Qəzetin yazdığına görə xüsusi xidmət orqanları Rusiya hakimiyyəti ilə əlaqələrki olan və seçki kampaniyasına müdaxilə edən şəxslərin kimliyini müəyyən ediblər. Həmin şəxslər Demokratlar partiyasının serverlərinə müdaxilə edərək Hillari Klintonun əleyhinə minlərlə kompromatlar əldə edib və onları «WikiLeaks» saytına ötürüb.
«Həmin şəxslər Rusiyanın Trampın irəliləməsinə yönəlmiş əməliyyatında iştirak ediblər və Hillari Klintonun kampaniyasına zərbə vurublar» - MKİ-dəki mənbə bildirib. Yüksək rütbəli amerikalı məmur deyib ki, Rusiyanın hərəkətləri namizədlərdən birinin, konkret olaraq Trampın dəstəklənməsinə yönəlmişdi.
Bildirilir ki, ötən həftə MKİ Rusiyanın seçki prosesinə müdaxiləsinə dair faktları Konqresin bir qrup nüfuzlu üzvü ilə keçirilən qapalı brifinqdə təqdim edib.
Tramp özü isə Rusiyanın onun seçilməsinə yardım etməsi barədə kəşfiyyatın iddialarını «siyasi motivli» adlandırıb. «Bu iddiaları hazırlayanlar vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu da eynilə iddia edirdilər» - Trampın qərargahı bildirir.
Qeyd edək ki, Tramp seçiləndən sonra da dəfələrlə Rusiya ilə yaxşı münasibətlər quracağı haqda bəyanatlar verib və administrasiyasında mühüm postlara Moskva ilə yaxınlığı olan adamları təyin edir.