Ölkəmizdə də həmyerlimizin ən yüksək və xoş sözlərlə xatirəsi yad edildi: «Heydər Camalın ölümü Azərbaycan diasporu, elmi ictimaiyyəti üçün böyük itkidir», «Qarabağ haqqımızı ədalətli müdafiə edən, erməni uydurma çıxışlarına tutarlı cavab verən, prinsipial mərd vətənpərvər bir insanı itirdik», «Azərbaycan üçün gördüyü işlər danılmazdır»- s. sözlər...
Ancaq bu təriflərin, yüksək sözlərin müqabilində bir sual edən olmadı: Bu rəhmətlik vətən oğlunu necə, hansı səviyyədə, harada dəfn edək? Niyə ki, Qazaxıstanda dəfn edildi, necə dəfn edildi, niyə özü bunu bizdə, Azərbaycanda istəmədi? Nəhayət, niyə bu dəfinə dövlət, ictimai-ziyalı heyətimiz getmədi, niyə hərəkətimiz olmadı, bir əməli addım atılmadı?
Qazaxıstan çöllərinin çox ucqar bir yerindən Heydər Camalın dəfnindən şəkillər paylaşıldı. O dəfndən nəsə əlamət var idimi ki, bütün postsovet məkanının sayıb hörmət etdiyi bu məşhur, bu tanınmış mütəfəkkir insan azərbaycanlıdır? Nə isə...
Yaxşıca düşünürük, saf-çürük edirik, danışırıq... Əməli-praktik fəaliyyət isə, yoxdur! Reallıq yoxdur. Fəaliyyət göstərib, hərəkət edib işləməkdən başqa hər şeyi gözəl bilirik. Hər sahədə bu cür kütləvi fəaliyyətsizlik, küt hərəkətsizlik, işləksizlik, dinamik tormozlanma basıb bizi...
Heydər Camal yaşadı, çalışdı, yaratdı. Böyük bir postsovet məkanında irəli çıxdı, tanınib hörmət qazandı, köçüb çıxıb gedib haqqın dərgahına qovuşdu. Bəs, biz nə edəcəyik, bu çalışqansızlıq, hərəkətsizliklə? Belə templə bu ağır iqtisadi böhrandan çıxa biləcəyikmi?
Açılışıb hərəkətə, öz istehsal, yaradıb-qurma tempimizə keçməsək, bu durğun fiziki-psixoloji durumla hansısa maaş artımları, kompensasiyalar ya, lap süni ucuzlaşmalar bizə kömək edəcəkmi? Quyuya su tökməklə, quyuda su olacaqmı?