Vaxt.Az

«Çox pisdir»


 

Büdcə-2017 - Elman Rüstəmov vəziyyəti 90-cı illərlə müqayisə edir

«Çox pisdir» İlin sonuna qədər iqtisadiyyatda 3 faizə yaxın resessiya (geriləmə) baş verəcək, inflyasiya ikirəqəmli olacaq, xarici borclar gələn il daha da artacaq, büdcə gəlirləri azalacaq...

Bütün bunlar hökumətin iqtisadi blokunun nümayəndələrinin Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinə dair müzakirələrdə ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı açıqladıqları bədbin proqnozların ancaq bir qismidir.

Xəbər verildiyi kimi büdcə layihəsini parlamentə maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir bildirib ki, layihədə büdcə gəlirləri 16 milyard manatdan bir qədər az proqnozlaşdırılıb. Qeyd edək ki, bu indiki məzənnə ilə 9 milyard dollardan bir az yuxarıdır.

Müqayisə üçün qeyd edək ki, bu, dollar ekvivalentində son illərin ən yoxsul büdcəsi hesab edilə bilər. Belə ki, 2013-cü ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 24.5 milyard dollar, yaxud indiki məzənnə ilə 40 milyard manat idi. Devalvasiyadan əvvəlki 2014-cü ildə isə büdcə gəlirləri 25 milyard dollara yaxın olub. Başqa sözlə, hazırda Azərbaycanın büdcə gəlirlərinin dollar ekvivalenti ilə üç dəfə azalmasından söhbət gedir.

Azərbaycanın gələn ilə proqnozlaşdırılan büdcə gəlirləri qonşu Gürcüstanın büdcə gəlirlərindən təqribən 2 dəfə çoxdur. Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstan əhalisi Azərbaycan əhalisindən 3 dəfə azdır. Latviyanın 2017-ci ilə proqnozlaşdırılan büdcə gəlirləri 8.9 milyard avro, Estoniyanın 2016-cı il üçün büdcə gəlirləri isə 9 milyard avroya yaxındır.

Azərbaycanda isə büdcə gəlirləri dollara nisbətən 2.4 dəfə dəyər itirən manat ekvivalentində də azalıb. Samir Şərifovun sözlərinə görə, gələn il üçün büdcə gəlirləri 2015-ci ilin büdcəsinin icra göstəricisi ilə müqayisədə 1.54 milyard manat, 2016-cı ilin proqnoz göstəricisi üzrə 867 milyon manat, yaxud 5.2 faiz azdır.

Gələn il büdcənin xərcləri də ötən illərə nisbətən nəzərəçarpacaq dərəcədə azaldılır. Belə ki, xərclər cəmi 16.6 milyard manata yaxın olmalıdır, bu, 2015-ci ildəki büdcə xərclərindən 1.18 milyard manat (6.7 faiz), 2016-cı il büdcəsinin proqnoz göstəricisindən isə 1.9 milyard manata yaxın (10.2 faiz) azdır.

Samir Şərifovun açıqladığı rəqəmlərdən məlum olur ki, Azərbaycan iqtisadiyyatı neftdən yüksək asılılığını gələn il də qorumaqda davam edəcək. Belə ki, büdcə gəlirlərinin 50 faizə yaxını neft sektorunun hesabına təmin olunmalıdır. (Bu, hazırda iqtisadi fəlakətlə üzləşmiş neft ölkəsi Venesuelanın göstəricisi ilə eynidir). Hərçənd ki, hökumət gələn il büdcə gəlirlərində neft sektorunun çəkisini 2016-cı ilə nisbətən 15 faiz az proqnozlaşdırır. Lakin belə görünür ki, bu azalma qeyri-neft sektorundan gəlirlərin artması ilə bağlı deyil, daha çox neftin özünün ucuzlaşması ilə bağlıdır.

Nazirin bildirdiyinə görə 1998-ci ildən bəri ilk dəfə ölkənin tədiyyə balansı kəsirlə müəyyənləşib. Və bu ilin ilk 10 ayı ərzində iqtisadi geriləmə 3.7 faiz təşkil edib, illik geriləmə isə nazirin proqnozuna görə, 2.8 faiz olacaq.

