Bugünlərdə Prezident təqaüdünə layiq görülmüş Xalq artisti Ramiz Həsənoğlu bizimlə söhbətdə «Nigarançılıq»ın yaranma tarixindən tutmuş, çəkiliş zamanı baş verən maraqlı hadisələrə qədər hər şeydən danışıb:
- Ramiz müəllim, öncə bu televiziya tamaşasının yaranma tarixçəsinə nəzər salaq...
- «Nigarançılıq»ın yaranma ideyası Xalq yazıçısı Anara məxsusdur. Ortada ssenari olmayanda belə, onunla müxtəlif vaxtlarda görüşüb, bu məsələ ilə bağlı məsləhətləşirdik. Haradasa, 1990-cı illərin ortaları idi, günlərin bir günü Anar ssenarinin ilkin variantını mənə təqdim etdi. O zaman başım «Fatehlərin divanı» teletamaşasına qarışmışdı. Bu səbəbdən əvvəlcə həmin ssenari ilə məşğul ola bilmədim. «Fatehlərin divanı»nı bitirəndən sonra bütün diqqətimi ona yönəltdim. Həmin ərəfədə «Ailə» filminə də quruluş verirdim deyə, müəyyən çətinlik yaşamalı oldum. Çox gərgin iş rejimində çalışdım. İkiyə parçalanmışdım, elə gün olurdu ki, 4 saat da yatmırdım. Məcbur olub bəzi səhnələri gecə çəkirdik. «Nigarançılıq»ın yaranma tarixindən danışanda ən çox yadımda qalan bu çətinliklərdi. Amma bütün bunlar 20 il əvvəl olub, o zaman daha gənc və enerjili idim. Düzü indi gənc olmasaq da, yaradıcı istəyimiz əvvəlkindən çoxdur...
- Teletamaşada böyük maarifçi Mirzə Cəlilin ruhunu qoruyub saxlamağa nə dərəcədə nail ola bildiniz?
- Tamaşa böyük yazıçı Cəlil Məmmədquluzadənin 4 hekayəsinin – «Quzu», «Nigarançılıq», «Qurbanəli bəy» və «Şeir bülbülləri»- motivləri əsasında çəkilib. Onları bir-birilə əlaqələndirmək və konkret ideya ətrafında cəmləmək ssenariçidən ustalıq tələb edirdi ki, Anar bunun öhdəsindən məharətlə gəldi. Mənə Mirzə Cəlili o sevdirdi. Anarla söhbətlərdən sonra böyük maarifçinin bütün əsərlərini sevə-sevə oxudum.
Əvvəllər də, evimizdə «Molla Nəsrəddin» jurnalının orijinal nömrələri var idi, onları tez-tez vərəqləyirdim. Bilməzdim ki, yaşımın hansısa dönəmində və bu işləri görəcəyəm. Ümumiyyətlə, yaradıcılığımda Mirzə Cəlil irsi xüsusi yer tutur.
Çox gözəl komanda yığdıq: quruluşçu operator Adil Abbasov, bəstəkar Cavanşir Quliyev, quruluşçu rəssam Rafael Əsədov idi. Bir də təbii ki, güclü aktyor heyəti... Mirzə Cəlilin 4 hekayəsi bir-birinə ustalıqla hörülmüşdü, aktyorlar da personajları məharətlə canlandırdılar deyə, bu «hörgü»nü daha da bərkitdilər. Böyük ustadın yaradıcı ruhunu bunların sayəsində qoruduq. Bu səbəbdən «Nigarançılıq» indi də sevilir, hər bayramda efirdə göstərilir. Bəzən rejissorun elə işi olur ki, ona sonradan baxanda hansısa detala görə xəcalətlənir, «filan kadrı başqa cür çəkmək olardı», deyir, amma indi də «Nigaranaçılıq»dan necə deyərlər, qəti nigaran deyiləm.
- Teletamaşanın ötürmək istədiyi əsas ideya, ismarıc nədən ibarət idi?
- Mirzə Cəlil hekayələrində elə dərin mövzulara toxunub ki, onların motivləri əsasında çəkilən televiziya tamaşasında hansısa konkret ideyanı qabartmaq, önə çəkmək mümkün deyil. Mirzə Cəlil sadəcə, cəmiyyətə ayna tuturdu və orada hər kəs özünü görürdü. Biz isə o aynanın arxasından Mirzə Cəlilin ağrılarını hiss edirdik. O, milli mentallığın çatışmayan tərəflərinin ağrılarını yaşayırdı. Bu onun hər hekayəsində özünü göstərir. «Nigarançılıq»a baxanda hər tamaşaçını «Bu bizik», «Niyə beləyik?», «Başqa cür ola bilərikmi?» sualları düşündürməli idi. Sənətkarlıqla yazılan hər əsərdə insan özünü görür, müəllifin arzuladığı ideyalara yaxın olmaq istəyir. Həmişə rejissorun əsas fikri, ideyası məsələsindən danışanda çətinlik çəkirəm. Əsər ideyaların qovşağıdır, hər tamaşaçı oradan fərqli-fərqli nəticələr çıxara bilər.
