Vaxt.Az

Topçubaşovdan qalan tribuna


 

141 yaşlı Azərbaycan mətbuatının 135 yaşlı, «Əkinçi»dən sonra ən qocaman qəzeti - «Kaspi»

Topçubaşovdan qalan tribuna Ötən gün Bakı Əyləncə Mərkəzində «Kaspi» qəzetinin yaranmasının 135 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar iştirak ediblər.

Yubiley tədbirində əvvəlcə qəzetin tarixinə həsr olunmuş film göstərilib. Sonra «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolundan söhbət açıb. Qeyd edib ki, milli mətbuatın 140 ildən çox tarixi inkişaf prosesində «Kaspi» qəzeti geniş dövrü əhatə edir. O, bildirib ki, tarixi «Kaspi» qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybaay bizlərə çatdırmağa nail olub. S.Vəliyevanın sözlərinə görə, «Kaspi»yə öz fəaliyyətləri ilə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi olub: «Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olmuşdu. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla «Əkinçi» işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları təkrar düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi. Həsən bəy Zərdabinin Kuzminə verdiyi məsləhətlə qəzet açmaq təşəbbüsü dəyərləndirilir. Kuzmin rus olduğu üçün müraciətinə qısa bir müddətdə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzetin «Çıraq» adı ilə Azərbaycan dilində əlavəsinin çıxması ideyasına isə «yox» cavabı verilir. Beləliklə, «Kaspi» yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçir. Bu tarix həm də millətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyüklü proseslərdə «Kaspi» qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtanlara məruz qalsalar da, əqidə sadiqliyi göstərərək, həqiqətə və azadlığa doğru irəliləyərək istiqlal mücadiləsindən dönmədilər. Bu yolun yolçularını vahid əqidə birləşdirirdi – milli mücadilə, milli istiqlal!».

S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə «Kaspi»də fəaliyyət göstərən ziyalılar bu qəzet vasitəsilə fikir adamlarının həmrəyliyinə nail olublar: «Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi. «Kaspi» 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub. Tarixdə iz qoymuş «Kaspi» bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz «Kaspi»çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq».

S.Vəliyeva xatırladıb ki, müasir «Kaspi» qəzeti XX əsrin sonlarında, 1999-cu ilin mart ayında ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb: «Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalaşmış, yeni qəzetçilik ənənəsi yaranmışdı. «Kaspi» media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi. «Kaspi» media etikasına daim sadiq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirdi. Qəzet sələfinin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın olduğunu sübut etdi. Bu gün «Kaspi» əhatəli oxucu auditoriyasına malikdir. Qəzetimiz həftənin cümə axşamı «Teatr», cümə «Gənclik qəzeti», şənbə günləri isə «Ədəbiyyat» əlavəsi ilə nəşr olunur».

Yubiley tədbirində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev də çıxış edərək «Kaspi» qəzetinın Azərbaycan mətbuatında xüsusi yeri olduğunu vurğulayıb. O, bildirib ki, XIX əsrdə rus dilində nəşr olunan bu mətbu orqan dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib. Administrasiya rəsmisi deyib ki, «Kaspi» qəzeti o zaman Azərbaycan xalqının adət-ənənələrini təbliğ edən, cəmiyyətin aktual məsələlərini ictimai müzakirəyə çıxaran, tanınmış maarifçilərin, mütəfəkkirlərin fikirlərini xalq arasında yayan nəşr kimi bütövlükdə cəmiyyətin maariflənməsinə, milli təfəkkürün formalaşmasına mühüm töhfələr verib: «Bolşevik işğalından sonra Azərbaycanda milli mətbuat faktiki olaraq fəaliyyətini dayandırıb. Yeni yaradılan mətbuat isə Azərbaycanda senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qalıb. 1990-cı ilin əvvəllərində Azərbaycanda milli müstəqilliyin bərpa olunması həm də milli mətbuat qarşısında yeni üfüqlər açıb, onun öz tarixi köklərinə, prinsiplərinə qayıtması üçün şərait yaranıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması və Azərabaycanda başlanan demokratik islahatlar və bunun tərkib hissəsi kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə yüksəlməsini təmin edib».

Administrasiya rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən Heydər Əliyevin tövsiyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş «Kaspi» qəzetinin inkişafına çox əlverişli şərait yaradıb. V.Əliyevin sözlərinə görə, «Kaspi» qəzeti adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 135 illik Azərbaycan mətbuat tarixini çiyinində daşıyan mətbuat orqanıdır: «Elə buna görədir ki, fəaliyyətinin bərpa edilməsinin ilk günündən «Kaspi» qəzeti cəmiyyətdə milli təəssübkeşliyin nümunəsini təqdim etməyi, onun informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarıb. «Kaspi» qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb».

V.Əliyev Azərbaycanda söz, mətbuat azadlığının təmin olunduğunu da dilə gətirib. O, Azərbaycanda 300-ə yaxın informasiya portalının, onlarla televiziya kanalının olduğunu, ölkədə internetdən istifadənin azadlığını diqqətə çatdırıb. Bildirib ki, bütün bu hallar medianın inkişafına təkan verir. PA-nın şöbə müdirinin müavini Azərbaycanda mediaya dövlət tərəfindən dəstək verildiyini qeyd edib.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, «Kaspi» qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir. Onun sözlərinə görə, qəzet öz ətrafında o dövrün ziyalılarını birləşdirib, o dövr üçün xalqın problemlərini gündəmə gətirib. Millət vəkili vurğulayıb ki, müasir «Kaspi» qəzeti özündən əvvəlki «Kaspi»çilərin maarifləndirmə missiyasını bu gün də şərəflə yerinə yetirməkdədir.

Yubiley tədbirində «Kaspi» qəzetinin yorulmaz tədqiqatçısı, 3 əsrin qəzetinin varlığını qoruyub günümüzə gəlməsində böyük xidmətləri olan, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük araşdırmaçısı, görkəmli alim Yavuz Akpinara «Kaspi» mükafatı təqdim olunub. Bununla yanaşı, «Kaspi» qəzetinin davamlı nəşri üçün əllərindən gələni əsirgəməyən sabiq baş redaktorlar Qadir İbrahimli, İnqilab Məmmədov, Nurəddin Heydərov və Natiq Məmmədli, həmçinin hazırkı baş redaktor İlham Quliyev mətbu orqanın inkişafındakı xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda, tədbirdə «Kaspi» qəzetinə Mətbuat Şurasının diplomu da təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

 





09.12.2016    çap et  çap et