Vaxt.Az

Uzaq uçuşlar qara ciyər xərçəngi yarada bilər


 

Çəki artımı, qara ciyərin piylənməsi və xronik iltihab...

Uzaq uçuşlar qara ciyər xərçəngi yarada bilər «The Telegraph» yazır ki, yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər.

Təcrübələr zamanı aşkar edilib ki, elmdə cetlaq kimi tanınan xroniki hal qara ciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.

Cetlaq - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.

Alimlər deyirlər ki, bu zaman qara ciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.

Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.

«Cancer Cell» onkologiya jurnalında dərc edilmiş məqalədə deyilir ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.

«Baylor» Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu dövrünü və maddələr mübadiləsini pozur.

Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qara ciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.

Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi.

 





24.11.2016    çap et  çap et