Vaxt.Az

«10 reklamın 8-i əcnəbi dildədi»


 

Əflatun Amaşov: «İndi müzakirə etdiyimiz düzəliş son dərəcə aktualdır»

«10 reklamın 8-i əcnəbi dildədi» Milli Məclisin 29 noyabr il tarixli iclasında gündəlikdə olan «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. Müzakirələrdə ən maraq doğuran çıxışlardan biri millət vəkili Əflatun Amaşova aiddir. Mətbuat Şurasının sədri çıxışında dillə bağlı problemləri açıqlayıb və bu barədə qanunun qəbulunu yetərli saymayıb. Ə.Amaşov onu da qeyd edib ki, qəbul olunan qanunların həyata keçirilməsinə diqqətin artırılması vacibdir. Mətbuat Şurası sədrinin adıçəkilən çıxışını təqdim edirik.

««Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanuna dəyişikliklər edilməsi barədə layihə ilə bağlı fikirlərimi bildirmək istərdim. Kifayət qədər əhəmiyyətli dəyişiklikdir.

Mən bu gün Milli Məclisə gələndə yalniz bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. 8-i Azərbaycan dilində deyildi. Qalanlar da bank və apteklə bağlı idi (heç onlar da bizim sözlər deyil). Biz bu sayaq nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir.

Ancaq məsələyə həssas yanaşmaq lazımdır. 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz. Yağış damcisi torpağa hopduğu kimi əcnəbi sözlər də bizim şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq, əlbəttə, üstəlik dəyərlərmizi də yadırğamış oluruq. Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq.

Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir. Çünki müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişafına yardım etmək olub. Bu baxımdan indi müzakirə etdiyimiz düzəliş də son dərəcə aktualdır. Biz həm də hamılıqla çalışmalıyıq ki, qanunlarda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə yardımçı olaq».

 





29.11.2016    çap et  çap et