Bu mənada Mirzə Cəlil əksər yazıçılarımızdan fərqlidir. Çünki onda olan ağrı heç kəsdə yoxdur. Bu xalq durduqca o da aktual olacaq, ona görə ki, millətin mentallığı illərlə deyil, yüzillərlə ölçülür. Mirzə Cəlillə təmizlənmək, onunla maarifçi ideyalara köklənmək şəxsən mənə sənətdə ayaq üstə durmağa imkan verib.
- «Nigarançılıq»da insanı ekrana pərçimləyən xüsusi və qeyri-adi cazibə var. Bunun əsas sirri nədədir?
- Burada bir sirr var – o tamaşaya baxanda adam özünü xalqın içində hiss edir. Tamaşaçı «mənim də içimdən bu keçirdi, mən də onu deyirdim», fikirləşir. Bu təkcə rejissor-ssenariçi işinin ustalığı deyil, daha çox Mirzə Cəlil ruhunun təzahürüdür, onun energetik aurasıdır. Biz də o auranın arxasınca gedirik...
- Sizcə, çağdaş Azərbaycan cəmiyyəti Mirzə Cəlil hekayələrinin içindən niyə çıxa bilmir?
- İndiki cəmiyyətlə, yüz il bundan əvvəlki cəmiyyəti müqayisə etmək olmaz. Texnikanın bu dərəcədə inkişafı təbii ki, insanları dəyişdirib. Amma bunun mənfi tərəfləri də çoxdur. İnsan adilikdən ülviliyə doğru getməlidir. Bu yol isə insanın yaşadığı ağrılardan keçir. Biz nə qədər çox o əsərləri oxusaq, nə qədər çox ağrılardan keçsək, bir o qədər İNSANıq. Katarsis hissi sanki insan üçün bir termometrə çevrilir və müəyyən edir ki, sən cəmiyyətdə baş verənləri necə qəbul edirsən, onlara necə reaksiya verirsən. Bu əsərlər ona görə sevilir və baxılır ki, hər zaman müasirdir.
- Televiziya tamaşasının çəkiliş prosesində nə kimi maraqlı hadisələr yaşanıb?
- Çəkiliş meydançası bir laboratoriyadır. Çəkiliş prosesində dramatik və komik səciyyəli hadisələrin baş verməsi təbiidir. Yadımdadır, əsas personajı – Qurbanəli bəyi Səyavuş Aslan oynamalı idi. Biz məşqləri qurtarmışdıq, çəkilişlərə başlayanda Səyavuş Aslanın səhhətində ciddi problemlər yarandı. Ondan sonra baş rola Yaşar Nurini dəvət etdik.
Haşiyəyə çıxaraq deyim ki, belə hadisə mənim başıma bir dəfə də gəlib: «Ordan-burdan» tamaşasında Salman bəyi Səyavuş Aslan oynayırdı. Məşqləri bitirmişdik, artıq çəkilişlər gedirdi. Salman bəyin evinin dekorasiyasını quranda Səyavuş Aslanın böyrəyində ciddi ağrılar yarandı, çəkilişdən uzaqlaşmalı oldu. Çətin duruma düşdük. Qəfil ağlıma gəldi ki, Şəki teatrının rejissoru Cahangir Novruzov Bakıdadır, onu dəvət edim. AzTV-nin o zamankı rəhbəri Elşad Quliyevlə məsləhətləşdim, fikrimi dəstəklədi. Beləliklə, bu gün hamının çox sevdiyi Salman bəylə bağlı çəkilişlər cəmi 6 günə tamamlandı. Yəni, artıq bu təcrübəni keçmişdik. «Nigarançılıq»da Səyavuş Aslanı Yaşardan başqa əvəz edə bilən ikinci aktyor görmürdüm. Yaşar tamaşada başqa rolda idi, amma məlum hadisədən sonra Qurbanəli bəyi ona həvalə etdik. Bir məqamı da deyim ki, «Nigarançılıq»da rus dilində olan dialoqlar əvvəlcə Azərbaycan dilində idi, Anar ssenaridə o cür yazmışdı. Amma təklif etdim ki, həmin dialoqları rus dilində verək. Bunun iki səbəbi vardı: Rus-Dram Teatrının aktyorlarını – Hacımurad Yegizarov, Aleksandr Şarovski, Məbud Məhərrəmov və başqalarını dəvət etmişdik deyə, rusca dialoqlar onlar üçün daha əlverişli idi. Əsas səbəb isə, Qurbanəli bəyin rusca danışmağa cəhd etməsi və bunun fonunda gülməli situasiyanın yaranması idi.
