«...ölkə prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır».
Cənab Əliyev bu qərarı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib, APA yazır.
O əlavə edib ki, bu qərar uzunmüddətli olarsa qiymət tarazlığına nail olmaq olar.
Ötən gün neft ixrac edən ölkələrin OPEC təşkilatı neft hasilatının sutkada 1.2 milyon barelə qədər azaldılması barədə razılığa gəlib.
Bunun nəticəsində neft qiymətlərinin 8 faiz artacağı güman edilir.
Hazırda OPEC ölkələri sutkada 33.6 milyon barel neft hasil edir.
İndiki razılaşmadan sonra bütün dünyada hasilat 1 faiz azalacaq.
Bu, 2008-ci ildən xam neft hasilatının ilk dəfə azalmasıdır.
«Intercontinental Exchange» birjasında 2017-ci ilin yanvar ayı üçün neftin qiyməti 7.9 faiz artaraq 50.5 dollara çatacağı güman edilir.
Aşağı düşən neft qiymətlərinə görə iqtisadi çətinliklərlə üzləşən neft ixrac edən ölkələrin OPEC təşkilatı istehsalın məhdudlaşdırılmasını müzakirə etmək Avstriya paytaxtı Vyanada növbəti görüşünü keçirib.
Sentyabr ayında OPEC karteli son səkkiz ildə ilk dəfə olaraq neft hasilatını ixtisar etmək barədə razılaşmanın əldə olunduğunu elan edib.
Vyanada keçiriləcək rəsmi toplantıda isə 14 dövlətdən ibarət neft karteli istehsalın ixtisarı üzrə konkret kvotaları müzakirə edib.
Ancaq görüş ərəfəsində sövdələşmənin mümkünlüyünə işarə edən əlamət nəzərə çarpmayıb.
İndoneziyanın enerji naziri görüşdən əvvəl deyib ki, razılaşmanın mümkünlüyünə tam əmin deyil.
«Mən bilmirəm. Qarışıq hisslər yaşanır», - İqnasius Conan deyib.
Sentyabr ayında OPEC ölkələri bazarda neft təklifini azaltmaq üçün gündəlik istehsalı 32.5-33 milyon barel səviyyəsinə çatdırmaq qərarına gəliblər.
Lakin ölkələr üzrə konkret kvotalar mübahisə mövzusu qalaraq hələ ki, öz həllini tapmaylb.
İndiyədək İran və İraq istehsalın azaldılmasına razı olmadığını deyiblər.
İranın neft naziri Bican Zənganeh, ölkəsinin istehsalı azaltmağa hazır olmadığını bildirib. İranın bölgə rəqibi Səudiyyə Ərəbistanı isə İran xaricində sövdələşmənin mümkün olmadığını bildirir.
OPEC razılaşmaya kartelə üzv olmayan ölkələrin də qoşula biləcəyinə ümid edir.
İlin əvvəlində Azərbaycan aşırı neft təchizatının azaldılmasına dair razılaşmanın əldə olunması təqdirində istehsal sahəsində OPEC təşkilatı ilə əməkdaşlığa hazır olduğunu deyib.