Vaxt.Az
Siyavuş Aslanı itirdik
Karifey sənətkarımız 77 yaşında dünyadan köçdü, xalq artisti II Fəxri Xiyabanda dəfn olunub
İyunun 27-nə keçən gecə Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bu barədə xəbəri aktyorun oğlu Eldar Aslan verib. 77 yaşlı S.Aslan uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.
O, 2010-cu il dekabrın 11-də beyin qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman bir neçə həftə müalicədən sonra həkimlər onu evə yazmışdılar. Amma sonralar davamlı olaraq səhhəti tez-tez pisləşən aktyor müalicə olunurdu.
Siyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub.
O, televiziya tamaşalarında, filmlərdə çoxlu yaddaqalan obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
S.Aslan
Mindilli ("Nişanlı qız", S. Rəhman),
Luka ("Həyatın dibində", M. Qorki),
Ağaəli ("Günah", R. Əlizadə),
Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
Oddamdı ("Od gəlini", C. Cabbarlı),
Fəriş ("Bizim qəribə taleymiz", İ. Əfəndiyev),
Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
Əsdulla ("Ah, Paris…Paris!..", Elçin),
Kişi ("Mənim ərim dəlidir", Elçin),
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
Poloni ("Hamlet", U. Şekspir),
Sarı ("Varlı qadın", Ə. Əmirli),
Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani) və başqa yadda qalan rollar yaradıb.
Xalq artisti vida mərasimi Akademik Milli Dram Teatrında keçirilib.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Səyavuş Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun tamaşalarını dəfələrlə izləmişik. Səyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. Bu müqtədir sənətkar Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atdı. Səyavuşu mən 80-ci illərdən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Siyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif etdi”.
Nazir müavini qeyd edib ki, S. Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. O, bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət sənət dostu haqqında fikirlərini bildirib: “Siyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.
Ailə üzvləri adından Səyavuş Aslanın oğlu Çingiz Aslan mərasimdə iştirak edən, ailələrinin kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.
Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev sənət dostları haqqında xatirələrini, fikirlərini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.
Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
28.06.2013 çap et