Vaxt.Az

“O, bədbəxt prezident idi...”


 

Arif Əliyev: “Prezidentin mətbuat katibi olmaq istəmirdim”

“O, bədbəxt prezident idi...” “Özündən danış” layihəsinin növbəti qonağı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevdir.

Dosye: Ziyalı və kübar görünüşünün arxasında müəyyən edilməsi bəzi hallarda mümkünsüzmüş kimi görünən hiyləgərlik var. Yaddaşı zəifdir. Amma çox xarizmatik kişidir – bunu etiraf etməliyəm. Həm də maraqlı həmsöhbətdir. Özünü o yerə qoymasa da, cəmiyyətdə sosial maskasını formalaşdıra bilib...

- Gəlin, söhbətimizə sizin ən sevdiyiniz və mənim heç sevmədiyim mövzudan başlayaq: futboldan...

- Hə, bu, mənim ən sevdiyim mövzudur. Son vaxtlar isə futbol haqqında danışmaqdansa, izləməyə üstünlük verirəm...

- Niyə?

(Bu sualı söhbətləşdiyimiz otaqdakı tanımadığım bir qadın cavablandırır. Deyir, bu, yaşla bağlıdır. Arif bəy də səbəblərdən birinin yaşla bağlı olduğunu etiraf edir...)

- Bu Azərbaycan futbolu ki, var, kimin desəniz, həvəsini öldürə bilər. Sizə deyim ki, təxminən 2 il bundan əvvəl media nümayəndələri ilə futbol oynamışıq...

- Kimlər vardı komandanızda?

- Kimlər yox idi ki?! Şahbaz Xuduoğlu, Rauf Arifoğlu, Mətbuat Şurasının tanınmış simaları. Böyük qrup idik. Amma bu oyunların sonu biabırçılıqla  qurtardı...

- Nə baş verdi? Dava düşdü?

- Xeyr. Qapalı bir məkanda oynayırdıq və mənim pul kisəmi, sənədlərimi oğurladılar. Tərs kimi həmin gün bütün kredit kartlarını, sürücülük, şəxsiyyət vəsiqələrini və bütün digər sənədləri bir yerə yığmışdım. İnanırsınız, oğurlanan sənədlər arasında bu günə kimi bərpa edə bilmədiklərim  var. Bəlkə bu da futbola olan münasibətimi xeyli dəyişdirdi (gülür). Açığı, sizə deyim ki, artıq əvvəlki həvəs yoxdur. Futbol qədər tennisi də  sevirəm. Ötən ilə qədər tennis oynayırdım. Amma artıq oynamıram. Həyatın ritmi dəyişib.

- Tütün iyi gəlir...

- Siqaret çəkmişəm.

- Çox çəkənsiniz?

- Deməzdim. Son vaxtlar bağda yaşayıram. Bağ həyatı məndə siqaretə meyl yaratdı.

- İdmanı atıb, siqaretə meyl etməniz yaxşı hal deyil amma...

- Mən vaxtilə çox siqareti çəkən olmuşam. Bir səhər oğlum dedi ki, ata, niyə bunu çəkirsən?! Mən də oğluma dedim ki, düz deyirsən, siqaret qutusunu götür at. Sonra düşündüm ki, at dedim, amma yenə təzə bir qutu alacam. Almadım və təxminən dörd il çəkmədim. Siqaretlə bağlı problem hiss etmirəm, hiss etsəm, ataram.

- Niyə problemin yaranmasını gözləyirsiniz ki?  Axı bu, heç məntiqli deyil. Bəlkə çalışasınız ki, heç o problemin yaranmasın...

- Argentinada uzun ömürlü şəxsdən soruşublar ki, bu qədər yaşamağınızı nə ilə izah edə bilərsiniz? O, cavab verib ki, son illərə kimi siqaretin ziyanlı olduğunu bilmirdim. Bunu təbliğat kimi qəbul etməsinlər. Sadəcə, fərq odur ki, içib-çəkməyən insan sağlam ölür...

- Oğlunuzdan danışdınız, mən də söhbəti oğullarınızla davam etdirmək istəyirəm. Nə ilə məşğuldurlar?

- Oxuyurlar. Təəssüf ki, burada deyillər. Xüsusilə də böyük oğlum üçün darıxıram. Artıq beş ildir Kanadada təhsil alır. Nə etmək olar, burada mənim istədiyim kimi təhsil imkanları yox idi. Kişik oğlum isə Türkiyədə təhsil alır.

