Bəs bu hadisələr gəlirlərinin əsas hissəsi neftdən formalaşan Azərbaycan üçün nə vəd edir?
Neft Araşdırmaları Mərkəzi «Caspian Barrel»in rəhbəri İlham Şaban Fins.az-a bildirir ki, cari ilin 11 ayının yekunlarına əsasən, BTC FOB Ceyhan markalı neftin (SOCAR-ın özünün və Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 82 faiz ixracı Ceyhan limanından bu marka altında satışa çıxarılır) 1 barelinin orta ixrac qiyməti 44,12 dollar təşkil edib.
«Caspian Barrel»in apardığı hesablamalara görə, əgər dekabrda neftin orta qiyməti 54 dollar olarsa (2016-cı ildə Azərbaycan nefti aylıq olaraq ortalama ən baha oktyabrda satılıb - 51,35 dollar), onda 2016-cı il üçün Azərbaycan neftinin orta ixrac qiyməti 44,98 dollar çıvarında gözlənilir. Bu da 2015-ci ildə ixrac etdiyimiz qiymətdən (54,30 dollar) nə az, nə çox 17,2 faiz azalma deməkdir.
2015-ci ildə mənfəət nefti kimi Neft Fonduna 7,23 milyard dollar vəsait daxil olmuşdu. Bu il gözləntilər 5 milyard dollardan da az ola bilər.
Hesab edək ki, gələn il Azərbaycan neftinin orta ixrac qiyməti bu illə müqayisədə 27 faiz artaraq 57 dollar təşkil etdi. Qeyd edək ki, belə bir variant istisna edilmir. Ancaq onun il ərzində formalaşması üçün də ciddi faktorlar olmalıdır: 1) ya qlobal bazardan kifayət qədər izafi neft yığışdırılmalıdır ki, tələb-təklif nəticəsində belə bir qiymətin il boyu dayanıqlığı təmin edilsin; 2) qismən bazardan izafi neft yığışdırılmalı və dünya iqtisadiyyatında elə inkişaf tempi yaranmalıdır ki, enerjiyə kifayət qədər tələbat artsın və nəticədə 2016-cı illə müqayisədə qiymətdə yaranacaq 27 faizlik artıma görə istehlakçıların problemi yaşanmasın.
Azərbaycana gəldikdə isə gələn il hökumət hasilatın 1,5 milyon tonadək azaldılması ilə bağlı proqnozlarını artıq Milli Məclisə göndərirdiyi büdcə paketində qeyd edib. Yəni cari ildə 41,306 mln ton neft hasilatı gözləyirsə, 2017-də bu göstəricinin 39,796 milyona qədər azalacağını proqnozlaşdırır. Hesab edək ki, azalma tempi bu qədər olmayacaq. Yəni azalma 1,2 milyon ton həddini keçməyəcək. Və bunun da təqribən 1 min tonu ACG-nin payına düşəcək. Yəni ACG-dən cari ildə olduğu kimi 31,1 milyon ton deyil, cəmi 30 milyon ton ətrafında neft hasil ediləcək. Onda gələn il Neft Fondu reallıqda 6,8-7 milyard dollar arasında gəlir əldə etmək imkanı qazanar. Yəni istənilən halda bu göstərici neftin qiymətlərinin 27 faiz artımında belə Azərbaycanın mənfəət neftinin daxilolmalarını 2015-ci il nəticəsini üstələməyə imkan vermir.