Vaxt.Az

Gələcəyi təhlükədə olan Azərbaycan baleti


 

SSRİ-nin seçilən baletləri məhz Azərbaycanda yazılıb

Gələcəyi təhlükədə olan Azərbaycan baleti ...Musiqi. Uzun və biçimli ayaqların hərəkəti. Balet truppası məşq edir. Cənnət xala qəfildən peyda olur. - Vay-vay, bunlar hamısı lüt-madarzıdır ki. Ay-hay, ay-hay. Biabır olasınız, eləə. Bu nə biabırçılıqdır? Adam baxanda xəcalət çəkir. - Baletdir də. - Həə, həə, baletdü, baletdü... Ardınca da Cənnət xalanın məsxərə mənasında əl yellətməsi...

Yəqin ki, «Qayınana»nın bu dialoqunu orta-statistik azərbaycanlının balet sənətinə olan münasibətinin güzgüsü saymaq olar. Əlbəttə, balet kütləvi sənət deyil, müəyyən intellektual səviyyəsi, sənət təcrübəsi olanlar üçün nəzərdə tutulub. Hazırlıqsız tamaşaçını iki saatlıq balet tamaşasına aparsan, ya yuxulayacaq, ya da o dünyanın əzabını bu dünyada yaşayacaq. Zatən, balet yarandığı gündən rahat həzm olunan meydan tamaşaları sayaq kütlə üçün nəzərdə tutulmadı.

Fransız sözü «balleto»dan götürülüb «rəqs edirəm» mənasını verən balet sənəti xoreoqrafiyanın ən yüksək pilləsidir və ilk dəfə XVI əsrdə italiyalı baletmeyster Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib.

Bu sənətin Azərbaycanda yaranma tarixi isə 1940-cı ildən başlayır. Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletinin adı ilə bağlı olan baletin ilkin rüşeymləri 1920-ci illərin əvvəllərində gedib çıxır. 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini məhz bu məktəbdə öyrənib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1950-ci ildə tamaşaya qoyulan ikinci səhnə əsəri Soltan Hacıbəyovun «Gülşən» baleti olub. 1952-ci ildə isə Qara Qarayevin «Yeddi gözəl» əsərinin səhnə quruluşu ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub.

Azərbaycan balet tarixində növbəti yeni səhifə Arif Məlikovun adı ilə bağlıdır. Bəstəkarın 1961-ci ildə yazdığı «Məhəbbət əfsanəsi» baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkəsinin opera teatrlarının repertuarında yer aldı.

Sonrakı illərdə Aqşin Əlizadənin «Babək», Xəyyam Mirzəzadənin «Ağ və qara», Polad Bülbüloğlunun «Eşq və ölüm» baletləri milli musiqi sənətimizi zənginləşdirib.

Bəs balet sənətinə münasibət bu gün necədir? Yeni əsərlər yazılırmı, sənətin tədrisi hansı səviyyədədir, nə kimi problemləri var? 

 

Keçmiş SSRİ-də yaxşı qarşılanan, təqdir olunan baletlər məhz Azərbaycanda yazılıb

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə düşünür ki, balet sahəsində Azərbaycan hər zaman qabaqcıl sıralarda olub:

«Musiqi tariximizə baxsaq, bizim çox gözəl baletlərimiz yazılıb. Onlardan bəziləri səhnəyə qoyulub, bəziləri qoyulmayıb. Bu, başqa məsələdir. Balet operaya nisbətən daha çox yazılıb. Opera nadir hallarda yazılır. Son illərdə isə ümumiyyətlə, yazılmır. Sonuncu «İntizar» operasını mən yazmışam. On il keçib. Elə bilirdim, yeni cığırlar açılacaq, yeni əsərlər olacaq, amma nədənsə, olmadı. Opera qərb musiqisinin ən mürəkkəb janrıdır. Operanın yazılması nə qədər çətin də olsa, biz bu ənənəni davam etdirməliyik. Bunu bəstəkarlara dəfələrlə demişəm. Düzdür, bəstəkara zorla heç nə yazdırmaq olmaz, amma bacardığımız qədər təbliğat aparırıq. Balet sahəsində isə son illərdə yazılan əsələr var. Məsələn, Polad Bülbüloğlu «Eşq və ölüm» baletini yazıb, səhnəyə də qoyulub. Yekaterinburqda səhnəyə qoyulanda mən özüm də çıxış elədim».

