İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi, həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
Dəhlizlərdə, eyvanlarda səsə həssas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.
Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli birbaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı «USB» kabelləri vasitəsilə kompüterdən doldurmağa üstünlük verin. Enerji mənbəyinə qoşulan kompüterdə işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın «Power saver» və «Sleep mode» xüsusiyyətlərindən də istifadə edin.
Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır.
Kompüterdə işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.