«Qafqazinfo» xəbər verir ki, millət vəkili qeyd edib ki, Baş prokurorun imzası ilə gələn dəyişiklikdə söhbət təkcə möhtərəm prezident və ailəsi deyil, eyni zamanda vətəndaşların da təhqir olunmasının qadağan olunmasından gedir:
«Əgər kişisənsə öz imzanla yaz. Amma sən saxta profil açırsan və ölkəni qarışdıra bilərsən. İstəsələr internet vasitəsilə ölkəni qarışdıra bilərlər. Ona görə də, saxta profillərə də bu dəyişiklik şamil olunmalıdır. Azərbaycan parlamentində bu gün ən çox söyülən 3 deputat var. Onlardan biri mənəm, digərləri Fazil Mustafa və Hadi Rəcəblidir.
Elə bu yaxınlarda deputatların maaşlarının azlığı ilə bağlı açıqlamama görə, atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü. Allah haqqı, mən deputat maaşı ilə bağlı elə söz deməmişdim. Həmkarlarımız isə bizi müdafiə etmək əvəzinə durub başqa açıqlamalar verirlər. Çünki onlar jurnalistlərdən qorxurlar. Qorxurlar ki, media onlar barədə tənqidi nəsə yazar. Durub millət vəkili Tahir Kərimli deyir ki, mən maaş alanda utanıram, onu qohumlarıma verirəm. Qaqa, niyə utanırsan? Əziyyət çəkib işləyirsən, maaş alırsan... Maaşın çoxdursa, utanırsansa alma da.
Belə ona görə deyirlər medianın təpkisindən qorxurlar. Xaricdən idarə olunan saxta profillərlərlə də mübarizə apara bilərik. Deputat yoldaşlar deyir ki, hə maaşımız çoxdur. Çoxdursa, o zaman azaldın da. Xahiş edirəm ki, bu jurnalistlərdən az qorxun».
Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verib:
«Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin. Bu birinci dəfə deyil, bir neçə dəfə o deputatlara qarşı çıxış edib. O hər dəfə millət vəkillərinə dərs keçməyə çalışır. Xahiş edirəm ki, onunla bağlı tədbir görülsün».
Spiker Otay Əsədov isə Aqil Abbasın çıxışına bu cür reaksiya verib: « Mən burda baxıram ki, Aqil Abbasın çıxışını Hadı Rəcəbli alqışlayır. Mən Hadı Rəcəblinin özünə də demişəm ki, müsahibə verəndə baxın hansı jurnalistə və hansı saytlara müsahibə verirsiniz. Bir çoxlarınız müsahibə vermək üçün sinov gedirsiz. Gündəmdə qalmaqdan ötrü hara gəldi müsahibə verirsiniz. Müsahibə verdiyiniz saytlara yaxşı baxın».
Qeyd edək ki, parlamentin komitə sədri Hadı Rəcəbli mətbuata verdiyi son müsahibələr ölkədə ciddi rezonansa və etirazlara səbəb olub. Deputat müsahibələrinin birində «Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin», digərində isə «Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman pulu verməlidir?» deyib.