Bir də ölüm rəqsi var. İblisin od saçan vəhşi baxışları önündə, bəlkə də, onun acığına, düz ölümün gözlərinə baxa-baxa, çarəsiz çırpınan kəpənək kimi süzürsən, musiqisiz-filansız. İblis dişlərini qıcıyıb gözləyir ki, rəqs bitsin: «Faydası yoxdur, əvvəl-axır mənimsən!» Amma oynayan adam üçün bu rəqs bəlkə də, taleyin son fürsətidir, ömrünə ayrılmış vaxtı uzatmaq üçün bəhanədir. Ona görə də elə hey oynayır... Bədəninin bütün məsamələri hərəkət edir, ruhu başına fırlanır.
...Heç kim əl çalmırdı, heç çəpik vurmağa da taqətləri yox idi. Bu soyuq, yarıqaranlıq zindanda kimin haqqı vardı ki, cınqırını çıxarsın? Nəzarətçilər duyuq düşməsin deyə, pıçıltı ilə danışırdılar. Məhbus Xədicə isə gözlərini yumub, ortalıqda süzürdü. Bu ölüm rəqsinə etinasız baxanlar da vardı, göz yaşı axıdanlar da. Hərə öz gününə ağlayırdı. İndi çöhrəsi solmuş, cavan ikən qocalmış, «Vətən xaini» damğası vurulmuş, qəm-qüssədən beli bükülmüş, əyninə nömrələnmiş qara sırıqlı geymiş bu qadın məhbuslar bir müddət əvvəl evlərin yaraşığı, ərlərin sevimlisi, gül balaların anası, Azərbaycanın adlı-sanlı şəcərələrinin davamçıları idilər. İndi zaman və məkrli İblis bu günahsız qadınları bir damın altına toplamışdı.
...1938-ci ilin yağışlı payız axşamı NKVD zindanının soyuq döşəməsində ölüm rəqsi ilə sanki quş kimi havada süzən Xədicə Qayıbova da məhkumluq həyatı yaşayan 30 adlı-sanlı qadından biri idi. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu və bu alətdə ilk muğam ifaçısı kimi tanınırdı. 1893-cü il mayın 24-də Tiflisin məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də övladını Müqəddəs Nina qızlar məktəbində oxutmuşdu. Xədicə ilk musiqi təhsilini burada almış, musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənmişdi. Bir müddət Tiflisdəki tatar məktəbində dərs deyəndən sonra 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçmüşdü.
Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr aparırdı. Onun təşəbbüsü ilə 1920-ci ildə qadın musiqi müəllimləri hazırlamaq üçün «Qısamüddətli Şərq musiqisi kursları» açıldı, uşaq xoru yaradıldı. Xədicə xanım həm də Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı idi. O, bir müddət Azərbaycan Maarif Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbərlik etmiş, həmin dövrdə qadınlar üçün Musiqili Dram Teatrının açılmasına nail olmuşdu. Xədicə Qayıbova 1934-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edirdi. 1938-ci ildə isə əvvəlcə Xədicə xanımın həyat yoldaşını əks inqilabçı və millətçi ittihamı ilə həbs etdilər, sonra da növbə özünə çatdı.
...Xədicə qəfildən dayandı. Sanki nəyi isə xatırlayırmış kimi bir müddət məhbəsin ortasında səssizcə donub-qaldı. Sonra ağır addımlarla gedib çarpayıda oturdu. Çox dalğın görünürdü. Məhbus yoldaşı, «xalq düşməni»nin arvadı kimi tutulmuş S.M.Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyevaya qısıldı.
- Zivər, barmaqlarım donur...
Zivər xanım onun əllərini ovcuna aldı, ovuşdurdu. Xədicə elə bil yuxuda idi, ayıla bilmirdi. Bayaq onu müstəntiqin yanına aparmışdılar. Qayıdanda çox bədbin görünürdü, zindana girən kimi də rəqs etməyə başlamışdı...
