Vaxt.Az

Zorakılığı daha çox narkomanlar və əyyaşlar törədir


 

Qanunlar qadına qarşı fiziki təzyiqlər barədə nə deyir?

Zorakılığı daha çox narkomanlar və əyyaşlar törədir Bütün dünyada qadınlara qarşı zorakılıq elə miqyas alıb ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) 25 noyabrı rəsmi olaraq «Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü» elan edib. Bu tarix Mirabal bacılarının (Patriya, Minerva və Mariya Tereza) xatirəsinə həsr olunub. Bacıların qətli 1960-cı il noyabrın 25-də Dominikan Respublikasında Rafael Truxilyonun rəhbərliyi ilə törədilib. Mirabal bacıları həm ictimai, həm də feminist hərəkatın simvolu idilər. 2003-cü ildə bu günə həsr olunmuş müraciətində BMT-nin Baş katibi Kofi Annan qeyd edib ki, «qadınlar üzərində zorakılıq hallarının ləğvi uğrunda Beynəlxalq mübarizə günü, gündəlik həyatında zorakılıq halları üzündən əhvalı pozulan yer üzündəki çoxsaylı qadınlar adından fəal hərəkətlərə olan bir çağırışdır». Bu, onu göstərir ki, bütün dünya qadınların fiziki və emosional rahatlığını təmin etmək məqsədilə, qadınlara münasibətdə zorakılığın tamamilə aradan qaldırılması uğrunda mübarizəni davam etdirir.

«Sosial Qayğı və Tədqiqatlar Mərkəzi»nin sədri Gülnar Nəzərova ilə Azərbaycanda dövlət qayğısına ehtiyacı olan, zorakılığa məruz qalmış qadınların hüquqları, onların problemləri, müdafiəsi və reabiltasiyası ilə bağlı həmsöhbət olduq. O bildirir ki, əsrlər boyu cinsi zorakılıq mülkiyyət cinayətləri sırasında yer alıb: «Törədilmiş əməl isə zorakılığa məruz qalanın yox, mülkiyyət sahibinin reaksiyasına görə cinayət kimi qiymətləndirilərdi. Zorlama sözü də öz mənşəyini latın mənşəli «repare» sözündən götürülüb. Onun da mənası "zəbt etmək", "istila etmək"dir. Qadınlara qarşı mübarizə elə bir səviyyəyə gəlib çatmışdır ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq «Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü» elan edib.

Əslində tək 25 noyabr yox, hər gün bu problemlə mübarizə aparılmalıdır. Lakin ən azından bir günün beynəlxalq səviyyədə qeyd olunması zorakılıqla bağlı insanları ciddi düşünməyə, bununla bağlı beynəlxalq səviyyədə tədbirlər həyata keçirməyə vadar edir. Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya 1979-cu ildə qəbul edilib. Bu sənəd BMT-nin insan hüquqlarına dair 7 əsas müqaviləsindən biridir və dünyada «Qadın Hüquqları Konvensiyası» kimi tanınır. Qanun qadın hüquqlarını beynəlxalq hüquq çərçivəsində təmin edən, hökumətlərarası birləşdirici xüsusiyyətə malik olan yeganə «Universal» müqavilədir. Qanunun məqsədi qadınlara istiqamətlənmiş cinsi ayrı-seçkiliyi aradan qaldırmaq, qadının hüquqlarını qorumaq, bərabərliyi yalnız qanun qarşısında deyil, real həyatda da təmin etməkdir».


