Vaxt.Az

«Rayona çevriləcək...»


 

General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı

«Rayona çevriləcək...» İşğal altındakı Ağdərə rayonunun bu ilin aprelində faktiki olaraq Azərbaycan ordusunun nəzarətinə keçən, ermənilərin məskunlaşdığı Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Virtualaz.org xəbər verir ki, bu haqda qondarma rejimin «hökuməti» bildirir. Bundan əvvəl Ermənistan hakimiyyəti Talış kəndindən qaçan erməni ailələrinin geri qaytarılmasına çalışdıqlarını açıqlamışdı. Lakin Talış erməniləri bundan imtina edir və bildirirlər ki, kəndin yuxarısındakı yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olduğu müddətdə geri qayıtmayacaqlar.

Qondarma Dağlıq Qarabağ respublikasının «təhlükəsizlik şurasının» katibi, general Vitali Balasanyan isə deyib ki, təmas xətti boyu «modernləşdirilmiş müdafiə xətti» Talış kəndinin təhlükəsizliyini «yüksək səviyyədə təmin etməyə» imkan verir. «Mən xalqımızı əmin edirəm ki, Talışın təhlükəsizliyi məsələsində narahatlıq yoxdur»-Balasanyan erməniləri kəndə qayıtmağa dəvət edərək deyib. O, Talış kəndinin statusunun dəyişdiriləcəyini və rayona çevriləcəyini də bildirir.

«Bir neçə aydan sonra hamı Talışın tam bərpa olunmasının və genişlənərək bütün infrastruktura malik rayon statusu almasının şahidi olacaq. Qanunvericilik təşəbbüsü əsasında Talış sakinləri, habelə təmas xəttinə yaxın digər kəndlərin sakinləri üçün işıq və qaz pulunda ciddi güzəştlər ediləcək, habelə vergi güzəştləri olacaq. Talışın bərpa olunması üçün artıq bir sıra erməni arxitektorlarına və diaspora müraciət olunub»-bu yaxınlarda həmin vəzifəyə təyin olunmuş Balasanyan deyib.

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu ermənilərin Talış kəndi ətrafındakı yüksəkliklərdə olan mövqelərini ələ keçirib. Bununla da kənd və ona bitişik ərazilər Azərbaycan ordusunun vizual nəzarəti altına düşüb. Nəticədə Talış kəndində məskunlaşdırılmış 3 minə yaxın erməni qaçıb. Onlardan bir hissəsi Ermənistanda, bir hissəsi Xankəndində məskunlaşıb. Ermənistan hakimiyyəti Talış ermənilərini geri qaytarmaq üçün dəfələrlə onlara şirnikləndirici vədlər versələr də bu vədlərə inanan yoxdur. Məsələn, Talış kəndindən olan ermənilər deyirlər ki, onlar kəndə geri qayıda bilərlər, bir şərtlə ki, nazirlər və vəzifəli məmurlar da kəndə köçüb yaşasın. İndi isə belə görünür ki, erməni hakimiyyəti Talış kəndi ilə bağlı yeni şirnikləndirici vəd verməyi qərara alıb. Bu dəfə söhbət kəndin genişləndirilərək «rayona çevrilməsi» barədə söhbət gedir...

 





05.12.2016    çap et  çap et