Nəşriyyat demişkən, sovet dövrünün ruhunu hələ də qoruyub saxlayan bu «mətbuat ocağı» ilə bağlı özəl xatirələrim var. Artıq 16 ildir mətbuatda olsam da, nəşriyyatda cəmi iki ay - «GÜNSəhər» qəzetində çalışan vaxtlarda işləmişəm. O zamana qədər «reket» jurnalistikasının iş prinsiplərinə bələd deyildim. Azacıq müşahidə aparmaqla bu haqda xeyli məlumatlı oldum.
Adətən, informasiya agentliklərində və gündəlik qəzetlərdə çalışan peşəkar
jurnalistlər bir-biri ilə rastlaşanda salamdan sonra bu sualı səsləndirirlər: «Təzə
nə xəbər?» Bu sual sözün birbaşa mənasında xəbəri, məlumatı ehtiva edir və azərbaycanlıların
gündəlik jarqonundakı «Sağlığın» cavabını tələb etmir. «Reket» qəzetlərdə işləyənlər
isə nəşriyyatın dəhlizlərində rastlaşarkən bir-birinə bilirsizmi hansı sualı
ünvanlayırlar? - «Təzə nömrə var?»
Bilirəm, bu sualın mənasını ilk baxışdan anlamayacaqsınız. Elə mən də ilk dəfə
eşidəndə gözlərimi döymüşdüm. Bunun mənasını vaxtilə «Hürriyyət» qəzetində birgə
işlədiyim, qeyri-təvazökarlıq kimi çıxmasın, qələm tutmağı və yazı yazmağı öyrətdiyim
xanımdan öyrəndim. O xanım peşəkar jurnalistikada pul, dolanışıq olmamasından
bezib «reket»lərə qoşulanlardan idi.
Demək, «Təzə nömrə var?»ın sirri belədi – nəinki ayda, heç üç ayda bir dəfə nəşr
olunmayan «reket» qəzetlərin əsas dolanışıq mənbəyi məktəb direktorları, MİS rəisləri,
kiçik idarə və müəssisələrin rəhbərləridi. Nömrə deyərkən yenicə hədəfə gələn
subyektlərin telefon nömrələri nəzərdə tutulur. Əgər yeni hədəf ona zəng edib «Sizin
haqqınızda redaksiyamıza tənqidi material daxil olub» deyən şəxslə yumşaq
danışdısa və həmin «material»ın çap olunmaması müqabilində müəyyən məbləğ ödəməyə
razılaşdısa, el dilində desək, qanı getdi. Çünki nömrəsi bir «reket»in əlindən
o birinin əlinə keçəcək. Üstəlik, nömrənin üstündə haqqında bir kompliment də
işlədəcəklər: «Sağ olsun, pul verəndi…»
Bir dəfə Mətbuat Şurasının Əflatun Amaşov bununla bağlı maraqlı bir fakt
açıqlamışdı: bir ailənin üç üzvünün - ərin, arvadın və oğulun Ədliyyə
Nazirliyində rəsmən dövlət qeydiyyatından keçmiş qəzeti var. Bu ailə məktəb
direktorlarını, MİS rəislərini və təpədən-dırnağa çirkab içində olan aşağı
ranqlı məmurları növbə ilə şantaj edib pul alırmış…
Keçmiş iş yoldaşım mənə «reket»lərlə bağlı bir maraqlı fakt da açıqlamışdı.
Dediyinə görə, nəşriyyatda yeni işləməyə başlayan jurnalistlər də «reketlər»in əsas
gəlir mənbəyidi: «Kimsə bura yeni gəlibsə, «reket» qəzetlərin rəhbərlərinin əlinin
altında olan qızlar fəaliyyətə keçirlər. Bir-iki dəfə qaş-göz eləməklə yeni
tanışlıqlar başlayır, iş kulminasiya nöqtəsinə çatdıqdan sonra isə qızlar səhnədən
çəkilir, səhnəyə oğlanlar daxil olur. Onlar xam, təcrübəsiz hədəfə qızın… ondan
hamilə qaldığını bildirirlər. Əgər qarşı tərəf evlidisə, lap pis – «qızla birgə
şəkillərin var, arvadına göndərəcəyik» təhdidi lap işə yarayır. Subaydısa, «abort
pulu»nu almaqla kifayətlənirlər».
Mətbuat Şurasının açıqladığı son siyahıda dörd qəzetin adında «Naxçıvan», bir qəzetin
adında isə «Qərbi Azərbaycan» sözü var. Bunlar «Böyük Naxçıvan», «Naxçıvan
Press», «Müasir Naxçıvan», «Naxçıvanın səsi» və «Qərbi Azərbaycan» naminə qəzetləridi.
Demək olmaz ki, bunların hamısı Rizvan Cəbiyev məktəbinin yetirməsidi və ya rəhbərləri
əslən böyük (kiçik) torpaqdandı. Əminəm ki, onların əksəriyyətinin, bəlkə də
çoxunun regional mənsubiyyət baxımından nə Naxçıvana, nə də Qərbi Azərbaycana
aidiyyəti yoxdur. Sadəcə, bir qrup insan dövrlə ayaqlaşmağı Naxçıvan ləhcəsiylə
danışmağı öyrənməkdə, digərləri də bu adla qəzet çıxarmaqda görürlər. Təbii ki,
qədim tarixə malik iki bölgənin adının bu səviyyəyə endirilməsi təəssüf
doğurur. Amma neyləməli? «Uşaqdakı fərasətə bax!»
Fərasətli uşaqlardan biri də mənim qonşumdu. Bizim blokun lifti tez-tez xarab
olur. Hər dəfə də utana-utana gedib MİS rəisindən xahiş edirəm ki, liftimizi
düzəltdirsin. Çox vaxt da xahişlərim elə havada qalır. Bu yaxınlarda bilmişəm
ki, mənim - gündəlik qəzetin redaktorunun xahişlərini qulaqardına vuran MİS rəisi
üç ayda bir dəfə çıxan «reket» qəzetlərdən birinin müxbir vəsiqəsini gəzdirən həmin
qonşuma aylıq haqq verir. Bundan yazmasın deyə… («Bizim Yol» qəzeti, 26.04.2009)