun fikrincə, ipoteka kreditinin özünün alınması da uzun sürən və "bahalı" prosesdir: "İpoteka krediti almaq üçün 20-yə kimi sənəd tələb olunur. Bu sənədləri almağın özü 5 min manata qədər xərc aparır, təbii ki, evi olmayanlarda bu qədər pul və hövsələ olmur. Ona görə də bu proses də həll edilməli və sənədləşmədə "vahid pəncərə" sistemi tətbiq edilməlidir".
İlkin ödəniş ləğv oluna bilər
Bu arada qeyd edək ki, sosial ipoteka ilə bağlı yeni qanun layihəsi üzərində işlər davam edir. Yeni layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilsə də, hələ gündəliyə salınmadığı deyilir. Yeni təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanına sahib gənclərin də daxil ediləcəyi ehtimal olunur. Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. 
Bu günədək sosial ipotekanın effektivliyinin artırılması üçün bir sıra işlər görüldüyünü deyən millət vəkili Musa Quliyev dövlət büdcəsindən 2013-cü il üçün sosial ipotekaya ayrılan məbləğin iki dəfə artırılaraq 40 milyon manata çatdırıldığını vurğuladı: "Həmçinin, ölkə başçısının fərmanı ilə sosial ipoteka krediti üçün ayrılan maksimum məbləğ 35 min manatdan 50 min manata qaldırılıb. Hesab edirəm ki, digər təkliflər də nəzərə alınacaq və qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq".
Sosial ipoteka krediti 30 il müddətinə, illik 4 faizlə verilir. Kreditin maksimal həcmi bu ilin yanvarında edilən dəyişikliyə görə 50 min manat olub. Bu dəyişikliyə qədər bu rəqəm 35 min manat idi. İlkin ödəniş 15 faiz təşkil edir. 
Faiz dərəcələri 2-yə endirilsin
Millət vəkili Əli Məsimli indiki şərtlərlə verilən ipoteka kreditlərinin orta statistik azərbaycanlı üçün əlçatan olmadığını düşünür: "Ona görə də, hökumət ipoteka sistemində, xüsusən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Hesab edirəm ki, adi ipoteka üzrə faiz dərəcəsini 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilməli, ilkin ödəniş sahəsində problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılmalı, ipoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşdırılmamalı, rayonlarda yaşayanlar da ipotekadan yararlana bilməlidirlər".
Əli Məsimlinin sözlərinə görə, hazırkı ipoteka mexanizmi şəraitində orta statistik azərbaycanlı müəllim, həkim, elm, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalana bilmir. Ona görə də dövlətin birotaqlı mənzillərlə yanaşı ucuz başa gələn 2-3 otaqlı mənzillərin tikilməsini təşkil etsə və vətəndaşlara ayda 60-80 manat pul ödəməklə təqdim eləsə evsizlik problemi azalar.
 





11.10.2013    çap et  çap et