Spiker Oqtay Əsədov giriş nitqində bildirdi ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər, neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsir edib: «2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək». Spiker qeyd etdi ki, parlamentin komitə iclaslarında 35 deputat çıxış edəndən sonra büdcə zərfi plenar iclasa təqdim olunub. Bundan sonra çıxışlara başlanıldı.
«2017-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 40 faiz həcmində proqnozlaşdırılıb. Təbii ki, ölkədə yoxsulluq var, aztəminatlı ailələr var, onların da azaldılması istiqamətdə iş gedir. Pensiyalar, əməkhaqları artırılmalıdır. Amma biz bu artımlar üçün vəsaitlər barədə də düşünməliyik»-deyə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, dəyişiklik nəzərə alınmaqla, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 16 255 milyard manat, xərcləri 16,9 mlrd. manat proqnozlaşdırılır: «Bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 567 mln. manat və ya 3,4 faiz azdır. Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərini differensiallaşdırması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 milyon manat artırılıb».
İqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdəki büdcə müzakirələrində Tarif Şurasının elektrik enerjisi və qazın tarifləri ilə bağlı son qərarından bəhs etdi. Nazir qurumun qərarına bəraət qazandıraraq bildirdi ki, yeni tariflər əhalinin böyük əksəriyyətinin xərclərinə təsir etməyəcək.
Ş.Mustafayev dedi ki, mavi yanacağın qiymət artımı əhalinin 60 faizinə təsir göstəməyəcək, çünki onlar illik 1500 kubmetrlik limiti keçmirlər: «Mavi qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisinin tariflərinə də baxılmasını zəruri edib. Abonentlərin 70 faizinin orta illik sərfiyyatı 250 kv/saat-dan aşağıdır. Beləliklə, bu qərar əhalinin 2/3-nə təsir etməyəcək, qənaəti stimullaşdıracaq».
«Ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik». Bunu isə Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov söylədi. E.Rüstəmov dedi ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyəti olub: «Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir».
Bundan sonra dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başlandı.
Deputat Fərəc Quliyev hökumətə sual etdi: «317 milyon 300 min, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat ayrılıb. Birinci Yay Olimpiya Oyunları üçün kifayət qədər vəsait xərclənmişdi. Həmin idman obyektlərindən istifadə etmək və bu vəsaiti daha zəruri sahələrə yönəltmək olmazdımı? Məsələn, 9 min qəzalı vəziyyətdə olan ev var və orda yaşayan ailələri mənzillə təmin etmək olardı». F.Quliyev gələn ilin büdcə proqnozlarında 101 milyon cərimə vəsaiti ilə bağlı bəndin salınmasını da düzgün saymadı. Deputat Tarif Şurasının qiymət artımı qərarından sonra inflyasiyanın qaçılmaz olacağını dedi: «Mən 7 ildir büdcə müzakirələrində təklif edirəm ki, işıq, qaz, su və digər sahələr özəlləşdirməyə verilsin. Bu addım atılsaydı, indi həmin qurumlar dövlətə böyük miqdarda vergilər ödəyirdi». Qiymət artımı ictimai nəqliyyatda da qiymətlərə təsir edəcək: «Məsələn, metropolitenə ayrılan vəsait cari illə müqayisədə azdır. Rəhbərlik deyir ki, metropoliten zərərlə işləyir. Deməli, burada da qiymət artımı olacaq». «Manatın kursunun saxlanmasına böyük vəsaitlər sərf olunub. Ancaq bu, itirilmiş vəsaitlərdir. Ona görə də Mərkəzi Bankın valyuta ehtiyatlarında 35 faiz azalma var» - F.Quliyev əlavə etdi. Deputat bildirdi ki, bu vəziyyətdən digərlərinin həll etməməsi üçün təcili addımlar atılmalıdır.
Deputat Qüdrət Həsənquliyev ayrılan xərclərin xərclənilməsi zamanı şəffaflığın təmin olunmasını vacib saydı: «Üç gün qabaq yaradılmış şirkətə bəzən on milyon dollarlıq tenderlər verilir. Bu sahədə şəffaflıq təmin olunmalıdır. Bir manatlıq iş 5-10 manata gördürülür, sonra da deyirlər »gəlin qiymətləri artıraq». O vəsaitlərdən səmərəli istifadə olunsa, heç qiymət artımına ehtiyac qalmaz». Deputat mənimsəmə faktları ilə əlaqədar cəzaların sərtləşdirilməsini istədi: «Hesablama Palatası yoxlama aparandan sonra rəy verilir ki, filan qədər vəsait büdcəyə qaytarılır. Bu vəsaiti mənimsəyən insanlar qorxmalıdırlar ki, dövlət əmlakını taladıqlarına görə məsuliyyət daşıyacaqlar. Əks təqdirdə, onlar məsuliyyət daşımayacaqlarına görə talançılığa davam edəcəklər».