F. Əlizadə əlavə edib ki, Fikrət Əmirovun «Nəsimi» baleti Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə yenidən bərpa edilir: «Vaxtilə Qara Qarayev «Yeddi gözəl» və «İldırımlı yollarla», Fikrət Əmirov «Min bir gecə», «Nəsimi» kimi möhtəşəm baletlər yazıb və çox gözəl qarşılanıb. 2017-ci ildə Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə «Nəsimi» baleti təzədən bərpa olunur. Təkrar edirəm ki, balet sahəsində bizdə heç vaxt problem olmayıb. Onu da qeyd edim ki, balet sənətini Azərbaycan tamaşaçısı hər zaman məmnuniyyətlə qəbul edib, onu yüksək qiymətləndirib. Məsələn, Qara Qarayev və Fikrət Əmirov baletlərinə görə həm Dövlət mükafatları alıblar, həm də Lenin mükafatına layiq görülüblər. Keçmiş SSRİ-də yaxşı qarşılanan, təqdir olunan baletlər məhz Azərbaycanda yazılıb».

Balet sahəsinin ən vacib tərəflərindən biri tədrisin düzgün qurulması, gənclərdə bu sahəyə marağın artırılmasıdır. Tədrisdə əsas qayğılardan biri klassik baletə olan marağın azalmasıdır. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. O səbəblərdən biri mentallıqdan irəli gələn problemlərdirsə, digəri klassik baletin insanlar üçün maraqlı olmamasıdır.

 

Bəzi valideynlər övladının səhnəyə çılpaq çıxıb oynamasını özlərinə sığışdırmır

 

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev bütün sənət sahələrində olduğu kimi opera və balet sahəsində də problemlərin olduğunu gizlətmir. Rektor bu sənətin 60-cı illər səviyyəsində olmadığını etiraf edir: «İnformasiya vasitələri o qədər inkişaf edib ki, insanlar nəinki teatra, digər sahələrə o qədər də maraq göstərmirlər. Bakı Xoreoqrafiya Akademiyasında balet sənəti tədris olunur, kadrlar  hazırlanır. Deyə bilərəm ki, milli rəqslərdə problem yoxdur. Klassik baletin problemi ondandır ki, bizim mentalitetdə buna bir az başqa cür baxırlar. Bəzi valideynlər özlərinə sığışdırmır ki, övladı çılpaq çıxıb səhnədə oynasın. Hətta öz dostlarımız da belə düşünür. Klassik balet üzrə fəaliyyət göstərən ixtisasda uşaqların azlığı hiss olunur. Uşağı yeddinci sinfə qədər qoyurlar ki, boy-buxunu, qaməti düzəlsin, sonra götürüb aparırlar».

Rektor bu stereotipi dağıtmaq üçün təbliğat işlərinin aparılmasının vacibliyini önə çəkir: «Biz bütün imkanlarımızdan istifadə edib bu sahədə təbliğat aparırıq. Özüm şəxsən bu işlə çox ciddi məşğulam. Dünyada yeni cərəyanlar yaranıb: modern rəqs, step rəqs və s. Ona görə xaricdə də klassik baletə maraq azalır. Başqa bir tərəfdən yeni balet cərəyanları bizdə öyrənilməyib. İndi-indi başlamışıq onu tədris etməyə, öyrənməyə. Bir ildə xaricdən səkkizə yaxın mütəxəssis çağırmışam. Bizim böyük balet ənənəmiz var. Çalışırıq ki, klassik baletə xüsusi fikir verək. Bununla yanaşı, ali məktəbi bir ixtisasla saxlamaq mümkün deyil. Ona görə də qohum ixtisaslar açmışıq».

Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov APA-ya açıqlamasında son illərdə Azərbaycan bəstəkarlarının bu janrda əsərlər yazmadığını və bunun narahatlıq yaratdığını dilə gətirib. İttifaq katibi hesab edir ki, balet janrının inkişafı, populyarlaşması üçün proqram yaradılmalıdır: «Balet elə sənətdir, hər bəstəkar istəyər ki, bu janra müraciət eləsin. Bu janrda Azərbaycanda çox gözəl nümunələr olub və onlar indiyə qədər səhnədən düşmür. Əfrasiyab Bədəlbəylinin «Qız qalası», Qara Qarayevin «Yeddi gözəl», «İldırımlı yollarla», Soltan Hacıbəyovun «Gülşən» baletlərinin adını çəkə bilərəm. Lakin ardını gətirə bilmirəm. 60-70-ci illərdə birpərdəli baletlər də yaranmışdı. Məsələn, Fərəc Qarayevin «Qobustan kölgələri», «Kaleydoskop», Tofiq Bakıxanovun «Xəzər balladası», «Xeyir və Şər» baletləri yazılmışdı. Müasir dövrümüzdə yeni baletləri az görürük. Bəstəkarlarımız arasında bu janra o qədər də müraciət edən yoxdur. Əlbəttə, burda müxtəlif səbəblər var. Balet gözəl janrdır. Özü də xarici ölkələrin müasir musiqisində çox populyardır. Azərbaycan bəstəkarları bu tilsimi qırmalı, gözəl yeni baletlər ortaya qoymalıdırlar. Bu, təkcə arzu deyil, həm də proqram kimi nəzərdə tutulmalıdır. Balet, opera, simfoniya bəstəkarın gücünü-qüdrətini göstərən janrlardır. Hər bəstəkar bu janrlara müraciət edib uğur qazana bilmir. Bir halda ki, Azərbaycanda saydığım baletlər var, əlbəttə, yeni nəsil bəstəkarlar da yeni baletlər haqqında düşünməlidir».