- Arif bəy, bu gün özünüzü jurnalistikanın içində, ya kənarında hiss edirsiniz?

- Məndə jurnalistikadan kənar olmaq hissi bir gün də olmayıb. 1987-ci ildə  "Molodoj Azerbaijana"da Azərbaycan jurnalistikası üçün maraqlı proseslər gedirdi və bu proseslər Nəcəf Nəcəfov fenomeninin yaranması ilə nəticələndi. Mənim də o zamanlar "Molodyoj Azerbaijana"da ardıcıl yazılarım dərc olunurdu. Yazının sənə ad da, pul da, hörmət də gətirdiyi zamanlar idi. Ona qədər “AzərTac”da işləyirdim. Orada yəhudi professionalları yığışmışdı və onları nə iləsə təəccübləndirmək mümkün deyildi. O jurnalistlərdən biri yazıma görə təbrik etmək üçün mənə zəng etmişdi. Təbrik etdikdən sonra dedi ki, 2-3 il keçəcək və sən bu günləri çox xatırlayacaqsan. O zaman bu sözlər mənə xoş gəlmədi, hesab etdim ki, uğuruma həsəd aparır. Amma sonra anladım ki, həqiqətən də jurnalistikada hər birimizin pik nöqtəsi var. Bu, bir müddət olur. Sən sonra ya o nöqtəyə qayıda bilmirsən, ya da qayıtmaq istəmirsən. Bu gün döyüşkən jurnalistikaya qayıda bilmərəm, amma publisistika, təşkilatçılıq sahələri ilə məşğulam. Bu bir tramvaydı, altına düşdünsə, çıxmaq olmur. Son vaxtlar bədii işlərlə də məşğul oluram. Hiss edirəm ki, roman yazmaq istəyəndə də bu roman deyil, roman-reportaj alınır. Çünki sən bütün xüsusiyyətlərinlə artıq jurnalistsən, jurnalist kimi düşünürsən.

- Bu fikirlərinizlə mənə  Ernest Heminqueyin yaradıcılığını xatırlatdınız…

- Heminquey böyük həyat təcrübəsinə və istedada malik şəxs olub.

-  Arif bəy, bugünkü jurnalistikamızı necə görürsünüz, vəziyyət necədir?

- Bu günkü jurnalistika bizim can atdığımız ideallardan, təsəvvürlərdən çox uzaqdadır. Bu gün jurnalistikamızda romantika azdır, olduqca rasional və quru jurnalistikadır. Sonra savadsızlığı qeyd etmək istəyirəm, dəhşətli dərəcədə savadsızlıqdır. Siz Heminqueyin yaradıcılığını xatırladığınızı dediniz, mən üçdən artıq kitab oxumuş jurnalist görəndə elə bilirəm ki, neandertal insana baxıram. Sonda da deyim ki, jurnalistikamız peşə ləyaqətini itirib. Fazil İsgəndər deyirdi ki, insan ləyaqəti əlindən alınmamış ölməlidir. Düşünürəm ki, bu, barmaqla sayılacaq qədər az jurnalistimizə nəsib olacaq. Jurnalistlərimiz həm peşə ləyaqətini, həm də şəxsi ləyaqətlərini itiriblər. Bəlkə də özlərini media kapitanları adlandırmağa başladıqdan sonra itirdilər. Mediamızda çox insan, hətta dəyərli ziyalılarımız da vicdanları ilə güzəştə getdilər və sonda bəlli oldu ki, əvəzində heç nə qazanmadılar. Yenə həmin dilənçi media mövcuddur. İndi bəzilərindən soruşanda ki, nə ilə məşğulsan, deyir abrımı qorumaqla... (gülür).

- Siz də abrınızı qorumaqla məşğulsunuz?

- Prinsipcə, hə...

- Ona görə səsiniz az-az eşidilir?

- Bəli.

- Abrınızı qorumaqdan başqa nə ilə məşğulsunuz?

- Təşkilatı saxlamaq üçün müəyyən layihələr var ki, icra olunur. Düzdür, bu gün o layihələrin hər hansı birinin vəziyyətə ciddi təsir edəcəyi qənaətində deyiləm. Bilirsiniz ki, Baki Mətbuat Klubunun, Azərbaycan Mətbuat Şurasının yaradılması və sair kimi layihələri ortaya qoyanda güman edirdim ki, nələrisə dəyişə bilərəm. Çünki bunlar ambisiyalı layihələr idi. Mənə belə şeylər maraqlıdır, nələri dəyişə biləcəyim maraqlıdır.  İndi də vəziyyətə təsir edə biləcək, dəyişəcək nəsə axtarmaq lazımdır və mən o axtarışdayam. Hələ ki, çıxış yolu görmürəm. İndi çap Kütləvi İnformasiya Vasitələrinin satışının bütövlükdə elektron formata köçürülməsi üzərində işləyirik. Bununla da yayım aşlılığını aradan qaldırmaq istəyirik. 

