Vaxt.Az

«İldırım» və ya «Qəddar əjdaha»


 

Azərbaycan IV nəsil «JF-17 Thunder» qirıcı təyyarələri üçün danışıqlar aparır

«İldırım» və ya «Qəddar əjdaha» Hərbi aviasiya və Pakistanın Hərbi Hava Qüvvələri üzrə üzrə ixtisaslaşmış jurnalist Alan Varnes Azərbaycanın bu ölkədən JF-17 Thunder qırıcı təyyarələrini almaq üçün danışıqlar apardığını bildirir.

Virtualaz.org xəbər verir ki, bu haqda jurnalistin Tvitter bloquna istnadən hərbi tematika üzrə ixtisaslaşmış Quwa.net portalı yazır. Bildirilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri habelə JF-17 Thunder qırıcılarının pilotları üçün əsas trenajor olan MFİ-393 Super Mushshak-ı da almağa maraq göstərir.

Məlumata əsasən Azərbaycan və Pakistan hazırda ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi üzərində işləyirlər. Bu ilin oktyabr ayında Pakistan baş naziri Navaz Şərif Bakıda səfərdə olub və prezident İlham Əliyevlə danışıqla aparıb. Tərəflər hərbi-texniki əməkdaşlıq, müasir silahların alınması və birgə istehsalı barədə anlaşma əldə ediblər.

Bu günlərdə isə Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov Pakistanda səfərdə olub və beynəlxalq hərbi sənaye sərgisində iştirak edib, habelə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparıb.

JF-17 Thunder qırıcılarını Pakistanla Çin birgə istehsal edir. Bildirilir ki, Azərbaycan bu qırıcıları özünün hərbi hava qüvvələrinin sərəncamında olan MiQ-21, MiQ-25, Su-25 qırıcılarının güclü davamçısı kimi görür. Hansı ki, JF-17 qırıcıları daha müasirvə daha geniş imkanlara malikdir. Azərbaycan Çin və ya Türkiyədən yüksək dəqiqlikli «hava-yer» raketləri alaraq bu qırıcıları təchiz edə bilər. Digər tərəfdən Azərbaycan yeni qırıcıları sursatla təchiz etmək üçün Cənubi Afrika ilə olan əlaqələrindən istifadə edib Denel Dynamics şirkətindən raketlər almaq imkanındadır.

JF-17 Thunder müxtəlif hava missiyalarını yerinə yetirməyə imkan verən çoxfunksiyalı platformadır. Bu qırıcılar hədəfə görünmə məsafəsindən çox aralıda «hava-hava» raketləri ilə zərbə endirə bilir, yüksək manevr qabiliyyətinə malikdir. Müasir radioelektron mübarizə sistemləri ilə təchiz olunub. Azərbaycan bu qırıcıları almağa bir neçə il əvvəldən maraq göstərmişdi, lakin daha sonra danışıqlar dayanmışdı. İndi isə Azərbaycan Pakistandan ballistik raketlərlə yanaşı bu müasir qırıcıları da almağa hazırlaşır.

JF-17 Thunder və ya FC-1 Xiaolong - yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarə. Qırıcı ilk növbədə Pakistan hava qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC) iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanmışdır.

Təyyarə proqramı ilk dövrlər Pakistanda "Super 7" adı ilə tanınsa da, sonradan "JF-17 Thunder" adı ilə tanınmağa başlanmışdır. Təyyarənin adındakı «JF» abreviaturasının açılışı «Joint-Fighter» (Vahid Qırıcı), «Thunder» isə «İldırım» mənasını verir.

Bu təyyarə Çində «FC-1 Xiaolong» adı ilə tanınır. «FC» abreviaturasının açılışı «Fighter-China» (Çin Qırıcısı), «Xiaolong» isə «Qəddar Əjdaha» mənasını verir.

Bu hərbi təyyarə ilk dəfə olaraq 2006-cı ildə sınaqdan keçirilmşdir. Azərbaycan Silahlı Qüvvələrinin bu qırıcı təyyarədən artıq sifariş etdiyi barədə mətbuatda məlumat verilib. Hesab edilir ki, JF-17 Thunder təyyarələri MiQ-29 təyyarələri ilə eyni xüsusiyyətlərə malikdir. Təyyarənin yüksək manevrlik qabiliyyəti var.

 





28.11.2016    çap et  çap et