 

Hər bəstəkar bu janrlara müraciət edib uğur qazana bilmir

 

«Müasir dövrdə nəyə görə yeni baletlər yazılmır» sualına isə Sərdar Fərəcovun cavabı belə olub: «Bilirsiniz ki, balet janrı bəstəkardan neçə il ömür istəyir. Bəstəkarın həm fiziki, həm də mənəvi qüvvəsi olmalıdır. Balet yazmaq həqiqi mənada böyük işdir. Bunun müqabilində əsər səhnəyə qoyulmursa, yaxud hazırlanıb bir dəfə nümayiş olunursa, onda danışmaq çətin olur. Əsərlərinin aqibətini əvvəlcədən görən bəstəkar bir az çəkinir. Mahnı janrı belədir ki, bu gün yazdın, bir müğənni oxudu, sabah başqasının dilində səslənəcək. Baletin arxasında nə qədər böyük zəhmət çəkilir, onu səhnədə saxlamaq böyük qüvvə istəyir. İstedadlı bəstəkarımız Azər Dadaşov 20 ildir deyir ki, balet yazmaq istəyir, amma libretto tapa bilmir. Balet təkcə bəstəkar tərəfindən yaradılmır. Bu, ədəbi mətni yazan, səhnə həllini tapan insanların müştərək işidir. Yəni belə bir komanda yığılanda yeni baletlər də ortalığa çıxacaq».

Azərbaycanda balet tamaşalarının nümayiş olunduğu yeganə mədəniyyət ocağı Opera və Balet Teatrıdır. Bəs bu teatrın repertuarına hansı tamaşalar daxildir? Tamaşaçıların marağı hansı səviyyədədir? Teatrın balet truppasının baş baletmeysteri, xalq artisti Kamilla Hüseynova da APA-a fikirlərini açıqlayıb. Baş baletmeyster əvvəlcə balet tamaşalarına olan tamaşaçı marağından danışıb. Onun sözlərinə görə, Opera və Balet Teatrı tamaşaçı qıtlığından heç vaxt əziyyət çəkməyib:

«Bizim tamaşaçılarımız təkcə yerli tamaşaçılar olmur. Bakıya qonaq gələn insanlar, diplomatik korpusun nümayəndələri, turistlər teatrımızın daimi tamaşaçılarıdır. Teatrın repertuarına bir sıra klassik dünya bəstəkarları və milli bəstəkarların balet tamaşaları daxildir. Bilirsiniz ki, Opera və Balet Teatrının balet truppasında milli baletimizin ən görkəmli nümayəndələri, məsələn, SSRİ xalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnyov, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Mədinə Əliyeva və başqaları çalışıblar. Bundan başqa, balet truppamızın yetirmələrindən Timur Əsgərov indi Sankt-Peterburqun Mariinski Teatrında, Ülvi Əzizov Latviya və Çexiyada, əməkdar artist Naira Ramazanova Kanadada çalışırlar. Repertuarımızda klassik bəstəkarlarla yanaşı, müasir bəstəkarların tamaşalarına da geniş yer verilib. Məsələn, Polad Bülbüloğlunun «Eşq və Ölüm», Tofiq Bakıxanovun «Xəzər balladası», «Xeyir və Şər», Aqşin Əlizadənin «Qafqaza səyahət». «Ümid valsı», Xəyyam Mirzəzadənin «Ağ və Qara», Fərəc Qarayevin «Qobustan kölgələri», Elnarə Dadaşovanın «Səyalı», Oqtay Zülfüqarovun «Sehirli alma» və s. tamaşaları göstərmək olar. Azərbaycanın müstəqilliyi illərində teatrın balet truppası bir sıra ölkələrdə - 4 dəfə Moskvada Böyük Teatrda, Sankt-Peterburqda Mariinski Teatrında, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında, Antalya, İstanbul və Ankarada, Paris və Strasburq şəhərlərində qastrol səfərlərində olub».