«Qanunda bu hallar nəzərdə tutulsa da…»


Gülnar Nəzərova bildirdi ki, 2010-cu ildə Azərbaycanda "Məişət Zorakılığının Qarşısının Alınması" haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib: «Qanunun qəbul olunması zorakılıqla mübarizədə müsbət hal olsa da, onun tətbiqində bir çox problemlər özünü göstərmişdir. Qanunda zərərçəkmiş şəxsə qısamüddətli (30 gün) və uzunmüddətli (180 gün) mühafizə orderi nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Qanunda bu hallar nəzərdə tutulsa da, qısamüddətli mühafizə orderi hələ də tətbiq olunmur. Digər problemli məqam da ondan ibarətdir ki, qanun qəbul edilsə də, bu sahədə çalışan müvafiq qurumların əməkdaşlarının bir çoxu Qanundan xəbərdar deyil. Bunu məişət zorakılığı ilə bağlı həyata keçirdiyimiz sosioloji tədqiqatlar da göstərdi. 

Onu da qeyd edək ki, Türkiyədə 2011-ci ildə qadınlara qarşı zorakılıqla mübarizədə "İstanbul Müqaviləsi" qəbul edilib. Beləliklə, "Məişət Zorakılığının Qarşısının Alınması" haqqında Azərbaycan Respublikasının Qanunu "İstanbul Müqaviləsi"dən bir il əvvəl qəbul edilib. Bununla yanaşı sözügedən qanun tək qadınların deyil, məişət zəminində zorakılığa məruz qalan bütün şəxslərin hüquqlarını müdafiə edir. Qadınlara qarşı zorakılıq, başqa sözlə gender əsaslı zorakılıq zorakılığın təzahür forması olmaqla, qadınlara münasibətdə hüquq pozulmalarının bütün növlərinə aiddir. Gender münasibətləri isə qadın və kişi arasında sosial münasibətlərin təzahür formasıdır. Məişət zorakılığına məruz qalan şəxslər əsasən fiziki, iqtisadi və ya status baxımından zəif olan şəxslərdir. Bu baxımdan məişət zorakılığından əsasən qadınlar, uşaqlar və ahıllar zərər çəkir».


«İqtisadi durumu yüksək olan ailələrdə zorakılıq hallarına qismən az rast gəlinir»


Həmsöhbətimiz bildirir ki, məişət zorakılığından ən çox zərərçəkmişlər qadınlardır: «Zorakılığı yaradan əsas səbəblər: sosial-iqtisadi, bioloji və psixoloji səbəblərdir. Yoxsul ailələrdə yoxsulluğun gətirdiyi çətinliklər ailələrdə daha çox sarsıntılar yaşadır. İqtisadi problemlər ailələrdə daha çox zorakılıq hallarının yaranmasına gətirib çıxarır. İqtisadi durumu yüksək olan ailələrdə zorakılıq hallarına qismən az rast gəlinir. Kişilərin ailə başçısı funksiyasını öz üzərinə götürməsi, ailədə hegemonluq etmək iddiası, ailədə qadınlar üzərində nəzarəti və güc tətbiq etmək istəyi nəticədə, ailədə «əsas söz sahibi olan» kişinin qadın üzərində zorakılığına gətirib çıxarır. Bioloji faktorlar, ən əsası da narkomaniya və alkoqolizm zorakılıq hallarının baş verməsində çox ciddi amildir. Belə ki, beynəlxalq araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, narkotik və alkoqol istifadəçilərinin 25 faizi ailə daxilində zorakılıq törədir».


«Qadına pul verməmək də iqtisadi zorakılıqdır»