Samir Şərifovun sözlərinə görə, azalmanın əsas səbəbi tikinti sektorunda böhran, dollarlaşmanın yüksək səviyyəsi, bank sektorundakı vəziyyət, iqtisadiyyatın kreditlə təchizatının faktiki dayanması kimi amillərdir.

Artıq xəbər verildiyi kimi gələn ilin büdcəsində bir çox sahələr üzrə xərclər azaldılıb, ancaq sosialyönümlü xərclərdə nisbi artım nəzərdə tutulub. Maliyyə naziri xəbərdarlıq edib ki, gələn ilin büdcə gəlirlərinin yerinə yetirilməsində problemlər də yarana bilər və bununla bağlı hökumətin əlavə addımlar atması istisna deyil.

Bəs onsuz da azalan büdcənin dolmasında problemlər hansı səbəblərdən meydana çıxa bilər? Bu, neftin kəskin ucuzlaşaraq büdcədə nəzərdə tutulan 40 dolların altına enməsi, real sektorda böhranın daha da dərinləşməsi və nəticədə gəlirlər üzrə proqnozların yerinə yetirilməsində çətinliklər ola bilər. Bu halda hökumət büdcəyə yenidən baxıb xərcləri daha da azaltmalı olacaq.

Maliyyə naziri onu da deyib ki, gələn il üçün ölkənin daxili və xarici borc yükü də artacaq. Və bunun səbəblərindən biri bank sektorunda aparılan sağlamlaşdırma işləridir.

Xatırladaq ki, həmin sağlamlaşdırma tədbirləri üzrə əsas yük Cahangir Hacıyevin talayıb batırdığı Azərbaycan Beynəlxalq Bankı ilə bağlıdır. Habelə bağlanan banklarda əhalinin qorunan əmanətlərinin ödənilməsi üçün Mərkəzi Bank yüz milyonlarla manat ayırmalı olub.

Lakin Azərbaycanın xarici borcu da artacaq ki, bunun səbəbi bir tərəfdən Cənub Qaz Dəhlizi kimi iri layihələrə görə beynəlxalq maliyyə institutlarından alınan kreditlər, digər tərəfdən indiyədək dollar və avro ilə alınan kreditlərin manatın dəyərdən düşməsi nəticəsində «şişməsi»dir. Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi üçün alınan kreditlərin geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artmasını qaçılmaz edəcək.

Bəs manatın aqibəti gələn il necə olacaq? Hökumət bu barədə proqnoz vermək istəmir. Büdcə müzakirələrində ancaq o bildirilib ki, manatın məzənnəsi neftin qiymətindən asılı olaraq «üzəcək». Əgər gələn il üçün neftin qiymətinin kəskin yüksəlməsinin proqnozlaşdırılmadığı, hətta qiymətin 40 dolların altına enməsi istisna edilmədiyi nəzərə alınarsa belə demək olar ki, manatı da gələn il yaxşı perspektiv gözləmir.

Hərçənd Mərkəzi Bankın sədri Elman Rüstəmovun dediklərindən belə anlamaq olur ki,  idarəolunan üzən məzənnə siyasəti gələn il də davam edəcək. «Biz manatın məzənnəsini tam sərbəst buraxsaq, yəni üzən məzənnəyə keçsək nə baş verəcəyinə, manatın özünü necə aparacağına əmin deyilik» - baş bankir deyib.

Və büdcə müzakirələrində çıxış edən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da təsdiq edir ki, gələn il ağır il olacaq. «Mən uzun illər hakimiyyətdə  vəzifə tutan biri kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxanda  həqiqətən də vəziyyətin gələn ilin mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumlarda yaşayıb» - Rüstəmov deyib.

Bəs çıxış yolu nədir? Azərbaycan iqtisadiyyatı neft asılılığından azad olub yenidən sürətli artım mərhələsinə daxil ola biləcəkmi? Hökumətdə bu haqda nə fikirləşirlər?

Elman Rüstəmov deyir ki, hazırda Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli haqda sənəd hazırlanır və sənədin detalları hələ ki, tam açıqlanmır. Və bu sənədin əsas vəzifəsi makroiqtisadi stabilliyi bərpa etmək, sosial stabillik yaratmaq və belə görünür ki, neftdən asılı olmayan iqtisadiyyata keçiddir...

 





30.11.2016    çap et  çap et