Vaxt.Az
Hacılarımız Məkkədən şikayətlə qayıdır
Zəvvarlarımıza yüklərlə bağlı xəbərdarlıq edilib
Artıq Həcc ziyarəti yekunlaşıb. Ziyarət əməllərini bitirən zəvvarlar Məkkədən Mədinə şəhərinə yola düşməyə hazırlaşırlar. Oktyabrın 22-dən etibarən isə azərbaycanlı zəvvarlar vətənə dönməyə başlayacaqlar.
Ancaq geri dönməyə hazırlaşan zəvvarlar hər il rast gəlinən nəqliyyat problemi ilə qarşılaşacaqlarından narahat olublar. Bu barədə aypara.tv saytı ziyarətdə olan zəvvarlara istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, azərbaycanlı zəvvarlar hər il olduğu kimi bu il də zəvvar yüklərinin Azərbaycana gətirilməsində problem yaranacağı ilə bağlı siqnallar alıblar. Belə ki, artıq indidən zəvvarlara yüklərlə bağlı xəbərdarlıq edilməyə başlayıb.
Aypara.tv-yə danışan zəvvarlardan biri yüklərlə bağlı xəbərdarlığı kimlərinsə Bakıya təyyarə ilə mal daşıması ilə əlaqələndirib. Sitat: “Bildiyiniz kimi hər il zəvvarlarımızın yüklərinin Bakıya qayıtmasında ciddi maneələr yaradılır. Buna müxtəlif bəhanələr gətirsələr də, hamımız bilirik ki, səbəb “kimlərinsə” buradan Bakıya alver malı vurması ilə əlaqədardır. Zəvvarların hədiyyələri, paltarları yerdə qalır, kimlərsə camaatın haqqına girərək satdıq mal yükləyir. Belə etmələrinə səbəb odur ki, zəvvarların gətirdikləri yüklər gömrük haqqından azaddır. Hacıların 10-15 kq yüklərinin daşınmasını təxirə salıb öz nəfslərini doyuzdurmaq üçün alver malı vuranlar Allaha nə cavab verəcəklər? Əvvəlki illərdə Həcc ziyarətinə gəlmiş yaxınlarımızın dediyinə görə bəzən yüklər 1 aya kimi gecikir. İndi burda hamı nigarandır. Bəlkə mətbuat bu məsələni qabarda ki, hökumətimiz bu problemi həll edə”.
Xatırladaq ki, demək olar ki, hər il təyyarə ilə səfər edən zəvvarların tək problemi olur. Qafqaz Müsəlmanları İdarəsi bəyan edib ki, zəvvarların həddən artıq alış-veriş etmələri nəticəsində tələb olunan normadan artıq yük yaranır və təyyarələr yükü götürə bilmir. Bu səbəbdən bir çox yüklər sonradan əlavə nəqliyyatla daşınır. QMİ zəvvarlara təyyarəyə yalnız 30 kiloqram yük götürmək üçün icazə verir. Bu isə narazılığa səbəb olur.
20.10.2013 çap et