Vaxt.Az

Tutqun Qazaxıstan səmasının parlayan ayı


 

Hər addımda ölmüş atasını xatırladan nəvə - Aysultan Nazarbayev

Tutqun Qazaxıstan səmasının parlayan ayı Cəld və qabadır. Hakimiyyətə susamış birisidir. Daim kiminləsə ədavətdədir və bundan zövq alır. Özünü hər kəsə elə göstərir ki, sanki ölkədə elitanı və oliqarxları görməyə gözü yoxdur. Hərçənd özü Qazaxıstanın ən elitar ailəsinin övladı olub, ən nüfuzlu oliqarx dairədəndir.

Nəyin bahasına olursa-olsun

 

Daim prezidentə sadiqliyindən danışır. Həmişə deyir ki, prezident Nursultan Abışeviç yaxşıdır, amma öz kareyasından və puldan savayı heç nə düşünməyən nalayiq adamlarla əhatələnib. Hər fürsətdə, ancaq özəlliklə, münaqişəli durumlarda prezidentin adını çəkir, onun nüfuzunun arxasına sığınır.

Ümumiyyətlə, kiminləsə şəxsi ədavəti varsa, dərhal bunu həmin şəxsin prezidentlə münaqişəsi kimi qələmə verir. Hansı yolla olursa-olsun, hədəfinə çatmağa çalışır.

Bu yolda özünə düşmən seçdiyi şəxsləri ictimaiyyətə prezidentin düşmənləri kimi təqdim edir. Futbolu çox sevir və ölkəsində bu sahəyə rəhbərlik etmək istəyir.

 

Bu personaj sizə kimisə xatırladırmı?

 

Yuxarıdakı xarakteristikanı Qazaxıstanda kimə nəql etsəniz, dərhal Rahat Əliyevdən danışdığınızı söyləyərlər. O Rahat Əliyevdən ki, 25 ildir ölkəni idarə edən Nursultan Nazarbayevin kürəkəni kimi bir vaxtlar ölkənin ən nüfuzlu biznesmen-diplomatı olub.

2007-ci ildə prezidentlə münaqişəsindən sonra Avstriyaya sığınaraq, 2015-ci ildə orada həbsxanada naməlum şəraitdə ölüb. Əslində isə, söhbət heç də ondan yox, hər addımı, hər xüsusiyyəti ilə atasını xatırladan oğlu Aysultandan gedir.

Bəli, Aysultan Nazarbayev indi Qazaxıstanın tutqun üfüqündə parıldayan yeni ulduzdur. Onun ulduzunun trayektoriyası atasınınkına çox bənzəyir, atasınınkı kimi parlaqlıq və gözlənilməzlik vəd edir.

 

Aysultanın ictimaiyyətə «təqdimatı»

 

Aysultanın ictimaiyyətə «təqdimatı» çox sürətli olub. Rəsmi bioqrafiyasına görə, İngiltərədə hərbi akademiyanı bitirəndən sonra qısa müddətə hansısa xüsusi xidmət orqanında çalışıb.

Yaxşı bir ailənin qızı ilə evlənməsi ölkənin internet məkanına səs saldıqdan sonra bu şöhrətpərəst gənc artıq siyasət meydanına atılmağın vaxtı çatdığına qərar verib və Qazaxıstanın Futbol Federasiyasının prezidenti olmaq istəyini açıqlayıb.

Ancaq məsələ burasındadır ki, federasiya prezidenti seçkili vəzifədir, üstəlik də, dünya üzrə bu vəzifədə olanların orta yaşı 40-dır. Aisultanın isə, hələlik, 25 yaşı var. Lakin o, bunu əngəl saymır və federasiyanın hazırkı prezidenti Kojaqapanova od püskürür. Çox keçmir ki, istədiyinə qismən nail olur – Kojagapanov müəmmalı təhsil məzuniyyəti ilə bağlı vəzifəsindən istefa verir.

 

Böyük tarixin başlanğıcı

 

Balaca Nazarbayevin iddiası, hələ ki, futbolla məhdudlaşır. Amma hamıya aydındır ki, bu, böyük yolun və deyəsən, növbəti böyük tarixin başlanğıcıdır.

Ən əsası, bütün bu proseslərdə bulanıq da olsa, bir deja-vü hissi aydın sezilir. Atası Rahat Əliyev istər biznesini, istərsə də siyasi karyerasını daim darısqal sayıb. Rəqibini özünün nəzarəti altındakı media orqanları vasitəsilə qaralayaraq, güc strukturlarının köməyilə «boğub» sıradan çıxardıqdan dərhal sonra özünə yeni rəqib tapır və bundan sanki zövq alırdı.

Eynən atası kimi, Aysultan da Kojagapanovun istefasından sonra siyasi elitanın başqa üzvlərinə nifrət saçıb, onları «orta əsr təfəkkürlü insanlar» adlandırıb.

Onun məmurlar haqda dediklərinin həqiqət olmadığını söyləməyə adamın dili dönmür. Ancaq burda əsas məsələ nəyin söylənməsi yox, söylənilənlərin arxasında hansı ambisiyaların durmasıdır.

Prezident ailəsi üzvünün hədsiz ambisiyalarının və azğın temperamentinin təkcə onun özünü yox, həm də bütöv ölkəni haralara apara biləcəyini isə qazaxıstanlılar hələ də unutmayıblar. («Azadlıq Radiosu»)

 





11.12.2016    çap et  çap et