Çərşənbə axşamı Tramp «The New York Times» qəzetinin müxbirləri və redaktorları ilə görüşüb. O, seçki kampaniyası zamanı bu qəzeti qeyri-səmimi və «uğursuz» adlandırsa da, indi bu mətbu orqanını oxuduğunu və hörmət bəslədiyini deyib.
Tramp Hillari Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email serverindən istifadə etməsi və xeyriyyəçi Klinton Fondu ilə əlaqədar yeni təhqiqat aparılmasını planlaşdırmadığına işarə edib.
«Mən Klintonları incitmək istəmirəm. Həqiqətən də istəmirəm. O, bir çox baxımdan böyük əziyyətlər çəkib … seçki kampaniyası çox qəddar idi,» deyə o bildirib.
Tramp Qülləsinin lobbisində müxbirlərlə danışan sabiq Nyu-York meri, Tramp tərəfdarı və mümkün kabinet üzvü Rudi Culiani bu qərarın Amerika siyasətinin ümumi aspektini əks etdirdiyini deyib.
«Amerika siyasətində elə bir ənənə var ki, seçkidə qalib gələndən sonra hər şeyi geridə qoyursan», deyə o bildirib.
Tramp kampaniya zamanı Klintonu «yalançı» adlandırırdı. Onun seçki mitinqlərində kütlələr «onu həbs et» şüarları səsləndirirdi. O, Klintonun işinə baxmaq üçün xüsusi müstəntiq təyin edəcəyinə söz vermişdi və hətta bir debat zamanı Klintonu həbs etməklə hədələmişdi.
Tramp həmçinin «The New York Times» «təmiz havanın həyati əhəmiyyətli olduğunu» və «iqlim dəyişkliyi ilə insan fəaliyyəti» arasında bir əlaqənin» olduğunu düşündüyünü deyib. Və indi o, ABŞ-ı Paris İqlim Dəyişikliyi Razılığından geri çəkmək sözünü geri alır.
Tramp vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq.