Vaxt.Az

Ərdoğan oturduğu budağı baltalayır


 

Türkiyənin Qərblə düşmənçiliyi Azərbaycanın və Gürcüstanın maraqlarına təhlükədir

Ərdoğan oturduğu budağı baltalayır Türkiyə çeşidli risklərlə dolu bərbad bir coğrafiyada yerləşən Azərbaycanın Gürcüstan vasitəsilə müasir dünyaya çıxış qapısıdır. Öz növbəsində Gürcüstan üçün də Qərb blokunun bir parçası olan Türkiyə ilə həmsərhəd olmaq bir şans və nəfəslikdir. Rusiyanın Ermənistan və separatçı Abxaziya ilə birləşmiş ordu qruplaşması yaratması (yəqin ki, C.Osetiya ilə də yaradacaq) Gürcüstanın milli təhlükəsizliyinə birbaşa təhdiddir. Rusiya bu yolla faktiki olaraq Gürcüstanı mühasirəyə alır və onun avroatlantik inteqrasiya yolunu, Azərbaycanın isə Avropaya çıxış qapısını kəsməyə çalışır. Bu səbəblə, Gürcüstan və Azərbaycan üçün Türkiyənin önəmi indi əvvəlkindən daha çox artıb. Əslində Rusiyanın Ermənistanda, Krımda, Qara dənizdə militaristləşmə siyasəti Türkiyənin də təhlükəsizlik maraqlarına ziddir və özünə hörmət edən ciddi dövlət bu aqressiv addımlara reaksiya verməlidir.

Çox təəssüf ki, Türkiyənin xarici siyasəti bu gün tamamilə bir adamın gündəlik qərarlarından asılı olduğu üçün dövlətin strateji maraqları həmin şəxsin əhvalına, dostluqlarına və ya düşmənçiliklərinə qurban verilir. Mən gürcü ekspertlərin şərhlərini izləyirəm, Türkiyə-Rusiya münasibətlərindəki yeni istiləşməni ciddi narahatlıqla qarşılayıblar. Halbuki Gürcüstanın NATO-ya inteqrasiyası prosesi, NATO-nun Qara dənizdəki yeni təşəbbüsləri Türkiyənin Gürcüstanda və ümumən bu bölgədə dayaqlarını ciddi şəkildə möhkəmləndirə biləcək gəlişmələrdir. Üstəlik, Gürcüstanda türk əhali faktoru da var ki, bu da Türkiyə üçün əlavə imkanlar yaradır. Türkiyə Qərbin dəstəyi ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq imkanına malikdir. Lakin Ərdoğan ilişdiyi Suriya bataqlığında Putinin lütfünə möhtac qaldığı üçün postsovet məkanında (Ukrayna daxil olmaqla) Rusiyanın maraqlarına zidd addım atmaqdan çəkinir. Nəticədə bir tərəfdən Azərbaycan öz siyasətində Rusiya amilini əvvəlkindən daha çox nəzərə almağa məcbur olur, Gürcüstanda isə Rusiyaya bağlı qüvvələr tədricən güclənir. Ötən həftələrdə Tbilisidə türk kafe-restoranlarına bir qrup millətçi gəncin hücumları, qatı antitürk mövqeli faşistlərin (Vətənpərvərlər İttifaqı) parlamentə düşməsi təsadüf deyil və Rusiya faktoru ilə əlaqəlidir

Yaxşı ki, Türkiyə hökumətində və AKP daxilində hələ başı işləyən adamlar qalıb. Onlar çilçıraq mağazasına girmiş fil kimi hər tərəfi yıxıb keçən Ərdoğanın dağıtdıqlarını toplamağa və onun ölkəni fəlakətə sürükləməsinin qarşısını almağa çalışırlar. Bu şəxslərdən biri baş nazirin müavini, iqtisadiyyata məsul olan Mehmet Şimşəkdir. Digəri hökumət sözçüsü Numan Kurtulmuşdur. Dostların sayını artırmaq şüarı ilə baş nazir vəzifəsini təhvil alan Binəli İldırımın da hazırkı durumdan məmnun olmadığı hiss edilir. Ötən günlərdə Türkiyə Mərkəzi Bankı Ərdoğanın faizləri aşağı salmaq barədə çağırışlarını qulaqardına vuraraq faizləri artırdı. B.İldırım və M.Şimşəkin dəstəyi olmasaydı, MB sarayın ağır basqılarına tab gətirə bilməzdi. Önümüzdəki aylarda istər AKP içərisində, istərsə də Türkiyədə siyasi gərginlik artan xətt üzrə inkişaf edəcək. Ölkə yeni bir sağ-mərkəzçi partiyaya hamilədir. Mən Ərdoğanın diktatura quruculuğunun uğursuzluqla yekunlaşacağına və Türkiyənin dözülməz hala gələn bu ağır yükdən xilas olacağına ümidliyəm. Bu, təkcə Türkiyə üçün yox, bizim üçün də vacibdir.

 





27.11.2016    çap et  çap et