Vaxt.Az

«Uzun illərdir Elman Rüstəmova deyirəm ki…»


 

Qüdrət Həsənquliyevdən yeni təkliflər

«Uzun illərdir Elman Rüstəmova deyirəm ki…» «Büdcənin müzakirəsi ilə bağlı bəzi fikirlərimi komitənin toplantısında bölüşmüşəm. İndi bu fikirlərin üzərinə qayıtmaq istəmirəm. Ancaq bəzi vacib məqamlar var ki, onlar haqqında danışmaq istərdim».

Bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

Deputat xatırladıb ki, prezidentin qərarı ilə xaricdə tələbələrin oxunması üçün Dövlət Proqramı hazırlanıb:

«Məqsəd 5 min tələbənin xaricdə tanınmış elm ocaqlarında təhsil almasına nail olmaq idi. Səhv etmirəmsə, bu proqram artıq başa çatıb, lakin biz 5 min tələbəni xaricə göndərə bilmədik.

Biz nəzərə almalıyıq ki, XX əsrin əvvəllərində də Azərbaycanda dövləti Avropa və Rusiyada təhsil alan şəxslər qurmuşdular. Heydər Əliyev 70-ci illərdə gəncləri Rusiyanın tanınmış universitetlərində təhsil almağa göndərirdi. Hesab edirəm ki, indi də nə qədər problem olsa da, hər il 100 istedadlı gənci xaricə – reytinqli universitetlərə göndərməliyik. Bundan başqa təhsildə islahatlar aparılmaldıır. Gəlin gedək universitetə, soruşaq görək, bir nəfər repitotor yanına getməyən tələbə varmı? Hamısı deyəcək ki, müəllim yanında hazırlığa gedib. Əslində təhsil pulsuz olsa da, reallıqda orta təhsil sanki pulludur».

Deputat daha sonra deyib ki, 2017-ci il dövlət büdcəsinin 10 faizi (1,6 milyard manat) təkcə xarici borcların ödənilməsinə xərclənəcək:

«Biz mətbuatdan oxuyuruq ki, tender keçirilir və bəzən 3-4 gün əvvəl yaradılan şirkətlərə dəyəri 100 milyon dollarlıq tenderlər verilir. Bizim Hesablama Palatası obyektiv yoxlamalar aparır, nəticə haqda bizə məlumatlar verir. Məlum olur ki, hansısa məbləğdə pullar geri – büdcəyə qaytarlılır. Deməli, kim istəsə büdcə pulunu mənimsəyəcək və ən pisi sonradan bunu büdcəyə qaytarmalı olacaq. Məncə, belə hallar olduqda hüquq-mühafizə orqanları bu işlərlə məşğul olmalı, belə hallara yol verənlər cəzalandırılmalıdır».

Q.Həsənquliyev daha sonra qeyd edib ki, Azərbaycanın xaricdə saxladığı valyuta ehtiyatından 1 milyard gətirərək Beynəlxalq Banka verilib:

«Bu çox müsbət haldır. Uzun illərdir ki, mən Mərkəzi Bankın sədri Elman Rüstəmova deyirəm ki, bu vəsiatləri niyə yerli banklara gətirmir? Əgər biz öz pulumuzu öz banklarımıza qoymuruqsa, öz banklarımıza inanmırıqsa, onda kim banklarımıza inanar?

Elman müəllim hər dəfə deyir ki, Azərbaycan iqtisadiyyatı bu qədər maliyyəni qəbul etmək gücündə deyil. Mən demirəm ki, vəsaitin hamısı gətirilsin. Müəyyən həcmdə gətirilə bilər. Azərbaycan sahibkarlarının buna ehtiyac var. Bizim banklar gedib özləri kreditlər götürür və bəzən 18 faizə sahibkarlara kredit verirlər. 28-22 faizə kredit götürən sahibkardan nə gözləmək olar?».

Deputat deyib ki, Azərbaycan neft ölkəsi olduğu üçün burada kimya sənayesi inkişaf etdirilməlidir:

«Kimya sənayesini inkişaf etdirmək üçün maliyyə lazımdır. Biz neft ölkəsiyik, amma avtomoil şinləri, avtomobil yağlarını xaricdən alırıq. Bu sahələrə vəsaitlər qoymalıyıq. Biz Türkiyəyə vəsaitlər qoymuşuq. Azərbaycanın özündə iş yerlərinin açılması üçün böyük müəssisələrə vəsait qoyulması lazımdır».

 





07.12.2016    çap et  çap et