Jurnalistlərin bildirdiyinə görə, qanun layihəsi Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq vədlərinin əksinədir.
Gizli əlavəsi olan 2017-ci ildə kəşfiyyat idarələrinin maliyyələşdirilməsi haqqında sənəd milli təhlükəsizliyə təhdid məsələlərinə toxunur.
Böyük səs çoxluğu ilə qəbul edilmiş (390 səs lehinə, 30 səs isə əleyhinə) 93 səhifəlik qanun layihəsində deyilir ki, Rusiya «kütləvi informasiya vasitələrini manipulyasiya edir və təsir agentlərini maliyyələşdirir», həmçinin «xalqlar və hökumətlərə gizli təsir göstərir».
Komissiyaya «Rusiya Federasiyasının təhlükəsizlik orqanları, yaxud siyasi qüvvələri tərəfindən həyata keçirilən terrorizm və qətllər, insan haqlarının pozulması, korrupsiya, yalan informasiya, təsir agentlərinin ifşası da daxil olmaqla Rusiyanın gizli təsir göstərməsinə yönəldilmiş siyasətinə qarşı hərəkətə keçmək» həvalə olunacaq.
Bundan başqa sənəddə İraq, Suriya və Şimali Afrikada, həmçinin, kiberməkan və kosmosda terror fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər təqdim olunur.
Qanun nəzərdə tutur ki, 2017-ci ildə ABŞ kəşfiyyatına təxminən 70 milyard dollar vəsait ayrılacaq.
ABŞ Konqresinin senatı bu ilin sonunadək qanun layihəsi nəzərdən keçirməlidir. Bundan sonra sənəd ölkə prezidentinə təqdim ediləcək.