Yenə Yusif gəldi köməyə. Dedi, Nizami Süleymanovu tap, danışdır.
***
O dövrdə Nizami müəllimi ölkədə tanımayan yox idi. 1992-ci il 7 iyunda baş tutan prezident seçkilərindən heç 6 ay keçməmişdi. Hamı hələ də onun prezidentliyə namizəd kimi verdiyi vədlərin xülyasıyla yaşayırdı. Doğrudan da, Nizami müəllim həmin seçkilərdə nə az-nə çox – düz 35 faiz səs toplamaqla bir çox iddialı siyasətçini arxada qoymuşdu. Yalnız Elçibəyə uduzan akademik seçkini ikinci yerdə başa vurmuşdu. O, 1 milyon 50 min seçicinin səsini qazanmışdı. Bəs nə idi Nizami müəllimin bu uğurunun sirri?
Nizami Süleymanov prezident seçiləcəyi halda iqtisadiyyatı dağılmış, müharibə aparan bir ölkənin insanına fantastik vədlər verirdi. Yəqin, xatırlayırsınız, 3 aya Qarabağı alacağından tutmuş, təzə evlənənlərə ev verəcəyinədək. Maaşların azı 20 dəfə qaldıracağından danışırdı, dünyada analoqu olmayan silah düzəldib erməniləri məhv edəcəyini deyirdi. Və 1 milyon Azərbaycan insanı bu vədlərə inanaraq ona səs vermişdi.
***
…Nizami müəllimi tapmaq çətin olmadı. Elə ilk danışıqdaca müsahibəyə razılıq verdi. Əvvəlcədən bir-iki sual hazırlamışdım. Fikirləşirdim ki, əlavə suallar onsuz da ortaya çıxacaq.
Kabinetində məni gülərüzlə qarşıladı. Müsahibənin ilk sualını xatırlamıram, amma bircə onu deyə bilərəm ki, azı 30 dəqiqə danışdı və diktofonun kasetini o biri üzə çevirəsi oldum. Danışdıqları isə seçki vaxtı verdiyi vədlərdən daha fantastik idi. Mən də özümü sadəlövh göstərirmiş kimi dalbadal suallar verirdim. Təxminən iki saata yaxın söhbətləşdik.
Yadımdadı, geri qayıdanda Yusifə elə beləcə də demişdim: «Bu müsahibə ciddi alınmadı, necə var, elə də verimmi?»
Razılaşdıq. Müsahibəni təqdim etdim, iki gündən sonra qəzetdə çıxdı. Və hər şey də bundan sonra başlandı.
Təsəvvür edin, müsahibənin çıxdığı qəzet əl-əl gəzirdi. Bir müsahibə elə bir rezonans doğurmuşdu ki, prezident aparatında belə müzakirəyə çıxarılmışdı. Hətta o vaxt prezident Elçibəy belə, iclasların birində bu müsahibədən danışmışdı.
Və ən maraqlısı bütün bunlar da deyildi. Ən maraqlısı o idi ki, müsahibəni Nizami müəllim özü də bəyənmişdi.
***
Çox unikal adam idi, Nizami müəllim. Özü üçün Akademiya yaratmışdı və oranın prezidenti idi. Azərbaycan Milli Yaradıcılıq Akademiyası adlanırdı həmin qurum. Müstəqil Azərbaycan adlı partiyası da vardı. Dünyada analoqu olmayan volframsız polad hazırladığını iddia edirdi. Bir yandan da tamam dəxilsiz, polada, volframa aid olmayan «Bulaq» adlı sutəmizləyici düzəltdiyini deyirdi. Sonra hansısa «BNK» adlı lövhələr ixtira etdiyini açıqlamışdı. Sən demə, qiyməti 1 manata olan «BNK» lövhələrilə avtomobillərdə yanacağa 30 faiz qənaət etmək olurmuş.
Bundan sonra tamam fərqli bir ixtirasından danışdı. Və o ixtirayla itmiş adamları tapmaq mümkün imiş. Son işi isə üzərliklə bağlı oldu. «Üzərlik biokartı» insanlarda neqativ enerjini götürürmüş və Nizami müəllim də bunun elmi əsasları üzərində işləyirdi.
Bəzən jurnalistlər ona «Azərbaycanın Jirinovskisi» deyirdi. Amma bir dəfə bir jurnalistin sualına «Jirinovski sənin atandır» cavabı verəndən sonra, türklər demiş, bu konu da bitmişdi.
Axır vaxtlar əsəbləri çox pozulubmuş. Elə bir qədər əvvəl həyat yoldaşı açıqlamalarının birində demişdi ki, Türkiyədə və Avstriyada müalicə alır. Çox pozitiv və zarafatcıl adam olduğundan inanmaq olmur ki, əsəblə bağlı problemləri varmış. Bu gün isə bu unikal insan dünyadan köçdü. 71 il yaşadı. Akademiya prezidenti, partiya sədri, volframsız poladdan tutmuş, üzərliyə qədər hər şeylə məşğul olmuş prezidentliyə namizəd.
Doğrudan da unikal adam idi...