- Pula həmişə hər kəsin ehtiyacı var. Sizindəmi?..

- Böyük ehtiyacı olur, Sədan xanım (gülür).

- Bəs pulu hardan qazanırsınız?

- Son illər, yəni uşaqlar xaricdə təhsil almağa başlayandan sonra təşkilatçılıq sahəsi ilə məşğul oluram, treninqlərə gedirəm. Onu da deyim ki, ucuz treyner deyiləm. Hesabatların, məqalələrin hazırlanmasından da gəlir əldə edirəm. Onların da səhifəsinin minimal qiyməti 30 avrodur. Bütün imkanlardan, vicdanlı üsullardan istifadə etməklə pula olan ehtiyacımı aradan qaldırıram.

- Arif bəy, deyirlər çox qrant alırsınız. Bu sahədə adınız çıxıb...

- Eşitmişəm. “Yeni Nəsil” fəal olanda bu söz-söhbətlər də aktual idi. Fəallıq bir qədər azaldıqdan sonra bu söz-söhbət də səngidi. Sizə bir şeyi danışmaq istəyirəm: mənim ambisiyalı layihələrimdən biri də Bakıda “Frontlayn Klubu”nun yaradılması idi. İl yarımlıq danışıqdan sonra yekun mərhələyə gəlmişdik. Bu klub yaradıcı düşüncəli adamlar üçün nəzərdə tutulurdu. Yəni jurnalistikada ələkdən keçmiş adamların marağına uyğun idi. Bu tip klublar Azərbaycanda böyük dairə toplamasa da, müəyyən insanları ətrafında birləşdirəcəkdi ki, o şəxslər bir yerdə olanda çəkisi xeyli dərəcədə artar və nəinki jurnalistikaya, hətta cəmiyyətə təsir göstərə bilərdilər. Amma bu layihənin Azərbaycanda uğur qazanmayacağını bildirdilər. İngiltərədən gəlmiş ideya idi. Biz onları inandıra bildik və başlanğıc üçün layihəyə 19 min 700 dollarlıq vəsait ayırdılar. Bu cür klubların öz hesabına fəaliyyət göstərməsi Azərbaycanda  qeyri-mümkündür. Ayrılan vəsait hesabına bir neçə tədbir keçirdik. Bundan sonra mediada yazılar getdi ki, üç nəfər, o cümlədən də Arif Əliyev bir milyon dollar pul alıblar və jurnalist təşkilatı adı altında restoran açırlar. Bu yazıları tanınmış jurnalistlərin adından yazırdılar. Sonda bu layihə dayandırıldı. Deməzdim ki, bu yazıların təsir altında oldu. Amma bu yazıların da müəyyən qədər təsiri vardı. “Yeni Nəsil” deyildiyi qədər çox qrant almayıb. Bu təşkilat Azərbaycanda “Press Klub” ənənəsini yaratdı, Mətbuat Şurasına özünütənzimləmə ənənəsi gətirdi. Düzdü, axırda buna gücü çatmadı. Bu isə medianın günahı deyil. Mediamızın müstəqil yaşamağa şansı yoxdur. “Yeni Nəsil” jurnalist peşəsində mükafat ideyasını gətirdi, 5 qanun hazırladı, dərsliklər çap etdirdi, filmlər hazırladı və s. Bütün bunlar prosesdir və əlbəttə ki, bu prosesi maddi vəsaitsiz aparmaq mümkün deyildi. Əgər vəsait yoxdursa, sən onu tapmalısan. Mən də o yolları bilirdim. Bu, ağıllı insanların getdiyi yoldur...

- O yolları bilməyənlər deyirlər ki, siz qrant hesabına yaşayırsız?

- Bəli. Mənə qarşı bütün hücumların haradan gəldiyini bilirəm. Bir dairədə ki, üstü bulaşmamış adam qalacaqsa, elə ən böyük düşmən odur. Sənin üstünü bulayan düşmən sayılmır, üstü bulaşmamış şəxs düşməndir.
(Arif Əliyevin 52 yaşı var. Yaşından gənc görünməsi bir yana, həm də simpatikdir. Arif bəy haqqında çoxları bu düşüncədədir, bildiyim qədər...)

