Tsarukyan şənbə günü partiya Siyasi Şurasının iclasında qəbul olunmuş onun qayıtmasını xahiş edən bəyanata müsbət cavab verib.
«FEP Siyasi Şurası on minlərlə vətəndaşımız adından partiyanın təsisçi sədri Qaqik Tsarukyandan fəal siyasətə qayıdıb, xalqın dəstəyi və birgə səylərimizlə ölkəmiz qarşısında duran vəzifələrin həllinə qatılmaq məsələsini müzakirə etməsini xahiş edir», - bəyanatda deyilir.
Tsarukyan siyasəti tərk etdikdən sonra partiyaya rəhbərlik edən Naira Zöhrabyan deyir ki, FEP hakimiyyət dəyişikliyi istiqamətində mübarizə edəcək, lakin eyni zamanda Tsarukyanla prezident Sərkisyan arasında «normal insani münasibətlər» olduğunu bildirir.
«Tsarukyan ciddi sistem dəyişiklikləri həyata keçirmək üçün qayıdır. Siyasi proseslərdə nə cür və hansı formatda iştirak edəcəyi isə, ümid edirəm ki, yaxın günlərdə məlum olar», - xanım Zöhrabyan jurnalistlərə deyib.
Naira Zöhrabyan Qaqik Tsarukyanın siyasətə qayıdışı məsələsini prezident Sərkisyanla razılaşdırdığı haqqında deyilənlərin «birmənalı dezinformasiya» olduğunu bildirir.
«Hər bir siyasi xadim hər hansı siyasi prosesdə iştirakına dair qərarı özü qəbul edir. Firavan Ermənistan siyasi kursunu dəyişməyib və dəyişməyə hazırlaşmır. Əgər biz hakimiyyət deyilik (biz isə hakimiyyət deyilik), təbii ki, parlament seçkilərinə kimi biz hazırda çalışdığımız meydanda da çalışacağıq», - Naira Zöhrabyan deyib.
Tsarukyan ötən ilin əvvəlində müxalif Erməni Milli Konqresi və İrs partiyaları ilə hakimiyyət siyasəti əleyhinə bir neçə izdihamlı etiraz aksiyalarından sonra siyasəti tərk etməyə «məcbur edilmişdi».
Sərkisyan Qaqik Tsarukyanı «siyasi xadim kimi ölkə üçün bir bəla» kimi səciyyələndirmişdi.
Prezident Sərkisyanın ölkənin ən iri biznesmenlərindən biri, sayca ikinci parlament fraksiyası olan və FEP lideri Qaqik Tsarukyanın ünvanına təhqiranə ifadələrlə çıxışından sonra, vergi orqanları Tsarukyana və onun yaxınlarına məxsus müəssisələrdə yoxlamalar keçirməyə başlayıb, partiyanın ofislərində axtarışlar, partiya fəallarının tutulub polisə aparılması və sair kimi tədbirlər başlanı.
Odur ki, bir çoxları Tsarukyanın «fəal siyasətə qayıdışına yuxarılardan razılıq» verildiyini ehtimal edir.
Bəziləri hesab edirlər ki, «bu, iqtidarın oyunlarıdır: yenə Qaqik Tsarukyanı siyasətə sürükləyir, seçkilərdə müxalifətə veriləcək səsləri aparmaq üçün yenə saxta müxalifət yaradır».
Jurnalistlərin bu sualını cavablandıran hakim Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov: «Mənim xəbərim yoxdur - oyundur bu, ya yox, iqtidarın oyunudur, ya yox. Mən hər şeyə bələd ola bilmərəm. Bu qayıdışın təfərrüatlarına bələd deyiləm. Bu, tamamilə firəvançılar qayıdışıdır, özləri müəyyən etməlidirlər», - deyib.
Eyni zamanda Firavan Ermənistan Partiyasının sədri Naira Zöhrabyan, konkret kimləri nəzərdə tutduğunu açıqlamayaraq, deyir ki, Qaqik Tsarukyanın qayıdışı «qeyri-hakimiyyət qüvvələri təşvişə salıb, onların oyun kartlarını qarmaqarışıq edib».