... -Vətəndaş Qayıbova, sizin və ərinizin dövlət əleyhinə apardığı təbliğatdan, pozucu əməllərdən xəbərimiz var. İmtina etməyinizin mənası yoxdur. İfadə verin, məsələ bitsin. Özünüzü də, bizi də incitməyin!
Azərbaycan Daxili Işlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyan bu sözləri deyə-deyə qadının gözlərinin içinə baxırdı. Erməni müstəntiqin üz-gözündən qəzəb yağırdı.
- Mənim, həyat yoldaşımın heç bir günahı yoxdur, dövlət əleyhinə heç bir pis iş tutmamışıq...
- Doğrudan? Sizcə, biz dəli olmuşuq? Görün bu qovluqda nələr var! Oxuyanda adamın tükləri biz-biz olur.
- Bizi nahaqdan tutublar. Mən musiqiçiyəm, piano müəllimiyəm, Vətən xaini deyiləm.
Erməni müstəntiq od püskürdü:
- Bu dəqiqə sənin o piano çalan barmaqlarını sındıraram, bəlkə, ağlın başına gəldi! Pianoçuya bax! Müsavatçı Mustafa Vəkilovu evində gizlətmisən, sonra da Türkiyəyə qaçmasına şərait yaratmısan. Bəs 1924-cü il necə, yadındadır? Türk ordusunun zabiti Sultan Hüseynzadəni də evində gizlədib İrana yola salmısan. İndi o, alman və yapon kəşfiyyatına xidmət edir. Deməli, sən də casussan, onlarla əlbirsən! – Tevosyan yumruğunu masaya vurdu. – Birdir, ikidir bəyəm, hansını deyim?
Xədicənin baxışları qalın qovluğa zillənmişdi.
- Məni bundan əvvəl iki dəfə tutublar. Günahsız olduğum üçün azad ediblər...
Müstəntiq onun sözünü kəsdi:
- Mən o maymaqlardan deyiləm. Sən hələ Tevosovu yaxşı tanımırsan!
...Zivər xanım hələ də Xədicənin barmaqlarını ovuşdururdu.
- Zivər, düşünəndə ki, bu barmaqlar bir də pianonun dillərinə toxunmayacaq, dəli oluram.
- Darıxma, Xədicə, hələ uşaqların toyunda o qədər çalıb oxuyacağıq ki!
Xədicənin gözləri doldu. Amma ağlaya bilmirdi. Mərd qadın idi, həyatda heç nə onu sındıra bilməzdi.
- Uşaqlardan nigaranam. Görəsən, salamatdırlar? Bu qansızlardan nə desən gözləmək olar...
O, Zivər xanıma bir az da qısıldı. Çünki ölüm kabusunun meydan suladığı bu qaranlıq məhbəsdə onun Zivər xanımdan savayı, heç bir dayağı yox idi...
Soyuq, yarıqaranlıq, ölüm kabusu dolaşan darısqal otağın divarı qan susayıb. Bu divarlar minlərlə ölüm hökmünə, bir güllə ilə xoşbəxt həyatını və şirin arzularını itirən insanların son anına şahidlik edib, zavallı, günahsız adamların ah-naləsinə, göz yaşına, hıçqırığına dözməyib, qaralıb, bozarıb, qocalıb, heç rəngi də bilinmir.