Dövlət Neft Fondunun xaricdəki vəsaitlərindən 1 milyard manatın ölkəyə gətirildiyini xatırladan Q.Həsənquliyev qalan vəsaitlərdən bir hissəni də Azərbaycandakı banklarda yerləşdirməyə çağırdı: «Biz öz vəsaitlərimizin bir hissəsini gətirib öz bankımızda saxlamırıqsa, yerli banklara etibar etmiriksə, sadə vətəndaşlar niyə bu banklara etibar etməlidir? Xahiş edirəm, Elman müəllim aydınlıq gətirsin, həmin vəsaitlərin illik gəlirliliyi nə qədərdir? Bəlkə onlar burada saxlanılsa, daha çox gəlir gətirər. Banklar gedib xaricdən 7 faizlə kredit alırlar, sonra onu vətəndaşa 22 faizlə kredit verirlər. Belə çıxır ki, o vəsaitdən ancaq manatın kursunun sabit saxlanılması üçün istifadə olunur».
Deputat «Qaçqınkom»un rəyinə istinad edərək 9 min qaçqın ailəsinin qəzalı binada yaşadığını xatırlatdı: «45 min insan hər an Füzuli qaçqınları kimi yanğınla üz-üzə qala bilər. Ona görə də gəlin, idman obyektlərinin tikintisini 2018-ci ilə saxlayaq, gələn il qaçqınlar üçün ev tikək».
Deputat Fəzail Ağamalı kimya sənayesinin inkişafına diqqət yetirilməsinə çağırdı. Dedi ki, digər mühüm sahə kənd təsərrüfatı və aqrar sektordur: «Lakin bunun üçün kənd təsərrüfatına ciddi maliyyə dəstəyi verilməlidir. Gələn il kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün vur-tut 35 milyon vəsait ayrılıb. Nəzərə almalıyıq ki, banklar çöküb, sahibkara kredit verilmir. Belə olan təqdirdə bu sahə necə inkişaf edə bilər?» F.Ağamalı mənzil kommunal sahəsinə böyük vəsaitlər ayrıldığı halda, Xarici İşlər Nazirliyi üçün nəzərdə tutulan vəsaitin azaldılmasını düzgün saymadı: «Başa düşmürəm, bizim üçün daha çox hansı sahə vacibdir?» Deputat rayonların əvəzinə quberniyaların yaradılmasını da təklif etdi.
Deputat Qənirə Paşayeva müəllimlərin güzəştli şərtlərlə ipoteka kreditləşməsindən istifadəsinə imkan yaradılmasını təklif etdi. Xanim deputat əlillərin, xüsusilə də gözdən əlil olan insanların işə cəlb edilməsi ilə bağlı konkret təkliflərini səsləndirdi. «Biz təbii ki, idman obyektlərinin tikilməsinin tərəfdarıyıq. Amma Qarabağ əlilləri və şəhid ailələrinin mənzil tikintisi üçün nəzərdə tutulmayıb. Çox yaxşı olardı ki, həmin vəsaitin yarısı bu sahəyə ayrılsın. Söhbət təkcə növbəyə duran 5 mindən çox ailədən gedir».
Deputat Fazil Mustafa 9 milyarddan bir qədər artıq olan büdcənin bölüşdürülməsinin çətin olduğunu söylədi. Ancaq qeyd etdi ki, pulumuzun bol vaxtında da mədəniyyət, təhsil, səhiyyə işçiləri yaxşı yaşamırdılar. «Orta aylıq əmək haqqı 508 manat nəzərdə tutulub. Ərzaq məhsullarını, dərman preparatlarını və digər sahələri nəzərə alsaq, görərik ki, bu rəqəm kifayət etmir.
Bu gün qaçqın yataqxanalarının yanından keçəndə ürəyimiz ağrıyır. Biz qaçqınların problemlərini vaxtında, gəlirlərin çox olduğu vaxt həll edib bitirməliydik. Amma bun gün nəyin bahasına olursa-olsun bu sahənin vəsaitləri kəsilməməlidir». Deputat məşğulluqla bağlı vəsaitlərin, sosial müavinətlərin, maaşı və pensiyaların artırılması barədə də təklif verdi.
