Deputat deyib ki, hər iki media orqanında Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi qabardılmır. «Baxmayaraq ki, bu televiziya kanalını Azərbaycan maliyyələşdirir. Amma bir dəfə də olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin efirə getdiyini görməmişik. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?»
Fazil Mustafa, «Bakinski raboçi» qəzetinin fəaliyyəti barədə danışarkən, qəzetin Çar Rusiyası dövrünə gedib çıxdığını və bizimlə heç bir bağlılığının olmadığını diqqətə çatdırıb.
O zaman, hər iki media orqanı bağlanmalıdırmı?
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Modern.az-a açıqlamasında səslənən fikirlərə münasibət bildirib.
«Əvvəla, deyilən sözlərdə faktlar var. Burda söhbət ondan gedə bilər ki, Azərbaycan problemlərini nə dərəcədə «MİR» televiziyası vasitəsilə Rusiya ictimaiyyətinə çatdırırıq?! Bu informasiya vasitəsi bir tribunadır. Biz bu tribunadan istifadə edə bilirikmi?! Daha çox burada bunları gündəmə gətirməliyik ki, bu tribunadan Azərbaycanın imicini, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemlərini çatdırmaqla daha səmərəli istifadə edək. Rusiyada Dağlıq Qarabağ məsələsi ilə bağlı materilların yayılması, rus xalqının həmin o hadisələri obyektiv bilmələri baxımından bizim üçün çox önəmlidir.
İkinci məsələ «Bakinski raboçi» qəzeti ilə bağlıdır. Bu qəzet 1906-cı ildə işıq üzü görüb. Vaxtilə, «Komsomolski pravda» qəzeti Sovet dövründə çıxırdı. Rusiyada ən populyar qəzet idi. O qəzeti bağladıq. Amma biz qəzetlərin fəaliyyətinə önəm verməliyik. Düzdür, «Bakinski raboçi» qəzetinin fəaliyyəti ilə mən də razı deyiləm. O mənada ki, qəzeti açan kimi yalnız AzərTAc-ın materialları qarşımıza çıxır. O materiallar da opertiv materiallar deyil, köhnəlmiş informasiyalar olur».
Adıçəkilən qəzetin bağlanmasına gəlincə, o, buna yol verməməyin vacib olduğunu bildirib.
«Qəzetin bağlanmasını bazar, tələbat müəyyənləşdirməlidir. İndi hansı zəmanədir ki, hansısa qəzeti bağlayasan?! Buna yol vermək də lazım deyil. Sadəcə, Azərbaycanda rusdilli insanlar var. Qəzetin keçmiş imicindən istifadə etməklə, «Bakinski raboçi»ni, MDB məkanında, xüsusilə, rusdilli insanlar yaşayan yerlərdə ən populyar qəzet səviyyəsinə qaldırmalıyıq. Ən populyar qəzet səviyyəsinə qaldırmaqla yanaşı, Azərbaycan həqiqətlərini həmin qəzet səhifələrində rusdilli oxuculara çatdırmalıyıq. Həm də qəzetin onlayn versiyası aktiv olmalıdır».