Vaxt.Az

Mikayıl Cabbarov yeni müsabiqəyə başlayır


 

Nazir problemlərin həll olunması üçün cəmiyyətdən təkliflər gözləyir

Mikayıl Cabbarov yeni müsabiqəyə başlayır Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi üzrə yeni layihə müsabiqəsinə başlayır. AzNews.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli əmrinə əsasən təşkil olunacaq "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"ndə iştirak üçün layihələrin qəbulu elan edilib.
Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.
Müsabiqənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin tədqiqi və həll edilməsi istiqamətində ictimai təşəbbüsləri dəstəkləmək və qərarların qəbul edilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.
İlkin mərhələdə Təhsil Nazirliyi 2 istiqamət üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutur: təhsil siyasəti üzrə təşəbbüslər və təhsil məsələləri üzrə tədqiqat təşəbbüsləri.
Layihə müsabiqəsi çərçivəsində təhsil sahəsini əhatə edən müxtəlif mövzular üzrə layihə təklifləri təqdim edilə bilər.
Layihələrin icrasının maksimal müddəti 6 aydır. Layihə çərçivəsində planlaşdırılmış fəaliyyət növlərinin həyata keçirilməsi üçün tələb olunan resursların ölçü vahidi, miqdarı, bir vahid üçün tələb olunan maliyyə və büdcə maddəsi üzrə ümumi tələb olunan maliyyə vəsaitlərinin məbləği ətraflı şəkildə göstərilməlidir. Avadanlığın alınması, təmir xərcləri, xaricə səfərlər, layihədən kənar inzibati xərclər və layihə ilə birbaşa əlaqəsi olmayan digər xərclər Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir. Təhsil siyasəti üzrə təqdim edilmiş layihələrin ümumi büdcəsi 5 min manat (ƏDV daxil), tədqiqatlar üzrə təqdim edilmiş layihələrin büdcəsi isə 2 min manatdan (ƏDV daxil) çox olmamalıdır.
Hər bir təşkilat və ya təşəbbüs qrupu müsabiqədə maksimum 2 layihə təklifi ilə iştirak edə bilər. Bu halda təkliflər müxtəlif mövzuları əhatə etməlidir. Layihələr Təhsil Nazirliyi və kənardan cəlb edilmiş ekspertlər tərəfindən qiymətləndiriləcək.
 





14.10.2013    çap et  çap et