İmam Xiyabanında Muxabirat Binası qarşısına toplaşan mədəni fəallar şam yandıraraq qəzada həlak olanların xatirəsini anıblar. Xəyyam xiyabanına gələn fəallar isə Azadi Kinoteatrı binasının qarşısında mərasim keçirməyə müvəffəq olmayıblar. Təhlükəsizlik qüvvələrinin təhdidi ilə üzləşən fəallar nəzərdə tutulan yerdə şam yandırarkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, məmurlar yandırılan şamları dağıdıb və fəalların əlində olan hadisə qurbanlarının şəkillərini cırıblar. Bundan sonra əhali ərazini tərk edib.
GAMAC saytının yaydığı məlumata görə, Zəncan əhalisi də digər şəhərlər kimi, dəmir yolu qəzasında ölənlərin xatirəsinə şam yandırma mərasimi keçirmək istəyib. Öncədən yayılan bildirişə əsasən, polis noyabrın 28-i yerli vaxtla saat 18 radələrində Hacı Bulvari məhəlləsində keçirilməli olan mərasimə mane olub. Polis qüvvələri mədəni fəalları ərazidən uzaqlaşdıraraq öncədən təyin edilmiş dinc mərasimin keçirilməsinə qadağa qoyub.
Oxşar hadisə noyabrın 27-də Urmiyanın Xəyyam xiyabanında baş verib. Mərasim iştirakçılarına hücum çəkən polis qüvvələri yandırılan şamları dağıdıb və fəalların əlində olan hadisə qurbanlarının şəkillərini cıraraq ayaqlar altına atıblar.
Ərdəbilin ETTELAAT Şöbəsi isə şam yandırma mərasiminin qarşısını almaq üçün bu şəhərin milli-mədəni fəallarını təhdid edərək, qurumun yerli şöbəsinə çağırıblar.
Qeyd edək ki, noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. Qəza nəticəsində 49 soydaşımız həlak olub, 100-dən çox yaralı var. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verən faciədə qurbanların sayının həddindən artıq olmasına əsas səbəb kimi, təcili yardım qruplarının olay yerinə gec çatması göstərilir.