Donald Tramp, prezidentliyinin ilk günlərində ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxmaq proseduruna başlamaq niyyətindədir.
Yeni seçilmiş prezident, enerji qaynaqlarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib. O, kiber hücumlara qarşı geniş müdafiə tədbirlərini nəzərdə tutan planın hazırlanacağını, eləcə də ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini deyib. Miqrasiya məsələlərinə gəlincə, Ağ evin yeni rəhbəri miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem yaradılacağını açıqlayıb.
Qeyd edək ki, Donald Tramp gələn il yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq. Dünya ictimaiyyəti onun seçkiöncəsi verdiyi açıqlamaların nə dərəcədə həyata keçiriləcəyini maraqla izləyir.