Vaxt.Az

Sevgi niyə hələ uğurlu nikah deyildir?


 

«Evlilik iki biznes partnyorunun münasibətlərini xatırladır»

Sevgi niyə hələ uğurlu nikah deyildir? «The İndependent» yazır ki, evlənənlərin əksəriyyəti özlərinə belə bir sual verirlər: Görəsən seçimləri düzgündürmü? Bu sualı evlənəndən sonra verənlər də az deyil.

Bütün həyatını bir nəfərlə keçirmək qərarı asan qəbul olunmur və hamı arzu edir ki, bu məsələdə səhvə yol verməsin.

Lakin nikahların 42 faizinin boşanma ilə nəticələndiyini nəzərə alsaq, deməliyik ki, adamların əksəriyyəti ən mühüm qərarın qəbulunda səhvə yol verirlər.

«The İndependent» yazır ki, həmin adamlar maarifləndirmə məqsədilə Reddit saytında müzakirələr aparır və evlənmək qərarı verərkən buraxılan əsas səhvlərdən söz açırlar.

Bu müzakirələrdən çıxan nəticəyə görə ən böyük səhv «sevgi və yalnız sevgiyə görə» evlənməkdir.

Məhəbbət hər şeyi həll edir desək də, nikah hər şeydən əvvəl biznesdir.

«Evliliyin 90 faizi heç də kef deyil. Bu, işləri, maliyyələri əlaqələndirmək, uşaqların qayğısını çəkmək, işləməkdir. Evlilik iki sevgili arasında olan münasibətdən daha çox, iki biznes partnyorunun münasibətlərini xatırladır» - deyilir bir qeyddə.

İkinci böyük səhv tanışlıq anketində bütün qrafalara quş qoyan adamı seçməkdir. Adamlar anketdə «ən uyğun» əvəzinə, «ən gözəl, ən ağıllı və ya ən istedadlı» yazırlar.

Başqa bir istifadəçi yazır: «Şəxslə yox, peşə ilə - yəni vəkil, həkim, pilot, sahibkar və sairlə evlənmək lazımdır».

Bizə çoxdan bəri belə bir «hikmət» məlumdur ki, guya əksliklər bir-birini cəlb edir. Yəni evlənənlərin xasiyyətlərində nə qədər çox fərq olsa, ailə bir o qədər möhkəm olar.

«Bu tamamilə yanlış yanaşmadır» deyilir məqalədə.

«Bəzi əksliklər bir yerdə tuta bilər, amma ən möhkəm nikahlar xasiyyətləri mümkün qədər oxşar insanlar arasında bağlanır» - yazır başqa bir qadın istifadəçi.

Bir böyük yanlışlıq da budur ki, biz həyat yoldaşımızın xasiyyətini sonradan dəyişəcəyimizə inanırıq.

«Mən eşitmişəm ki, kişilər evlənərkən seçdikləri qadınların dəyişməz qalacağına inanırlarsa, qadınlar da kişilərə ərə gedərkən onların xasiyyətlərini dəyişəcəklərinə inanırlar. Bu ağılla evlənmə fəlakətə gedən yoldur» - yazır başqa bir istifadəçi.

«The İndependent» sonda yazır ki, sevgini lap bu qədər də hörmətsiz eləmək olmaz və bir istifadəçi elə bu fikri formulə edib: «Ürəyinizin çağırışı ilə hərəkət edin, amma əmin olun ki, beyniniz də işləyir».

 





22.11.2016    çap et  çap et