1938-ci il, 19 oktyabr axşamı. Tavandan asılmış yeganə elektrik lampasından süzülən zəif işığın altında dayanmış hərbi geyimli üç adam üçün otağın ölçülərinin, divarın rənginin və küncə sıxılmış məhbusun kimliyinin fərqi yoxdur. Görünür, bu işə çoxdan alışıblar. Qısa boylu, dolu bədənli, eynəkli hərbçi gözünü kağızdan - tribunalın qərarından çəkmir, sürətlə, birnəfəsə, nöqtəsiz-vergülsüz oxuyur. Çalışır ki, canını bu zəhlətökən mətndən tezliklə qurtarsın. Yanında dayanmış cılız, hündürboy, gözündən məkr, çöhrəsindən hiyləgərlik yağan adamı isə qadın yaxşı tanıyır. Bu, hətta soyadı belə məhbusları qorxuya salan, günahsız adamlara işgəncə verməkdə ad çıxarmış cəllad - Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyandır. Hökm səsləndikcə, başını tərpədib gözlərini qıyır, otağın qaranlıq küncündəki qadının üzünə baxmağa çalışır.
«Üçüncü adam, yəqin cəlladdır, ölüm hökmünü yerinə yetirəcək» – Xədicə özlüyündə belə düşündü. Otaqda yalnız onun gördüyü dördüncü varlıq da dolaşırdı. Bu, İblis idi, səbirsizliklə məsələnin bitməsini gözləyirdi, vücudu od püskürürdü, hərdən də müdhiş qəhqəhələriylə qaranlıqda qeyb olurdu.
Onsuz da Xədicə heç nə eşitmirdi. «Bu erməni axır ki, dediyini elədi, yalana, böhtana elə don geyindirdi ki, eşidən dəhşətə gələr. Vətən xaini, casus, millətçi, əks-inqilabi fəaliyyət, daha nə bilim, nələr...» Xədicə ömrünün son dəqiqələrində bu sözləri eşitməmək üçün gözlərini yumub ürəyində piano üçün işlədiyi muğamlardan birini səsləndirməyə başladı. Əlləri qandallı idi, amma soyuqdan donmuş nazik barmaqlarını yavaşca tərpədirdi, sanki pianonun dilləri üstündə gəzdirirdi. Musiqinin ruhu onu alıb uzaqlara apardı...
«Çıxış edir, Azərbaycanın ilk qadın pianoçusu, istedadlı musiqiçi və pedaqoq, ictimai xadim Xədicə Qayıbova!»
Aparıcının cingiltili səsi Filarmoniyanın zalında əks-səda verdi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının növbəti ildönümü münasibəti ilə təntənəli tədbirdən sonra konsert verilirdi. Zalda respublikanın partiya və hökumət rəhbərləri, adlı-sanlı elm və incəsənət xadimləri əyləşmişdilər.
Xədicə xanım həyəcandan titrəyən zərif barmaqlarını pianonun dillərinə toxundurdu, Muğam kompozisiyası çaldı. Bu, qəlbindən süzülən sirli bir melodiya idi... Xədicə bir də onda ayıldı ki, salonu gurultulu alqış sədaları bürüyüb. Dəfələrlə təzim etdi, həyəcandan ayaqları dolaşa-dolaşa səhnə arxasına keçdi.
Qrim otağının qapısı döyüləndə Xədicə hələ konsert libasını dəyişməmişdi. Gələn filarmoniyanın inzibatçısı idi. Əlində böyük çiçək dəstəsi vardı.
- Xədicə xanım, bu, məxsusi sizin üçündür. Göndərən şəxs dedi ki, onu tanımırsınız. Söylədi ki, çiçəklərin arasında sizə çatacaq məktub var. Xahiş elədi, oxuyasınız...
Xədicə çiçək dəstəsini məmnunluqla qəbul etdi. Düşündü ki, yəqin pərəstişkarlardan biri göndərib. Güllər həqiqətən gözəl idi – tər qızılgüllər sanki indi dərilmişdi.
- Bəs adını söyləmədi?
- Xeyr, gülləri verib getdi.
- Qəribədir, niyə adını gizlədib? Gərək soruşaydınız. Heç olmasa, diqqətinə görə təşəkkürümü bildirərdim...
- Orta yaşlı adam idi, eynəkli. Amma əvvəllər onu konsertlərdə heç görməmişəm...Yaxşı, mən gedim...
