İndiyə qədər dünyanın 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş bu aktın soyqırımı olmasını tanıyıb. Azərbaycan ərazisində ermənilər tərəfindən etnik təmizləmə aparılıb, silahsız dinc sakinlər və əsirlərə qarşı dəhşətli vəhşiliklər və qəddarlıqlar törədilib. Bu insanların üzləşdiyi işgəncələrin yeganə səbəbi onların azərbaycanlı olması idi. Mütərəqqi bəşəriyyət Xocalıya münasibətdə ədaləti bərpa etməyə borcludur.
Dünən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımı haqqında deklarasiya dərc edib.
Deklarasiyada qeyd olunur ki, Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qətnamə qəbul edib. Sənəddə göstərilir ki, 1992-ci il fevralın 26-da erməni silahlı dəstələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətində yerləşən Xocalı şəhərinin mülki əhalisinə amansızcasına hücum edib və etnik mənsubiyyət əlamətinə görə əsl soyqırım aktı törədiblər. İnsan haqları sahəsində beynəlxalq təşkilatların bəyan etdiyi kimi, bu hücum nəticəsində yüzlərlə insan qətlə yetirilib.
Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Ermənistan Respublikasının indiki rəhbərliyi tərəfindən ağlasığmaz qəddarlıqla törədilmiş Xocalı soyqırımını qətiyyətlə pisləyir. Xocalıda soyqırımı aktı XX əsrin sonunda törədilmiş ən dəhşətli faciələrdən biridir. Artıq tarixi faktdır ki, erməni silahlı dəstələri və muzdlular Xocalının azərbaycanlı sakinlərindən heç kimə, o cümlədən şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış balaca uşaqlara, qadınlara və qocalara da rəhm etməyiblər. Erməni silahlı dəstələrinin qanlı vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 adam şikəst edilib, 1275 dinc sakin - qocalar, uşaqlar və qadınlar əsir götürülüb, təsvirəgəlməz əzablara, təhqirlərə və alçaldılmağa məruz qalıb.
Deklarasiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerinə qaytarılmasının vacibliyi və zəruriliyi vurğulanan Madrid prinsiplərini real mahiyyəti xatırladılır.
Deklarasiyada qeyd edilir ki, Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İohann Suveren Ordeni OSJ Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslədiyini bildirir, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini bu münaqişəni mümkün qədər tezliklə nizamlamağa, ATƏT-in Minsk qrupunun həmsədrlərini isə bu münaqişənin dinc yolla tənzimlənməsi üçün zəruri dəstək göstərilməsini təmin etməyə çağırır.
Sənəddə vurğulanır ki, Xocalıda qanlı qırğın və soyqırımı aktı törədildiyi gündən 25 il keçməsinə baxmayaraq, bu qanlı cinayətin qurbanları hələ də ədalətə nail olmayıblar. Bu fakt, habelə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ləngidilməsi xalqlar arasında münasibətlərin bərpa edilməsinə mane olur.