Gülnar Nəzərovanın sözlərinə görə, qadınlar fiziki, iqtisadi, psixoloji, cinsi və təqib (davranışa nəzarət) formasında zorakılığa məruz qalırlar: «Fiziki hədənin ən sadə formasından başlayaraq cinayətin baş verməsinə qədər olan bütün hallar fiziki zorakılıqdır. Psixoloji zorakılıq emosiyaların və emosional ehtiyacların istismar edilməsi vasitəsilə qarşı tərəfi daim nəzarətdə saxlamaq üçün bir vasitədir. Bura insanın söz və davranışla alçaldılması, ona müəyyən adla müraciət olunması, şəxsin özünü pis hiss etməsinə şərait yaratmaq, onun özünü qiymətləndirməsini aşağı salmaq, aciz və çarəsiz olduğunu demək, günahlandırmaq və s. aiddir. Cinsi zorakılığa evli olduğu şəxs tərəfindən qadının istəyi əleyhinə cinsi münasibətlərə vadar etmə (zorlama), digərləri ilə cinsi əlaqəyə məcburetmə, uşaq dünyaya gətirməyə ya da gətirməməyə, aborta məcburetmə, insestə (qohumlar arası cinsi zorakılıq və zorlama), fahişəliyə məcburetmə, məcburi evləndirmə, telefonla, məktubla ya da sözlə cinsi narahatlıq verən davranışlar etmək kimi hallar daxildir. İqtisadi zorakılığa qadına pul verməmək və ya məhdud şəkildə pul vermək, ailənin ehtiyacları, gəlir və xərcləri barədə məlumat verməmək, qadına aid əmlakı və digər gəlirləri mənimsəmək, istəmədiyi işdə zorla işlətmək, işləyirsə iş həyatına mənfi təsir göstərəcək məhdudiyyətlər yaratmaq, ailəyə aid olan iqtisadi mövzularda fikrini soruşmadan təkbaşına qərar vermək kimi davranışlar aiddir. Təqib geniş anlamada təqib edilən şəxsin narahatlıq və qorxu hissinə səbəb olan hərəkətlərin məcmusunu ifadə edir. Təqibi həyata keçirən şəxsin davranış modelinə təqib edilən şəxsi izləmə, evdə və ya işdə yoxlama məqsədilə qəfil peyda olma, gərəksiz telefon zəngləri, məktublar və ya hədiyyələr, elektron poçt və ya faksla mesajlar, yaxud, təqib edilən şəxsin mülkiyyətinə zərər vermə kimi hallar daxildir». 


Avstriya modeli


«Sosial Qayğı və Tədqiqatlar Mərkəzi»nin sədri bildirir ki, zorakılığa məruz qalan qadınların sosial reabilitasiyası Azərbaycanda qeyri-hökumət təşkilatları səviyyəsində həyata keçirilir: «Dövlət səviyyəsində zorakılığa məruz qalan qadınların Sosial Reabilitasiyası Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Qeyd etməliyik ki, zorakılıq qurbanı olan qadınlar potensial insan alveri qurbanlarıdır. Bu baxımdan zərərçəkmişlərin sosial reabilitasiyası tədbirlərinə hüquqi, psixoloji, tibbi yardımlar, şəxsin sığınacaqla təmin olunması, iqtisadi təminatı məqsədilə məşğulluğunun təmin edilməsi, maddi yardım göstərilməsi, peşə reabilitasiyası aiddir. Sığınacaq ailələri və yaxınları tərəfindən fiziki və psixoloji zorakılıq görmüş şəxslərin müvəqqəti yaşaması və reabilitasiyası üçün ayrılmış müəssisədir. Qadın Sığınacaqları Qlobal Şəbəkəsinin 2010-cu ildə verdiyi məlumata əsasən qadınlar üçün 30 ölkədə 2774 sığınacaq mövcuddur. Bu sığınacaqlar 57754 qadına, 41900 uşağa xidmət göstərir. Avstriya modeli isə ən geniş yayılmış modeldir. Avstriyada sığınacaqlar QHT-lər tərəfindən idarə edilir. Qadınlar sığınacağa qaynar xətt və ya polis vasitəsilə istiqamətləndirilir və sığınacağa hər qadın müraciət edə bilər. Bu proses tək zorakılığa məruz qalan deyil, həm də zorakılıq törədənin də reabilitasiyasını nəzərdə tutur. Bura zorakılıq törədən üçün nəzərdə tutulmuş proqramlar daxildir. Proqram zorakılıq törədənlə bağlı tədbirlərlə yanaşı, qadınların gücləndirilməsi məqsədilə həyata keçirilməli olan tədbirləri də müəyyən edir. Tədbirlər zorakılığın tam qarşısının alınmasına qədər davam etdirilir».

 





24.11.2016    çap et  çap et