İran parlamentinin bəzi deputatlarının Londondan peyk vasitəsilə ölkəyə verilişlər yayan «Manoto» telekanalına ölkənin siyasi durumu ilə bağlı verdiyi müsahibələrinə toxunan Möhsüni Ejei deyib ki, «əksinqilabçı» telekanallara müsahibə verənlər, bu əməllərinə görə cavabdeh olacaqlar: «Ölkənin Ali Milli Təhlükəsizlik Şurası bir neçə il əvvəl düşmən ölkələrə məxsus, əksinqilabçılar tərəfindən idarə olunan telekanallara müsahibə verilməsinin qadağan olması ilə bağlı qərar qəbul edib. Məhz bunu nəzərə alaraq bildiririk ki, bundan sonra Ali Milli Təhlükəsizlik Şurasının bu qərarına riayət etməyənlər və əksinqilabçıların media və telekanallarına müsahibə verənlər məsuliyyətə cəlb ediləcək».
Qeyd edək ki, İran parlamentinin bir sıra deputatlarından başqa, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Haşimi Rəfsəncaninin qızı, Faizə Haşimi də son vaxtlar ölkənin bəzi siyasi problemləri ilə bağlı xarici telekanallara müsahibə veriblər.