- Yaşar Nuri Qurbanəli bəy rolunun öhdəsindən necə gəldi, komik situasiyaları istədiyiniz kimi canlandıra bildimi?
- Yaşar doğrudan da, Azərbaycan səhnəsinin təkrarolunmaz simasıdır. Onun elə gözəl vaxtları olub ki... Yadımdadır, «Ordan-burdan», «Evləri köndələn yar» çəkiləndə o, yaradıcılığının zirvəsində idi. O vaxtlar hər şənbə radiodan «Sabahınız xeyir» proqramı gedəndə bütün işi-gücümü atıb Yaşara görə 45 dəqiqəlik proqramı dinləyirdim. Yaşar bu cür aktyor idi. Zəngin palitraya malik idi. Xatırlayıram, «Qonşu qonşu olsa» televiziya tamaşasında Yaşar 14 personajı canlandırdı. O tamaşada bir növ Yaşarın benefisini etdik. Burda da rolunun öhdəsindən məharətlə gəldi. Onunla yanaşı, Kəblə Qasımı canlandıran Hacı İsmayılovun da oyununu çox bəyəndim. O, Akademik Milli Dram Teatrında «Sizi deyib gəlmişəm» tamaşasında Məhəmmədhəsən əmini də böyük ustalıqla canlandırıb. O zaman mərhum anam da həmin tamaşada çıxış edib. Bu gün həmin tamaşanı xatırlayanda kövrəlirəm.
- «Nigarançılıq»da ictimai ismarıclar, müəyyən replikalar çoxdur. Bununla bağlı nə kimi problemlərlə üzləşdiniz?
- «Nigarançılıq» hazır olandan sonra ilkin baxış keçirildi. Rəhbərlik televiziya tamaşasına baxanda bəzi məqamlardan narazı qaldı. Dedilər, həmin epizodları yığışdır. Bu, hansılar idi? Demək, əsərin əvvəlində Sənubər İsgəndərli uşaqlara «çırt-çırt quşunun rəvayəti»ni danışır. Bu ssenaridə yox idi, Kamil Vəli Nərimanoğlunun kitabından götürüb Anara təklif etmişdim ki, əsərə daxil edək. Çünki həmin əfsanənin ötürdüyü sosial mesaj – başqasının hesabına irəli getmək, nəyəsə nail olmaq Mirzə Cəlil ruhuna yaxın idi. Bununla bağlı narazılıq etdi. Axırda dedilər ki, aktrisa rəvayəti danışan zaman titrləri ekrandan yığışdır. Belə də etdim, amma ondan sonra rəvayətin sosial replikası daha qabarıq hiss olundu. (gülür)
İkinci detal tamaşanın proloqu ilə bağlı idi. Yadınıza gəlirsə, proloqda naçalnikin evində nökərlər süfrə salır. Bu məqamda iri planda Ay görünür və sonradan süfrəyə çevrilir, süfrənin də üzərində bir anlıq Azərbaycan xəritəsi təsvir olunur. Burada çox ciddi sosial-siyasi detal var idi. Bu tapıntım özümə də xoş gəldi. Dedilər ki, onları yığışdır.
Axırda isə, tamaşanın sonunda Cavanşir Quliyevin Mirzə Ələkbər Sabirin sözlərinə bəstələdiyi mahnını çıxarmağı istədilər. Bircə onu dedim ki, çıxararam, amma tamaşadan öz adımı da götürürəm. Bundan sonra yumşaldı...
- Ramiz müəllim, yenidən Mirzə Cəlil yaradıcılığına qayıtsanız, hansı əsərini ekranlaşdırmaq istərdininiz?
- Çox istərdim ki, «Danabaş kəndinin əhvalatları»nı işləyim. Povesti film kimi, tamaşa kimi hazırlayım. Hər dəfə o əsərin finalını oxuyanda kövrəlirəm. Material sənə geniş meydan açanda, ciyərlərini yaradıcı nəfəslə tam doldura bilirsən. «Danabaş kəndinin əhvalatları» məhz elə əsərlərdəndir...