Vaxt.Az
Azərbaycanın ilk Dünya Çempionu
Elxan Məmmədov Braziliyada ən yüksək fəxri kürsüyə qalxmaqla cüdo tariximzə ilk qızıl əyyarlı medal qazandırdı
Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir. Yarışların altıncı günü Azərbaycan yığması daha bir medala sahib olub. Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) «bürünc» qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməyi bacarıb.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə həmyerlimiz hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.
Xatırladaq ki, indiyədək heç bir cüdoçumuz dünya çempionatında qızıl medal qazana bilməmişdi.
Əvvəllər Nazim Hüseynov və Elnur Məmmədli mundialın finalına çıxsalar da, sonda gümüş medalla kifayətlənmişdilər.
Bu çəkidə qüvvəsini sınayan daha bir idmançımız Elmar Qasımova gəlincə, o, ilk 2 cəhdində tatamidən qalib ayrılsa da, üçüncü görüşündə uduzub.
Kimdir Elxan Məmmədov?
31 yaşlı idmançımızın isə buna qədər kolleksiyasında 14 qızıl, 5 gümüş, 13 bürünc medalı var idi. Bu medallardan 4 qızıl, 1 gümüş, 1 bürünc ölkə çempionatında; 1 gümüş, 2 bürünc Avropa Çempionatında; Master və Qran Pri turnirlərdə 4 qızıl, 1 gümüş, 3 bürünc; Dünya və Avropa kuboklarında 4 qızıl, 2 gümüş, 4 bürünc qazanılıb.
Elxan həmçinin gənclər arasında 2 qitə çempionatının bürünc və 2 beynəlxalq turnirinsə qızıl medalına sahibdir.
Dünya sıralamasındakı yerimiz
Beynəlxalq Cüdo Federasiyasının Tümendə keçirilən (Rusiya) sonuncu «Masters» turnirinin nəticələrinə görə, planetin ən yaxşı cüdoçularının sıralamasında idmançımız öz çəkisində 1408 balla 2-ci yeri tutmuşdu. O, yalnız çexiyalı Lukaş Krpalekdan (1476) geri qalıb. Digər kateqoriyalarda ən yaxşıların onluğuna daha 3 Azərbaycan təmsilçisi daxil olmuşdu. 100 kq-a qədər cüdoçularımızdan Elmar Qasımov «Masters» turnirində bürünc medal qazanaraq dünyanın ən yaxşı cüdoçularının sıralamasında 6-cı yeri tutub. Bu həmin Elmar Qasımovdur ki, Ermənistanda keçirilən gənclər arasında Avropa Çempionatında çexiyalı Lukaş Krpalekə qalib gələrək ən yüksək fəxri kürsüyə qalxmış, qədim şəhərimiz və təəssüf ki, düşmən ölkənin paytaxtı olan İrəvanda himninizi səsləndirmiş və erməniləri qalxan Azərbaycan bayrağına baxmağa məcbur etmişdi. Aktivində əksəriyyəti yüksək səviyyəli beynəlxalq turnirlərdə qazanılmaqla 4 qızıl, 7 gümüş, 9 bürünc medal olan 22 yaşlı cüdoçumuz gələcək vəd edən idmançılarımızdandır.
Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) 9-cu, Rüstəm Orucov (73 kq) isə 10-cu yerdə qərarlaşıb.
01.09.2013 çap et