Zahid Oruc turizmdəki problemlərdən bəhs etdi: «Gürcüstanın ərazisi Azərbaycanın ərazisindən xeyli kiçikdir. Amma Gürcüstana ildə gələn turistlərin sayı 6 milyondur, bizdə 1 milyon. Gürcüstanın təbii zənginliyi bizdən on dəfələrlə aşağıdır. Bu fərqin yaranmasının bir səbəbi var, xarici vətəndaş öz vəsaitinin 60 faizini hotel və nəqliyyata verəcəksə, o ölkəyə gəlməyəcək».
Z.Oruc büdcə müzakirələri zamanı iki sabiq nazirlə bağlı məhkəmə prosesinin davam etdiyini xatırladaraq bildirdi ki, həmin nazirliklərin ətrafında baş verənlərin təkrarlanmaması üçün büdcə vəsaitlərinin xərclənməsində mexanizmlər hazırlamalı, həyata keçirməlidir. «Bizim millətin psixologiyası elə qurulub ki, biz sabit manat istəyirik. Bu zaman vətəndaş da öz saxlancında olan ehtiyatını ortaya çıxaracaq, sahibkar da»-deyə, Z.Oruc devalvasiyadan bəhs etdi.
Deputat Vahid Əhmədov ƏDV ilə bağlı diferensial vergi sisteminin tətbiqinə çağırdı: «Aparılan islahatlar hərtərəfli olmalıdır, həm instisional, həm kadr islahatları aparılmalıdır. Yalnız bu halda problemlərin həllinə nail olmaq mümkündür». V.Əhmədov bir sıra qapalı təşkilatlara böyük miqdarda vəsaitlərin ayrıldığını, lakin burada xərcləmə ilə bağlı araşdırmaların aparılmadığını vurğuladı. «Biz ölkədə inkişafa nail olmaq istəyiriksə, elmə ayrılan vəsaitləri artırmalıyıq» deyə, V.Əhmədov əlavə etdi. Həmçinin iki devalvasiyadan sonra əhalinin maaş və pensiyalarına əlavələrin edilməsini zəruri saydı. Deputat bankların bağlanmasına qarşı çıxdı: «Biz bank sistemini sağlamlaşdırmasaq, ölkədə inkişafa nail ola bilmərik».
V.Əhmədov Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından danışdı: «Burada iki məqsəd ola bilər: ya dövlət büdcəsinə əlavə vəsait daxil etmək istəyiblər, ya da hansısa şirkətlərin istəyi nəzərə alınaraq bu qərar verilib. İndi deyirlər bu artımın 60-70 faiz əhaliyə təsiri yoxdur. Bunlar düzgün deyil. Qiymət artımına qədər əhalinin 80 faizi ödəniş edə bilirdi, insanların imkanı yox idi. Bundan sonra heç 80 faiz miqdarında da vəsaitləri yığmaq mümkün olmayacaq. Biz əhaliyə millət vəkili olaraq necə cavab verəcəyik? Deyirlər bu qərarla müəyyən vəsaitlər cəlb olunacaq. Mən iqtisadçıyam, yüz nöqtədən bu vəsaitlərin cəlb olunmasını göstərə bilərdim. Tarifləri artırmağa ehtiyac yox idi».
Daha sonra V.Əhmədov hökumətə sual etdi: «Son illərdə regionlara 36 milyard vəsait ayrılıb. Bu vəsait hara xərclənib?»
Deputat Əli Məsimli əhalini narahat edən məsələlərlə bağlı hökumətə 7 sual ünvanladı. Həmçinin «sahibkarları soyan məmur özbaşınalığına son qoyulacaqmı?»-deyə, məmurlardan cavab istədi.
Ə.Məsimli dedi ki, prezident tapşırıqlarının icrası üçün kifayət qədər vaxt verilsə də, nəticəsi olmur: «Bu, təxribatdır, səriştəsizlikdir, yoxsa saymazlıqdır?»
Deputat bahalaşma qərarına qarşı çıxdı: «Kölgə iqtisadiyyatının 10 faizinin daraldılması ilə Azərbaycanın büdcəsinə yarım milyard vəsait gətirmək olar. İşıq və qazdan büdcəyə 300 milyon vəsait cəlb edəcəklərini deyirlər. 300 milyona görə bu qədər narazılıq yaratmağa ehtiyac var idimi?»
Müzakirələr bu gün davam etdiriləcək.