O, həyətində limon, feyxoa, portağal, mandarin, xurma kimi ağaclar yetişdirdiyini söyləyir.
On övladı olan Şənanə xanım Sovet hakimiyyəti dövründə qazancının yaxşı olduğunu desə də, hazırda yetişdirdiyi meyvələri istədiyi qiymətə sata bilmədiyini qeyd edir. Ancaq o, əlavə edir ki, ailəsinin dolanışığı bu sahədəndir.
Vaxtilə meyvəçiliklə qazandığı pulla övladlarına ev-eşik tikdirdiyini də qeyd edən qadın meyvəçilik olmazsa məşğul ola biləcəyi başqa sahənin olmadığını deyir.
Məhsulu bazara çıxarmadığını bildirən Şənanə nənə alıcıların onun həyətinə gəldiyini vurğulayır.
Çörək verən sənət
Maşğan kəndində Şənanə nənədən başqa çox sakin meyvəçiliklə məşğuldur. Onlar məhsulun satışından şikayətlənmirlər.
Cəfər Rzayev yaşadığı kəndi çox gözəl adlandırır. O, sitrus meyvələrini əkməyin sakinlərin yaşayışına çox təsir etdiyini bildirir.
«Hər il bu fəsildə meyvəni dəririk, özümüzü vəziyyətdən çıxarırıq, yaxşı yaşayırıq», - o deyir.
Sitrus meyvələri əkməyin ata-baba peşəsi olduğunu vurğulayan müsahibimiz sakinlərin bu meyvə ağaclarını əsasən həyətyanı ərazilərində becərdiyini qeyd edir.
«Elə həyət var 10 ton məhsul götürür», - deyir Cəfər Rzayev.
O, bu meyvələrin əsasən yerli bazarlarda satıldığını bildirir. Müsahibimiz məhsulun bazara çıxarmağın çətinliyindən danışsa da, alverçilərə topdan satış edə bildiklərini deyir.
Satış qiymətindən narazı olan cənab Rzayev topdan satış zamanı meyvənin kiloqramının 60-70 qəpikdən götürüldüyünü bildirir.
Onun sözlərinə görə, bu qiymət çəkilən əziyyətin qarşılığı olmasa da, başqa peşə ilə məşğul olmağı düşünmür.
«Bu çörəyimizdir» o, peşəsi barədə danışır və qeyd edir ki, «...etməsək işsizlik, bekarçılıq olar».
Məhsuldar kivi
Kənd sakini Həlimə Teymurova isə mandarin ağaclarını kəsib və onun yerinə kivi əkib.
O, bu addımının səbəbini həyətyanı torpaq sahəsinin az olması ilə əlaqələndirir.
Hər il mandarin ağaclarından yığılmış məhsulun kiloqramının az olmasını əsas gətirən sakin kivi ağacının məhsuldar olduğunu qeyd edir.
O, məhsulunu bazara çıxarmaqda problem yaşamadığını deyir və vurğulayır ki, kənddə heç kimin məhsulu satılmadan qalmır.