Hadisə noyabrın 29-da baş verib. Keniyanın təhlükəsizlik qüvvələri İranın Nayrobidəki səfirliyinin diplomatik markalı avtomobilinin içindən mobil telefonla İsrail səfirliyinin binasının şəkillərini çəkən İran vətəndaşları Seyid Nəsrullah İbrahimi və Əbdülhüseyn Qolini Səfayi hadisə başında tutublar. Nayrobi prokuroru Donkan Andimunun bildirdiyinə görə, avtomobilin yerli sürücüsü də iranlılarla bərabər həbs edilib.
Bildirilir ki, tutulan şəxslər, 2013-cü ildə Keniyada Qərb hədəflərinə qarşı terrorçu hücumları planlaşdırmaqda günahlandırılaraq 15 il müddətinə azadlıqdan məhrum edilən «Sepah»ın «Qüds» qanadının üzvləri Əhməd Əbülfəthi və Seyid Mənsur Musəvinin zindanda görüşündən qayıdarkən yaxalanıblar.
Keniya rəsmiləri, 2012-ci ilin iyununda tutulan «Sepah»ın «Qüds» qanadının həmin iki üzvündən 15 kiloqram partlayıcı maddə aşkarlasalar da, ölkəyə gizli yollarla gətirilən daha 85 kiloqram partlayıcı maddəni hələ də ələ keçirə bilmədiklərini bildiriblər.
Xatırladaq ki, 2015-ci ildə İran kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırılaraq tutulan 2 Keniya vətəndaşı, ölkədə Qərb maraqlarına zidd hücumlar həyata keçirmək üçün «Sepah»ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş «Qüds» qanadına casusluq etdiklərini etiraf etmişdilər.