Vaxt.Az

Ölənlərin 35-i türkdür


 

44 nəfər həlak olub, 90-a yaxın yaralı var

Ölənlərin 35-i türkdür İranda baş verən 2 sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Bu barədə İranın Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kolivənd jurnalistlərə açıqlamasında məlumat verib.

Pirhüseyn Kolivənd bildirib ki, hadisədə ən azı 80 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib: «Hadisədə ölən 36 nəfərin meyitləri tamamilə yanıb. Bu isə onların kimliyini müəyyənləşdirmək işini çətinləşdirir. Yanmış vaqonlarda axtarışlar davam edir». 

Simnan ostandarı Məhəmmədrza Xəbbaz isə jurnalistlərə bildirib ki, qatarların toqquşması nəticəsində yaralananların sayı 96 nəfərdir: «Hadisə, Məşhəd-Simnan qatarının, texniki nasazlıq ucbatından hərəkətdən dayanan Təbriz-Məşhəd sərnişin qatarına çırpılması nəticəsində baş verib. Olayın səbəbləri araşdırılır».

Noyabrın 25-i sübh saatlarında İranın Simnan əyalətinin Şahrud şəhəri yaxınlığında, Simnan-Damğan yolunda yerləşən «Həftxan» dayanacağında iki sərnişin qatarı toqquşub. Simnan-Məşhəd və Təbriz-Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb, 2 vaqonda isə yanğın baş verib.

 





25.11.2016    çap et  çap et