 

«Belə davam etsə, fikrimcə, bizdə balet çox yaşamayacaq»

 

Opera və Balet Teatrının solisti, xalq artisti Gülağası Mirzəyev isə bu sahədə olan bir sıra ciddi problemlərə toxunub. Bunların sırasına sosial təminatdan tutmuş, ictimai maraq, tədris səviyyəsi, reklam və təbliğata qədər müxtəlif qayğılar daxildir. Xalq artisti düşünür ki, balet çətin, əziyyət tələb edən sənət olsa da, insanların əksəriyyətinin bu sənətdən xəbəri yoxdur:

«Deməzdim ki, Opera və Balet Teatrının tamaşaçısı azdır. Sadəcə, bu sahədə təbliğata, reklama ciddi ehtiyac var. Bu sənətin inkişaf etməsi üçün həm qiymətləndirmək, həm də kömək etmək lazımdır. Azərbaycanda Xoreoqrafiya Akademiyası və onun nəzdində balet məktəbi fəaliyyət göstərir. Onlar strukturu qurublar, amma həmin struktur xoreoqrafiyanın inkişafı üçün işləmir. Onlar instrumental, menecmentlik və başqa işlərlə məşğuldurlar ki, daha çox adam yığsınlar. Bu, mənim fikrimdir. Akademiyada sırf xoreoqrafiya, sırf balet üçün şərait yaratmaq lazımdır ki, bu iki ixtisas inkişaf etsin. Gələcəkdə belə davam etsə, fikrimcə, bizdə balet çox yaşamayacaq. Bizim sənətə çox diqqət etmək lazımdır. Dəfələrlə bu sahədə olan problemləri açıqlamışam. Amma deyəsən, qulaq asan yoxdur. Ən böyük problemlər də son beş il ərzində başlayıb».

G. Mirzəyevin sözlərinə görə, balet artistlərinə ən böyük zərbəni 2006-cı ildə qəbul olunan pensiya haqqında qanun vurub. O, hesab edir ki, bu qanun balet sənətinin gələcəyinə problemlər yaradacaq: «Balet artistləri 15-20 il çalışırlar. Bu, idman kimidir. Yalnız gənc artist səhnəyə çıxıb oynaya bilər. Əvvəlki qanuna görə artistlər 15, solistlər 20 il işləyəndən sonra pensiyaya çıxa bilərdilər. Yəni 20 il işlədin, istəyirsən, müəllim kimi davam elə, istəyirsən, sənəti tərk elə, pensiyanı alacaqsan. İndiki qanuna görə isə balet artistləri adi vətəndaş kimi 65 yaşdan sonra pensiyaya çıxa bilər. Balet artisti 15-20 ildə bütün gücünü-bədənini, ayaqlarını, belini, ürəyini xərcləyir. İndi siz fikirləşin: kim uşağını bu sənətə verər? Valideyn bilir ki, 15-20 ildən sonra onun uşağı küçədə qalacaq. Mən 24 ildir, Opera və Balet Teatrında çalışıram. Üç ildən çoxdur ki, köhnə qanunla səhnədən uzaqlaşa bilərdim. Amma indiyə qədər işləməyə məcburam. Çünki yeni qanunla pensiya ala bilməyəcəyəm. Mənim kimi çox balet artisti bu vəziyyətdədir».

P.S.: Yazının əvvəlində «Qayınana» filmindən dialoq yazmışam. Ümid edirəm, biz Cənnət xala kimi balet haqqında «bu nə biabırçılıqdır?» düşüncəsi ilə yaşamırıq. Onda bir zəhmət, yolumuzu Opera və Balet Teatrının kassalarından salaq. Qiymətlər? Əgər siz teatrın truppasına daxil olan balet artistlərinin iştirakı ilə nümayiş olunan səhnə əsərinə baxmaq istəyirsinizsə, 13-16 manat xərciniz çıxacaq. Yox, könlünüzdən qastrol səfərinə gələn xarici artistlərin bacarığını görmək keçirsə, onda 22-33 manatınızdan keçməli olacaqsınız. Bahadırmı? Mən bilmirəm. Bu qalır sizin sənət sevginizə. Könül istər, içimizdəki teatr sevgisi, sənət təəssübkeşliyi tükənməz olsun...

 





07.12.2016    çap et  çap et