Xədicə gülləri masanın üstünə qoydu, güldanı götürüb su ilə doldurmaq istədi. Birdən gözünə məktub sataşdı. Tələsik zərfi açdı. Təmiz və səliqəli xətlə yazılmışdı. Görünür, müəllif onu konsertdə yox, əvvəlcədən hazırlamış, sonra da çiçək dəstəsinin arasında gizlətmişdi.
«Əziz Xədicə xanım. Gözəlliyinizə və sənətinizə vurğunam. Amma özümlə bacara bilmirəm. Sizə qarşı hisslərim elə güclüdür ki, dəli olmaq dərəcəsinə çatmışam.
Sizinlə daha yaxın münasibətdə olmaq, füsunkar gözəlliyinizdən, ilahi çöhrənizdən hər an zövq almaq, saçlarınızı sevə-sevə oxşamaq istəyirəm. Əgər görüşümüzə razılıq versəniz, gələn konsertdə də sizə çiçək və məktub göndərəcəyəm...»
Xədicə məktubu bir kənara tulladı. Əhvalı pozuldu. İndicə səhnədən böyük sevinclə ayrılmışdı, uğurlu çıxışından ürəyi fərəhlə döyünürdü. Hər şey bir göz qırpımında yox oldu. Düşündü: «Məktubu kim göndərib? Hansı haqla, hansı cəsarətlə mənə belə sözlər yazıb? Bəlkə təxribatdır? Mənə ləkə yaxmaq, yüngül əxlaqlı qadın damğası vurmaq istəyirlər?» Xədicə bu suallara cavab axtara-axtara son vaxtlar həyatında baş verən hadisələri xatırladı. Hər şey heç də hamar getmirdi.
Xədicə hiss edirdi ki, özünün və ailəsinin hər addımına göz qoyurlar. Şübhələr tezliklə özünü doğrultdu. Həyat yoldaşını yalan ittihamlarla həbs etdilər, özünü də iki dəfə gəlib evdən apardılar, bir neçə gün həbsxanada saxlayıb buraxdılar. Xədicə bütün bu bəlaların hardan gəldiyini yaxşı başa düşürdü: gözəgəlimli, yaraşıqlı qadın idi, şəhərdə onun haqqında cürbəcür xoşagəlməz söz-söhbətlər dolaşırdı. Bu şayiələri kim və hansı məqsədlə yayırdı? Bəli, onun uğurlarına qibtə ilə yanaşanlar, ailəsinə paxıllıq edənlər çox idi. Amma yaxın çevrəsi onun necə namuslu və ailəsinə sadiq bir qadın olduğunu yaxşı bilirdi. Nəhayət, üçüncü dəfə zindana atılanda başa düşdü ki, sonu yaxınlaşıb.
...Tevosyan dindirmə zamanı onu çək-çevirə salmaq, ən yaxın çevrəsindəki adamlar barədə şərə imza atdırmağa çalışırdı. Xədicə isə sözünün üstündə möhkəm dayanmışdı, əyilmək, satılmaq fikri yox idi. Bu dəfə dözməyib müstəntiqin üstünə bağırdı:
- Mən İblislə müqavilə bağlamıram!
...Nəhayət, hökmün oxunuşu bitdi. Kağızı oxuyan hərbçi rahat nəfəs alıb cib dəsmalı ilə üz-gözünün tərini sildi. Tevosyan zəfər çalmış sərkərdə kimi ucadan dedi:
- Məhkim Qayıbova! Hökmə əsasən, son sözdən məhrum olunursunuz!
Xədicə ora-bura vurnuxub qəhqəhə çəkən, onu ölüm girdabına dartan adam cildinə girmiş bu İblislərin məkrli niyyətinin qarşısında əyilmədi, sınmadı. Cəllad tapançanın tətiyini çəkəndə yalnız bunu təkrarlamağa macal tapdı:
- Mən İblislə müqavilə bağlamaram!