«Mədəniyyət sahəsinin inkişafı naminə yaxın gələcəkdə Zəncan vilayətində «Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi» təsis ediləcək». Bu, incəsənət xadimləri və elmi araşdırmaçıların fəaliyyəti üçün yaxşı zəmin yaradacaq. Onlar azəri bölgələrində ədəbiyyat, incəsənət və mədəniyyət sahələrini daha yaxşı araşdıraraq bu istiqamətdə inkişafa yeni təkan verəcəklər»- deyə Nasir Müqəddəm qeyd edib.
«Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi»nin «Pərvin Etisami Evi»ndə təsis ediləcəyini qeyd edən N.Müqəddəm, Mərkəzin bundan öncə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində fəaliyyətə başladığını diqqətə çatdırıb.
Zəncan Vilayəti İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi əlavə edib ki, hər 4 vilayətdə tanınmış bir Evin yeni yaradılmış Mərkəzin ofisi kimi təyin edilməsinə qərar verilib.
Qeyd edək ki, «Türk Dili və Ədəbiyyatı Mədəniyyət Mərkəzi»nin yaradılması prezident Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmi Azərbaycan türk millətinə verdiyi vədlərdən biri olub. Lakin H.Ruhani prezident seçildikdən sonra verdiyi vədləri unudub və Güney Azərbaycanda türk dili və ədəbiyyatı ilə bağlı heç bir dəyişiklik olmayıb. Sonralar 2015-ci il mayın 20-də prezidentin Şərqi Azərbaycan vilayətinə səfəri zamanı Təbrizdə «Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi» adlı bir ofisin açılışı olub. İranda türk dilinin canlandırılmasına qarşı çıxan qüvvələr, yaradılan mərkəzi, «Türk Dili və Ədəbiyyatı Mədəniyyət Mərkəzi»nin yaradılması kimi qələmə verir və bununla da prezidentin verdiyi vədin yerinə yetirildiyini iddia edirlər. Azərbaycan türk millətinin böyük əksəriyyəti isə yeni yaradılmış Mərkəzin fəaliyyətini türk dilinə xidmət yox, tərsinə onu məhv edib və asimilasyona uğratmaq üçün bir vasitə olduğuna inanır. Bu məsələ hətta bəzi yerli məsulların da kəskin etirazına səbəb olub.