Vaxt.Az

«Qabanelli Azərbaycan qanunlarını pozub»


 

İtaliyalı tədqiqatçı «Report» verilişini ifşa etdi

«Qabanelli Azərbaycan qanunlarını pozub» İtaliyanın «Rai3» kanalında efirə getmiş «Report» proqramının ölkəmizlə bağlı yalan, təxribatçı və qərəzli buraxılışına münasibətdə Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli «Geopolotica.info» analitik-informasiya portalında «Report və Azərbaycan: vəziyyət daha qarışıqdır» (Report e l'Azerbaigian: la situazione è più complessa) adlı məqaləsi ilə verilişi ifşa edib.

«Trend» bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətəuyğun olmayan məlumatlara münasibət bildirən D.Pommier Vinçelli verilişdə nümayiş etdirilən xəritədə yalnız Dağlıq Qarabağ regionunun göstərilməsinin, Azərbaycanın işğal olunmuş digər 7 rayonu və həmin ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlılar barədə məlumat verilməməsinin, məlum aprel döyüşləri zamanı Azərbaycan tərəfində mülki əhali və obyektlərə dəymiş ziyan barədə danışılmamasının anlaşılmaz olduğunu bildirib. Verilişdə münaqişənin dini zəmində təqdim edilməsini absurd hesab edən D.Pommier Vinçelli Dağlıq Qarabağın qədim xristian torpağı kimi təqdim edilməsinə də münasibət bildirib, bu ərazilərdə əsrlərdir müsəlmanların yaşadığını, Qarabağ sözünün türk mənşəli olduğunu qeyd edib.

Verilişdə səsləndirilmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəli sürülən sülh təkliflərinin Azərbaycan tərəfindən rədd edilməsi kimi fikrin yalan olduğunu deyən D.Pomier Vinçelli əlavə edib: «Sadəcə olaraq indiyə qədər bir-biri ilə uzlaşmayan iki mövqe irəli sürülüb: ermənilər müstəqillik istəyirlər, Azərbaycan isə öz suverenliyi daxilində muxtariyyət təklif edir (bu xüsusda Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli də nəzərdən keçirilib). Unutmayaq ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1998-ci ildə məhz Bakı ilə konstruktiv danışıqlara getmək istədiyi üçün istefa verməyə məcbur edilib».

«Report» verilişinin aparıcısı Milena Qabanellinin özünün və Dağlıq Qarabağa səfər edən digər jurnalistlərin Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilməsini söz azadlığının boğulması kimi təqdim etməsi ilə razılaşmayan D.Pommier Vinçelli bu səfərlərin qeyri-qanuni olduğunu deyib: «Milena Qabanelli Azərbaycan Respublikasının müvafiq qanunlarını pozub və BMT qətnamələrinə görə, habelə İtaliyanın beynəlxalq hüquq sahəsində məşhur alimi Natalino Ronzittinin münaqişəyə dair yazdığı kitabda bildirdiyi kimi, Qarabağ rəsmi olaraq Azərbaycan ərazisidir».

TAP layihəsi ilə bağlı D.Pommier Vinçelli bildirib ki, bu layihə Avropa İttifaqının təsdiqlədiyi strateji əhəmiyyətli layihədir və enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Habelə Azərbaycanda son illərdə təmin olunmuş yüksək iqtisadi tərəqqi barədə danışan müəllif BMT İnkişaf Proqramına istinad edərək yazır: «Güclü iqtisadi inkişaf infrastruktur layihələrinə əsaslı investisiya etməyə imkan vermişdir və 2002-ci ildə 46.7 faiz olan kasıblıq dərəcəsi 2014-cü ildə 5 faizə enib». Öz təcrübəsindən çıxış edən müəllif müəllim olduğu Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının ilbəil artdığı və bunun Azərbaycan hökumətinin gənclərin xaricdə təhsilə qayğısının və əhalinin rifahının artmasının göstəricisi olduğunu deyib.

Fikirlərinə yekun vuran müəllif «Report» verilişinin Azərbaycana münasibətdə səthi və dayaz iddialar irəli sürməsinin və onu hədəf almasının anlaşılmaz olduğunu deyib.

 





03.12.2016    çap et  çap et