Vaxt.Az

Qara çörək haqda qara şübhələr


 

Onun normativə uyğun istehsalında hələ də problemlər yaşanır; alıcılar şikayətçidir, satıcılar isə günahı sexlərdə görür...

Qara çörək haqda qara şübhələr Çörəyin keyfiyyətinin aşağı olması, tərkibinə müxtəlif maddələrin qatılması ilə bağlı məlumatlar tez-tez gündəmə gəlir. Bu ən zəruri ərzaq növünün antisanitariya vəziyyətində bişirilməsi ilə bağlı vəziyyət o həddə çatıb ki, kimi çörəyin içərisindən qurumuş xəmir qırıqları, kimi ip, kimi də sellofan qırıntısı tapır.

Çörəyin keyfiyyəti ilə bağlı narahatlıq doğuran məqamlardan biri də «malın xarab olunca canım xarab olsun» prinsipi ilə yaşayan işbazların satılmamış və artıq qalmış çörəkləri təkrar emal edərək yenidən satışa çıxarmasıdır. Bu kimi hallar isə insan səhhəti üçün ciddi təhlükə mənbəyi sayılır. Tərkibi saxtalaşdırılan çörəkdən uzun müddət istifadə mədə-bağırsaq sistemində ciddi fəsadlar və pozuntular yarada bilir. Zəhərlənmə halları da istisna olunmur. Xüsusən də pəhriz çörəyi adlanan qara çörəyin tez xarab olması və dadı ilə bağlı şikayətlər daha çoxdur.
Bu gün həm pəhriz saxlayanlar, həm də şəkər xəstələri qara çörək almağa daha çox üstünlük verir. Qara çörəyin sağlamlığa daha xeyirli olması haqda fikirlər də ona tələbatı artırıb. Bu çörəklərin tərkibinə kimyəvi maddələr qatıldığı ilə bağlı söz-söhbətlər daha çoxdur. Araşdırmalar sübut edib ki, pəhriz çörəyi kimi tanınan qara çörəyin rəngini tündləşdirmək məqsədi ilə süni kimyəvi maddələrdən istifadə olunur. Ekspertlər isə bildirir ki, qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır.
Qara çörəklərlə bağlı şikayətləri araşdırmaq üçün paytaxtda çörək satışını həyata keçirən bir neçə mağazada olub vəziyyətlə maraqlandıq. Satışda yerli çörəklərlə yanaşı, müxtəlif çeşidli xarici çörəklər də, “Ukrayna çörəyi”, “Çovdar çörəyi”, “Dietik çörək”, “Borodinskiy xleb” kimi müxtəlif çörəklər sellofan torbalarda alıcısını gözləyir.
Qara çörəklərdən isə şikayətlər kifayət qədərdir. Qara çörəyin üzərində həmçinin bu çörəyin üzərinə istehsal olunandan sonra “96 saat saxlamaq olar” yazılır. Ancaq alıcılar deyir ki, bu çörəyi nəinki 96 saat, heç axşama qədər saxlamaq olmur. Pəhriz üçün daim qara çörəkdən istifadə etdiyini deyən Aygün Əhmədova çörəkdə qəribə bir tam olduğunu dedi: “Mən həmişə üzərindəki sellofanda ”baker" adı ilə satılan qara çörəyi alırdım. Çörək axşama qalan kimi sanki turşuyur. Qəribə bir tamı olur, yemək mümkün olmur".
Şəkər xəstəsi olduğu üçün daim qara çörək yediyini deyən Sərraf Hacıyev də bu çörəyin keyfiyyətsizliyindən şikayətləndi: “Bu çörəkləri alanda tarixinə baxıram ki, təzədir. Ancaq gətirib dadına baxıram, sanki turşumuş çiy xəmirdən başqa bir şey yemirəm. İşbazların pul qazanmaq xatirinə çörək yerinə tərkibi bəlli olmayan xəmir yedirməsi düzgün deyil axı. Bunlara bir dur deyən olacaq?!”
Nərimanov rayonunda yerləşən “Toto” marketin satıcısı isə köhnə çörək götürmədiklərini dedi: “Bizim mağazaya çörəklər sexdən təzə-təzə gəlir. Gələn kimi də günün sonuna qədər satılır. Köhnə çörək qalanda geri qaytarırıq”. Satıcıya bu çörəkləri alanların şikayətlərini dedikdə, o bildirdi ki, bizə nə verilirsə, onu satırıq: “Əgər çörək belə pis dadırsa onda problem sexlərdədir”.
Vaxtilə böyük marketlərdən birində çalışdığını deyən Ayan Nəbizadə isə bəzən bu çörəklərin istehsal tarixlərini “asetonla” pozub yeni tarix yazıldığını dedi.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Şöbəsinin müdiri İmran Abdullayevlə məsələ ilə bağlı əlaqə saxladıq. Mərkəzin məmuru isə “biz qara çörək yemirik, ağ çörək yeyirik, vaxtım yoxdur”, - deyərək telefonu üzümüzə qapatdı...

 





31.12.2012    çap et  çap et