Onun sözlərinə görə, Sovet dövründə Əfqanıstan müharibə veteranları Böyük vətən müharibəsi veteranları ilə bərabər tutulurdu.
«Ancaq Azərbaycan müstəqillik qazandıqdan sonra isə veteranlar eyni statusa malik oldu. Hətta 2007-ci ildə prezident, müharibə veteranlarının vəsiqələrinin vahid formada olması barədə sərəncam imzalayıb».
Sədr müavini qeyd edib ki, Əfqanıstan müharibəsi veteranlarının 90 faizi mənzillə və torpaqla təmin olunub.
«Qalan hissəsi isə evlə təmin olunmayıb. Çünki 3-4 otağı olan ailəsinin uçotunda olub və ya xaricdə yaşayıb deyə ev növbəsinə durmayıb. Sonuncu dəfə 2014-cü ilə iki Əfqanıstan müharibəsi əlilinə Xaçmaz və Balakən şəhərlərində ev verilib. 43 nəfər isə maşınla təmin olundu. Yəni dövlət öz diqqətin Əfqanıstan müharibəsi iştirakçılarından uzaq tutmur».
O həmçinin bildirib ki, dövlət tərəfindən müharibə veteranlarına, o cümlədən Əfqanıstan müharibəsi veteranlarına hər ay 50 manat pul verilir.
« Bu qərar isə mərhum prezident Heydər Əliyevin vaxtında qəbul olunub. Həmin pul da ona görə ödənilir ki, müharibə veteranları kommunal xərclərin qarşılaya bilsinlər. Məncə bu kommunal xərclərin ödənilməsinə kifayət edən vəsaitdir».
Əbülfət Hüseynov deyib ki, Əfqanıstan müharibəsində 9000 azərbaycanlı iştirak edib.
«Onların 7500-ü hərbiçi, digərləri isə mülki işçilər olub. Müharibə zamanı 208 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb. 450 nəfər isə əlil olub . Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb. Hazırda isə Əfqanıstan müharibəsində həlak olan şəxslərin ailələrinə 2015-ci ilin yanvarından bəri ayda 200 manat pul verilir».
Əfqanıstan müharibəsi veteranı Məhəddin Rüstəmov deyib ki, müəyyən qanunlar digər müharibə veteranları ilə yanaşı bizə də şamil olunub.
«İndi mənzillərin verilməsi ilə bağlı söhbətlər var. Biz gözləyirik ki, ilk öncə əlillərimizə və şəhid ailələrimizə mənzillər verilsin. Sonra da yəqin ki, müharibə iştirakçılarına da mənzillər verilər. Biz bununla bağlı müəyyən qurumlara müraciət etmişik ki, biraz da sosial yönümlü məsələlərə vaxt ayırsınlar.İllərlə imkansız, şikar, əsəbi veteranlarımız gözləyirlər ki, mənzillərlə təmin olunsunlar».
Müharibə veteranı deyib ki, hazırda Əfqanıstan müharibəsi veteranlarının qayğıya, sayğıya, müalicəyə ehtiyacları var.
«Bu veteranların hamısı dövlətin verdiyi imtiyazların hesabına yaşayır».
Məhəddin Rüstəmov Əfqanıstan müharibəsi veteranlarının təqaüdə çıxan iştirakçılarının pulların kəsildiyini də deyib.
«O, Səlim Müslümovun səhlənkarlığı və atdığı addımlardan biridir. Hələ onu müavinətlə əvəz etməyiblər. Bizim veteranlarımız o sarıdan çox əziyyət və zülm çəkirlər. Biz istəyirik ki, bizə vaxtilə verilən 50 manat kommunal xərcləri pulu bərpa olunsun. İndi millət vəkillərimiz bizə söz veriblər ki, bərpa olunacaq. Amma müzakirəyə çıxarıb, bu məsələyə son qoymurlar. Biz hazırda gözləmə mövqeyində dayanmışıq».
Daha bir Əfqanıstan müharibəsi veteranı Musa Həsənli isə bildirib ki, verilən müavinət bizi heç bir şəkildə qane etmir.
«Bu 50 manat pulla dolana bilmirik. Biz bununla bağlı müəyyən qurumlara da müraciətlər etmişik. Ancaq kommunal xidmətləri ödəməyə bəs edir. Düzdür mən bu dəqiqə xəstəxanadayam və mən pulsuz müayinə olunuram. Daha sonra isə əməliyyat olunacam. Amma veteranlara verilən pula gəldikdə isə bizi qane etmir».