12 min 400 nəfərin prezidentə ünvanladığı məktubda İranın da imzaladığı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bəzi maddələrinə işarə olunaraq həbsxanalarda aclıq aksiyası keçirməkdə olan məhbusların tələblərinə baxılması istənilib.
«Ölkə zindanlarında bir sıra siyasi məhbuslar məhkəmə dosyeləri, azadlığa buraxılması və ya məzuniyyətlə bağlı aclıq aksiyası keçirirlər, onların bəzilərinin sağlamlıq durumu olduqca ağırdır. Biz insan haqları fəalları, siyasi və mədəni fəallar, Halqa İrfan Məktəbinin şagirdləri və ictimai xadimlər kimi aclıq edən məhbusların sağlamlığı ilə bağlı faciənin qarşısını almaq üçün onların tələblərinə baxılmasını istəyirik» - deyə məktubun bir hissəsində qeyd olunub.
Azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur, Məhəmməd Əli Tahiri, Arəş Sadiqi, Mehdi və Hüseyn Rəcəbiyan, Vəhid Səyyadi Nəsiri, Əmir Əmirqulu və Əli Şəriətinin adı aclıq aksiyasında olan məhbuslar kimi çəkilib.
Qeyd edək ki, Murtaza Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Kərəcin Rəcayişəhr həbsxanasında aclıq edən fəalın sağlıq durumunun kritik olduğu bildirilir.