- Siz Əbülfəz Elçibəy mətbuat katibi olmusunuz. Prezidentin mətbuat katibi olmaq yəqin ki, çox məsuliyyətli işdir...

- Əlbəttə.

- Elçibəyə bütün məlumatları özünüz ötürürdünüz?

- Xeyir. İlk dövrlərdə aradakı pərdə lazım olduğundan qat-qat qalın idi...

- Məlumatlar kimlərdən keçirdi birinci şəxsə çatmaq üçün?..

- Dövlət başçısının məlumatları bir kanaldan alması absurd olardı. Müxtəlif kanallardan məlumat alırdı ki, obyektiv nəticə çıxara bilsin. Elçibəyinaktiv məlumat kanallarından biri Xalq Cəbhəsinin rəhbərliyi idi. Onu deyim ki, mən prezidentin mətbuat katibi olmaq istəmirdim...

- Niyə?

- Həmişə hesab etmişəm ki, jurnalist özü-özlüyündə müxalifətdir. Mən bütün dövrlərdə tənqidi mövqedə duran jurnalist olmuşam. Həm də özümü dövlət qulluqçusu kimi təsəvvür edə bilmirdim. Amma Nəcəfə bağlığım və inamım nəticəsində bu işi qəbul etdim. O zaman prezidentin mətbuat katibi Nəcəf Nəcəfov idi. Dekabrdan iyuna qədər orada işlədim. Elçibəy Bakıdan gedəndən sonra düşündüm ki, indi əsas məlumat mənbəyi mənəm. Elə bəlkə də o andan etibarən əsl mətbuat xidmətinin rəhbərinə  çevrilmişdim. O zaman ayda bir dəfə redaktorlarla prezidentin görüşü, həftədə bir dəfə isə prezidentin mətbuat xidmətinin brifinqi keçirilirdi. Elə məlumatlar olub ki, onları Elçibəyə ilk mən demişəm...

- Məsələn, hansı məlumatı? Reaksiyası necə oldu?

- Turqut Özalın ölümü xəbərini birinci mən vermişəm. Onun ölümü gözlənilməz oldu. Sanki duymuş kimi, ölümündən öncə türk respublikalarının hamısını gəzdi. Azərbaycana da gəldi və səfərdən bir həftə sonra xəstələndi, tez də dünyasını dəyişdi. Xəbəri Elçibəyə verəndə kabinetində kreslosunun qarşısında ayaq üstə idi. Dedim, bəs cənab prezident, xəbər aldıq ki, Turqut Özal rəhmətə gedib. Reaksiyası indiyə kimi yadımdadır, iki əlini masaya qoydu, oturdu və dedi ki, Azərbaycanın beli qırıldı. Sonrakı proseslər isə məlumunuzdur. Buna bənzər maraqlı məqamlar çox olub.

- Elçibəyi bir insan kimi necə xarakterizə edərdiniz? Prezident kimi deyil, məhz insan kimi...

- Unikal insan idi. Qarşısındakı insanı dərk edən, anlayan, həmsöhbət kimi maraqlı insan idi. Yadıma gəlmir ki, səbəbsiz kiməsə kobudluq etsin.

- Mülayim insan idi?

- Bəli. Eyni zamanda dərin düşüncəli idi. Bəzən bir fikir deyirdi. Düşünürdüm ki, axı indi bunu niyə dedi. Qısa müddət sonra müəyyən hadisə baş verirdi və yadıma düşürdü ki, Elçibəy demişdi axı. Güclü mənəviyyatı vardı. Müəyyən xüsusiyyətləri vardı ki, prezidentliklə uzlaşmırdı və bu, özünü həmişə göstərib.

(Arif Əliyev Elçibəyin insan kimi xarakterizə etmək üçün çox maraqlı bir hadisə danışdı...)

