Qeyd edilib ki, ilk hissənin əvvəlində «Neftçi» rəsmiləri, eləcə də futbolçuları VİP lojadan kənarlaşdırılıblar.
Buna səbəb Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qonaq komanda nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub: «Təbii olaraq «Neftçi» nümayəndələri «Kəpəz» klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib. Bundan sonra «Neftçi» nümayəndələri VİP-lojanı tərk edərək, klub azarkeşləri üçün ayrılmış sektora yollanıblar. Müvafiq olaraq «Neftçi» rəhbərliyi də məlum vəziyyətdə eyni addımı atıb».
«Neftçi» 2016/17-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini («Yarışların yeri» bəndi) rəhbər tutaraq bildirir ki, meydan sahibi klub bir sıra şərtləri təmin etməyə borcludur. Bunlara komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı, komandaların rəhbərləri və oyunçular üçün yerlər daxildir.
Eyni zamanda «Neftçi» klubu noyabrın 24-də «Kəpəz»ə məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəyib. Ertəsi gün alınan cavabda SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilib.
«Göründüyü kimi, Gəncədə yaşanmış olayda çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub. «Neftçi» klubu olaraq, gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik», - bəyanatda vurğulanıb.