Jurnalist dostlarımdan biri hər iki olaydan xəbər tutan kimi qurumun başbilənlərindən açıqlama istəyib. Hər ikisində cavab eyni olub - «Biz o görüntüləri hələ görməmişik». Gözdən iraq bu kanalların arasında isə ANS nədənsə gözə tez görünürdü. Efirdə tutarlı bir şey tapmayanda keçirdilər dilçiliyə. Ucu-bucağı görünməyən qərəzli mövqe nümayiş etdirən MTRŞ-nın bugünkü gün nə qədər aciz olduğu daha aydın görünür. Asıb-kəsməkdə usta olan qurumun «dəymədüşərlər» üçün sərgilədiyi humanist mövqeləri ya gücsüzlüklərinin, ya da sadəcə, vəzifə hərisliklərinin göstəricisidir. Və yaxud hər ikisinin. Necə deyərlər, qanun qanundursa, onun qarşısında hamı eynidir. Bizdə isə əksidir artıq. Mizan tərəzisi çoxdan pozulub. Həsənağanın qohumları atlarını hara gəldi sürə bilərlər; qırmızı işıqda belə. Cəmiyyətin formalaşması və təşəkkülündə rol alan televiziyaların bu süvarilərlə uçuruma yuvarlanacağı dəqiqdir. Çarə isə hər zaman var. Yetər ki, obyektiv və qərəzsiz olsunlar. Amma ola bilirlərmi? Heyhat... Obyektiv, qərəzsiz, dəqiq bir telekanal əsassız bir ittihamla bağlanırsa, digərlərinin ucuz şousunu görməzdən gəlmək, məncə, normal haldır.
Bilirsiniz, bu mənzərənin fonunda ANS-in yoxluğu hər gün daha çox bilinir. Çünki ANS düzgün xəbər siyasəti ilə ictimai sifarişdə bir balANS yaradır, tamaşaçı ona ən vacib olanını burda tapırdı. Qarabağının sorağını, qayğısını, dərdini, lap elə mərifət-mədəniyyətini də. Amma çifayda. Qanuna tapınmayanlar çıxış yolunu gözə batan ANS-i qapatmaqda tapdılar. Görünən isə bu oldu ki, ANS MTRŞ üçün bir yara imiş. Dözülməz yara...