Vaxt.Az

30 faiz qadın fiziki-cinsi zorakılığa məruz qalır


 

Narıncı rəng qadın hüquqlarının mübarizəsində həmrəylik rəmzi oldu

30 faiz qadın fiziki-cinsi zorakılığa məruz qalır Hər il noyabrın 25-də Qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Mübarizə Günü qeyd edilir. Bu münasibətlə BMT-nin Nyu-Yorkdakı qərargahında tədbir keçirilib. BMT-nin Baş katibi Pan Gi Mun tədbir iştirakçıları qarşısında çıxış edərək qadınlara və qızlara münasibətdə törədilən cinayətlərə görə cəzasızlığa son qoymağa və onların müdafiəsi ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün daha çox vəsait ayırmağa çağırıb.

BMT-nin məlumatına görə, hazırda dünyada orta hesabla hər üç qadından biri  bu və ya digər formada fiziki və ya seksual zorakılıqla - seksual təhqir, evdə döyülmə və işdə sataşma halları ilə üzləşir.

Pan Gi Mun deyib: «Söhbət «olum ya ölüm» məsələsindən gedir. Bəzi ölkələrdə qadınların 70 faizə qədəri bildirir ki, seksual tərəfdaşları onlara qarşı fiziki və ya seksual zorakılıq tətbiq ediblər. Bir sıra ölkələrdə qadınların qətlə yetirilməsi hallarının 40 faizdən 70 faizə qədəri onların seksual tərəfdaşlarının əməlləri olur».

Baş katib xatırladıb ki, keçən il Qadınlara münasibətdə zorakılığa qarşı Ümumdünya Mübarizə Günü münasibətilə bu mübarizəyə yönəlmiş «Narıncı kampaniya» başlanıb.

Bu problem barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə «Qadınlara münasibətdə zorakılığa birlikdə son qoyaq» kampaniyası hər ayın 25-ci gününü «Narıncı Gün» elan edib.

Pan Gi Mun deyib: «Mən Narıncı Günə həsr edilmiş tədbirdə Baş katib kimi axırıncı dəfə iştirak edirəm. Qadınlara və qızlara münasibətdə zorakılığa qarşı on il ərzində aparılmış qlobal mübarizəyə verdiyiniz töhfəyə görə sizin hamınıza təşəkkür etmək istəyirəm. Mən bu mübarizəni Koreyada davam etdirməyə çalışacağam...»

Narıncı rəng qadınların hüquqları uğrunda mübarizədə onlarla həmrəylik rəmzinə çevrilib. 

 





22.11.2016    çap et  çap et