“1992-ci il dekabr ayında ermənilər Zəngilan rayonunun beş kəndini işğal etmişdi. Azərbaycanda vəziyyət olduqca gərgin idi. Azərbaycan ciddi tədbirlər görürdü, həm diplomatik müstəvidə, həm də ön cəbhəyə silah göndərilirdi, amma xeyri yox idi... “New York Times” qəzetinin iki müxbirinin Elçibəydən müsahibə alması üçün razılaşmışdıq. İndi bu qeyri-adı bir şey deyil. Amma o zamanlar Azərbaycan Prezidentinin  “New York Times”a müsahibə verməsi böyük hadisə idi. Jurnalistlər gələndə girdim otağına və gördüm ki, çox yorğun halda oturub. Dedim ki, cənab prezident, bəlkə müsahibəni təxirə salaq. Dedi ki, yox, gəlsinlər. Jurnalistlər gəldi, müsahibəni aldılar. Onları iki məsələ maraqlandırırdı, neft və Qarabağ. Söhbətin gedişindən hiss etdim ki, jurnalistlərdə prezidentə qarşı simpatiya yarandı. Söhbətin sonunda dedilər ki, bəlkə Amerika xalqına mesajınız var? Dedi ki, Amerika xalqına sözüm yoxdur. Sizə baxıram, dekabr olmasına baxmayaraq, dərinizin rəngindən hiss olunur ki, Havay adalarında istirahətdən gəlibsiniz. Görünür, imkanlarınız böyükdür, bizim jurnalistlərin bu imkanı yoxdur. Ona görə də bunu sizə deyirəm, gedin Moldovada Snequrdan, Ukraynada Kravçukdan, Ermənistanda Ter-Petrosyandan, Rusiyada Yeltsindən, Gürcüstanda Şevardnadzedən və məndən də portret yazılar yazın və adını qoyun,  “Bədbəxt prezidentlər”.  Bəli, o, bədbəxt prezident idi. Çoxumuz deyirik ki, özümüzü qurban verməyə hazırıq. Bu çoxumuz üçün bu, ideya, pafosdur. Amma onun üçün bu, həyat tərzi idi və özünü qurbanlığa hazırlamışdı”...

- Arif bəy, qazaxlısınız, qazaxlılar yaman yerlibaz olurlar...

- Son illərə qədər özümdə bunu hiss etməmişdim, amma artıq hiss edirəm. Xəngələ bağlılıq yaranıb, ata meylim güclənir. Bəlkə də ona görə ki, yerlinlə söhbət etməyə mövzu daha çox olur...

- Eşitdiyimə görə, zəngin kitabxananız var. Haradadır o kitabxana?

- Bağda. Mənim həyatımın böyük hissəsi bağda keçir.
(Dediyinə görə, bu bağı tanımayan yoxdur. Hətta dostları bağını “bizim bağ” deyə təqdim edirlər hər kəsə. Bu bağda çoxlu əncir ağacı var.  Arif bəy şəhərin səs-küyündən uzaqlaşıb sakitlikdə düşünmək üçün bağda yaşadığını deyir. Məişət problemləri deyil, daha dərin düşüncələrdir bunlar...)

- Son oxuduğunuz kitabın adını bilmək olar?

- Bunu sizə deyə bilməyəcəm. Çünki mən paralel olaraq bir neçə kitab oxuyuram.

- Bu xüsusiyyət məndə də var...

- Əslində indi oxuduğum kitabları əvvəllər oxumuşam. Sadəcə, yaddaşım güclü deyil. Demək olar ki, oxuduğum əsərlərin doxsan faizini unutmuşam...
(Söhbətimizin bundan sonrakı hissəsində Arif bəylə kitablardan danışırıq. Oxuduğu və mənə oxumağı məsləhət gördüyü əsərlərdən. P.Laqerkvisti oxumağı məsləhət gördü. Mütaliəsinə əmin olduğum insanların oxumağı məsləhət gördüyü əsərləri mütləq oxuyuram...)

- Son sualım: Arif Əliyevin sosial maskası olubmu?

- Qarşıma xüsusi bir məqsəd qoysaydım, bu maskanı yaradardım. Heç də hər zaman insan qəsdən o maskanı yaratmır, şərait onu yaratmağa məcbur edir. İnanmıram ki, adamların əksəriyyəti bilərəkdən özlərinə sosial maska yaratsınlar.

- Onlar ağıllı insanlardır. Özlərinə müəyyən imic yaradırlar...

- Kim deyir ki, imic ancaq görüntüdən ibarətdir? İmic - insanda olan xüsusiyyətlərin ən yaxşısını qabartmaqdır. İmic - həm də informasiyanın idarə olunmasıdır. Məsələn, tutaq ki, mən paxılam, rəhmdiləm və daha bir xüsusiyyətim var. Mən bilirəm ki, rəhmdilliyimi qabarsam, cəmiyyətdə daha müsbət imic yaradacağam və belə də edirəm. Bu iş bu qədər sadədir.

 





26.12.2012    çap et  çap et