Vaxt.Az

Belələrinin adı bəllidir


 

Rusbaşlar, İranbaşlar...

Belələrinin adı bəllidir Yenə rusbaşlar sosial şəbəkələrdə, kulislərdə Türkiyə əleyhinə «gül» ağızlarını açıblar. Əsas arqumentləri də budur ki, Atatürk Xalq Cümhuriyyətini satıb. Lenin və Atatürk arasındakı yazışmaları, onların ünvana çatma və işğalın gerçəkləşmə tarixini, Atatürkün nitqlərini və digər sənədləri kənara qoyub deyirəm ki, lap tutaq, elədir. Elə isə bu suallara cavab verin:

1. Cümhuriyyətin süqutunun əsas baiskarı Rusiyanı sevib «yardımçı» Türkiyəni günahlandırmaqda məntiqin payı nə qədərdir?

2. Atatürkün iki seçimi olub: Ya Rusiyadan dəstək alıb ayaqda qalır, ya da köməkdən imtina edir və nəticədə həm Türkiyə, həm də Azərbaycan məhv olur. Əgər ikinci variant olsaydı, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycana hərtərəfli beynəlxalq dəstək nümayiş etdirən Türkiyə də olmayacaqdı. O zaman iki qardaş dövlətdən birinin süqutunda, digərinin yaranmamış rüşeym halındaca məhv edilməsində nə fayda ola bilərdi?

Rusiyanı Türkiyədən daha çox sevə bilərsiniz. Hər kəs öz seçimində azaddır. Ancaq demək ki, bu sevginin səbəbi Rusiyanın bəşəriyyətə bəxş etdiyi dahilər və Azərbaycanda yetişən ziyalılardır, bu, məncə yanlış yanaşmadır. 

1. 1813-cü ildən 1990-cı ilədək Rusiyanın Azərbaycandakı talanlarından, qırğınlarından xəbəriniz varmı? Təkcə 1920-ci ilin 28 aprel işğalından sonra Bakıda və digər əyalətlərdə hansı müsibətlər törətdiklərini bilirsinizmi?

2. 1905 və 1918-ci ildə müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən soyqırımlarının Rusiya (fərqi yoxdur, rus, yaxud bolşevik) göstərişi və himayəsi ilə həyata keçirilməsi barədə məlumatlısınızmı?

3. 1920-30-cu illərdə nə qədər ziyalının güllələndiyindən, sürgünlərdə məhv edildiyi barədə bilginiz varmı?

Təbii ki, yeni heç nə yazmıram. Bu sualların cavabı çox yazılıb və deyilib, həm də çoxdan. Ancaq rusbaşlar məncə oxumayıblar. Çünki ağlı başında olan adam mənsub olduğu xalqın başına müsibətlər gətirən bir dövləti sevməz və öz dövlətinə dəstək duran ölkəni və dövləti sevər. 

P.S.: Qeyd edim ki, rus xalqına qarşı heç bir antipatiyam yoxdur və hətta bəzi hallarda məhəbbətim də var. Bundan əlavə, «rusbaş» deyərkən, rusdilliləri nəzərdə tutmuram. Azərbaycan tarixində rusca təhsil alıb vətənə, millətə misilsiz xidmətlər göstərmiş yüzlərlə ziyalı, ictimai, siyasi xadim olub və bu gün də var. 

P.P.S.: Türkiyə əleyhdarları arasında İranbaşlar da var. Arqumentlərinin əksəriyyəti də böhtandan və tarixi faktların saxtalaşdırılmasından ibarətdir. Məsələn, deyirlər ki, Xocalı soyqırımını Vəli Küçük paşa törədib. Fakt ortada, günahkar ortada. Hətta soyqırımın ideoloji müəllifi Zori Balayan həmin cinayətləri yazılı etiraf edir və bu etiraflardan ibarət kitab nəşr etdirir. Ancaq bunlar soyıqırımın törədilməsində Türkiyəni ittiham edirlər. Məncə, şərhə ehtiyac yoxdur. Belələrinin adı bəllidir.

 





29.11.2016    çap et  çap et