Vaxt.Az

Bakının «Tac-Mahal»ı


 

və ya səadətə qovuşduran saray

Bakının «Tac-Mahal»ı 1910-cu il... Möhtəşəmliyi ilə fərqlənən İtaliya şəhərində – qədim tarixini qoruyucu zireh kimi əyninə geyinib özünü mühafizə edən Venesiyanın küçələrində gənc və gözəl qadınla qol-qola gedən eşməbığ kişi hamının diqqətini cəlb edə-edə qürurla addımlayırdı. İtalyanlar qafqazlı müsəlmana və yanındakı gözəl xanıma oğrun-oğrun nəzər salır, onların qəribə dildə nə danışdıqlarını özləri üçün ayırd etməyə çalışırdılar.

Venesiyanın adamla dolu küçələrinin birində həyat yoldaşı ilə qol-qola addımlayan həmin gözəl xanım, osetin əsilli general qızı Liza Tuqanova qəfildən dayanır, qarşısındakı memarlıq incisinə – füsunkar binaya baxaraq, heyrətini gizləyə bilmir: – Belə binada yaşayanlar necə də xoşbəxtdilər!» – deyib ərinə nəzər salır. Amma onun laqeydliyindən, möhtəşəm memarlıq nümunəsinə gözucu nəzər salmasından inciyir. Bəli, hələ o gözəlin xəbəri yox idi ki, yanındakı kişi – bütün Qafqazda tanınan məşhur Bakı milyonçusu, neft maqnatı  Murtuza Muxtarov o dəm nə düşünür. Bilsəydi, yəqin, sevincindən bilməzdi, nə etsin.

Kasıb bir əmircanlının ailəsində – Muxtar kişinin evində dünyaya göz açan, həddi-büluğa çatmamış zəhmətə alışan, ta Tiflisə qədər gedib arabaçılıq edən Murtuza öz fərasəti ilə şəhərin dördüncü milyonçusu ola bilmişdi. Əmircanlılar da bu fərasətinə görə çətin durumlarında ona qahmar çıxmışdı; Martov soyadlı sahibkar qocaldığından, bütün mədən və emalatxanalarını satmaq istəmişdi. O zaman vəsaiti o qədər də çox olmayan Murtuza kənd sakinlərinin  maddi yardımı ilə oranı ala bilmişdi. Böyük pullar da bundan sonra axmağa başlamışdı. Orta təhsilli olmasına baxmayaraq, şəhərin ən yaxşı mühəndislərini mədəninə cəlb edən, onlara yaxşı pul verən Muxtarov yeni qazma üsullarına yiyələnib, quyuların sirrinə bələd olaraq, hətta yeni metodlar da irəli sürmüşdü.

Amma böyük neft pullarının ardınca onu əsl faciə gözləyirdi. Artıq hamının qibtə etdiyi neftxudaya çevrilən Muxtarov səfərdə olarkən iki qızı möhkəm xəstələnir. Onları xilas etmək mümkün olmur və milyonçunun qızları vaxtsız vəfat edirlər. Səfərdən qayıdan Muxtarov bu faciənin təsirindən çıxa bilmir; bu dərd onu ömrünün sonuna qədər izləyir və bütün günahları arvadı Qönçəxanımda görərək, onu evdən qovur.

Bundan sonra nə zamansa evlənəcəyini ağlına belə gətirməzdi. Lakin bir gün Vladiqafqazda olarkən osetin əsilli generalın ortancıl qızı Liza onu məftun edir. Aralarındakı yaş fərqi çox olsa da, osetin qızı ona həyatının ikinci baharını yaşadır... Bəli, indi Venesiyada gördükləri binaya baxaraq, heyrətini gizləyə bilməyən Liza üçün onun daha bir  sürprizi var idi – Səadət sarayı. Elə Bakıya qayıdan günü Muxtarov həmin binanın inşaat planını, çertyojlarını almaq üçün Venesiyaya təcili adam göndərir. Çertyojlar gələndən sonra inşa işlərinə başlanılır. Əvvəlcə, bina üçün indiki «İstiqlaliyyət» küçəsində yer seçilir. Lakin torpağın sahibi böyük pul qarşılığında belə o yeri satmadığından, Səadət sarayı hazırki yerində – Murtuza Muxtarov küçəsində inşa edilir. Qısa müddətdə -1911-12-ci illərdə möhtəşəm tikili tam hazır olur.

Bu müddətdə Murtuza Muxtarov arvadına bina haqqında heç nə deməmişdi. Yalnız tikinti işləri tam  başa çatandan sonra onu şəhərə çıxmaq adıyla faytona mindirir və Lizanı heç vaxt unuda bilməyəcəyi xoşbəxtliyinə – Səadət sarayına qovuşdurur.

Araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bu barədə daha ətraflı danışır:

«1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qarşısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə, sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.

Sarayı arxitektor Ploşko fransız qotik üslubunda layihələndirib. Layihəni o hazırlasa da, bina «Qasımov qardaşları» şirkəti tərəfindən inşa edilib. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra binanın adı dəyişilərək, Əli Bayramov adına Qadın klubu olub. Daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Uzun illər nikah evi kimi istifadə olunub.

Onun iç interyeri də çox gözəldir. Sarayın podratçısı  Hacı İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı əsgər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir. Onun həyat yoldaşı Rübabə xanım isə bu dəhşətli hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir...

Liza xanımın özü  vladiqafqazlı general Tuqanovun ortancıl qızı olub. 1865-ci ildə Rusiyanın Vladiqafqaz şəhərində anadan olub. Onun valideynləri polkovnik Aslanbəy Tuqanov və Pşaxanım Dudarova ən hörmətli zadəgan nəslinə mənsub idilər. M.Muxtarov Vladiqafqaza səfəri zamanı onunla tanış olur və elə  həmin şəhərdə Liza xanım Tuqanova ilə evlənir. Murtuza Muxtarovun elçilik mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib, toy mərasimi isə 7 gün, 7 gecə davam edib.

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi Səadət sarayının qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə birlikdə Liza xanım Muxtarovaya baş çəkərmiş. O zaman bolşeviklərin göydə axtardıqları milyonçu arvadı xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə qaçır. Lakin burada da bəxti gətirmir. Yolyoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Marseldə vəfat edib, amma onun məzarının yeri barədə heç bir məlumat yoxdur».

Liza, əslində, Murtuza Muxtarov intihar edən zaman ölmüşdü. Çünki onun xoşbəxt günləri də o məşhur intihar hadisəsi ilə sona çatmışdı. Taleyin gərdişinə bax ki, Murtuza Muxtarovun dəhşətli sonluğu, yəni Lizanın faciəsinin başlanğıcı da Səadət sarayının qismətinə  düşdü. Muxtarov məhz bu saraya girən bolşeviki ölüdürəndən sonra sonuncu gülləni özünə vurdu. Xalq yazıçısı Qılman İlkinin «Bakı və bakılılar» kitabında bu barədə maraqlı qeydlər var:

«Təbiətcə çox məğrur olan Muxtarovun həyatı faciə ilə bitir. Bakıda aprel inqilabının ilk günləri idi. Bu günlərin birində Muxtarovun Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açaraq, Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən talanı «Talan həftəsi» adlandırırdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bər-bəzəyi zorla çıxarır, qiymətli avadanlığı aparırdılar. Soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə, talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan almanın  dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulan bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdı». 

Muxtarovun özü faciəli şəkildə dünyasını dəyişsə də, onun Azərbaycan xalqına miras qoyduğu Səadət sarayı bu gün də Bakı Nikah Evi kimi fəaliyyət göstərərək, hər il minlərlə azərbaycanlı gənci səadətə qovuşdurur..

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlandı. Burada yenidənqurma işləri 2010-cu ildə yüksək sürətlə aparıldı.

Binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanan layihə əsasında həyata keçirildi. Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olundu. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzləndi, məhəccərlər şəbəkə metaldan hazırlandı.

Fasaddakı qırılan bəzək elementləri və lövhələr yeniləri ilə əvəzləndi, çatlar bərpa edildi, binanın tikintisində istifadə olunan vulkan tipli üzlük daşlarının eynisi tapılaraq dəyişdirildi. Bünövrə yeni dəmir-beton lövhələrlə möhkəmləndirildi və qrunt sularından müdafiəsi təmin edildi. Səadət sarayının 9 bal gücündə zəlzələyə davamlı hala gətirilməsi üçün binanın konstruksiyası, yükdaşıyan divarları, arakəsmələri xüsusi «Histeretik dempfer» sistemi ilə möhkəmləndirildi...

P.S. Bu binanı hardasa, Bakının «Tac Mahal»ı adlandırmaq olar. Və bir də kim bilir, bəlkə də, Liza indi xoşbəxtdir. Böyük şəhərin adamla dolu küçə boyu həmin eşməbığ kişi ilə qol-qola addımlayaraq, gördüyü bir binanın möhtəşəmliyinə heyrətlənir və «belə bir binada ailə quranlar necə də xoşbəxtdir», deyir...

 





12.12.2016    çap et  çap et